525.Az

"Təbrizin sehrli nağılları" kitabının təqdimatı olub


 

"Təbrizin sehrli nağılları" kitabının təqdimatı olub<b style="color:red"></b>

Dekabrın 5-i  "Təbrizin sehrli nağılları" kitabının təqdimat mərasimi keçirilib. Kitab Mədəniyyət və Turizm Nazirliyi, BP Azərbaycan və "Paşa Həyat Sığorta" ASC-nin dəstəyi ilə nəfis tərtibatla "İrs" Nəşriyyat Evində çap edilib. Layihənin rəhbəri "İrs" jurnalının baş redaktoru Musa Mərcanlıdır. Nəşr sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanıb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin dünyada təbliği istiqamətində görülən işlərdən söhbət açıb: " "Təbrizin sehrli nağılları" kitabı tariximizi, mədəniyyətimizi dünyada tanıtdırmaq baxımından atılan növbəti uğurlu addımlardan biridir. Layihənin iki kitabı - "Qədim qalanın yuxuları" və "Qobustan - minilliklər kitabı" adlı nəşrlər artıq işıq üzü görüb. Kitablar YUNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərə və Azərbaycanın qayaüstü incəsənətinə həsr olunub. Bu silsilədən növbəti kitab - "Təbrizin sehrli nağılları" dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir".

BP-nin regional direktoru Qordon Birrel çıxışında Azərbaycanın tarixi irsini təbliğ edən layihələrdə iştirakdan qürur duyduğunu xüsusilə diqqətə çatdırıb.

"Paşa Həyat Sığorta" ASC-nin idarə heyəti sədrinin müavini Niyaz İsmayılov, "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı "Təbrizin sehrli nağılları" kitabını qədim və müasir dövrümüzü birləşdirən nəşr kimi yüksək qiymətləndirərək, bu sahədə işlərin davamlı olacağını bildiriblər. Qeyd edək ki, mərasim muğam ifaçılarının konsert proqramı ilə davam edib.

SAMİRƏ

 





09.12.2014    çap et  çap et