525.Az

Çin və Azərbaycan Avrasiya qitəsinin önəmli ölkələrdir - Lyu Cyançao


 

Çin və Azərbaycan Avrasiya qitəsinin önəmli ölkələrdir - <b style="color:red"> Lyu Cyançao</b>

Çin və Azərbaycan strateji tərəfdaşdırlar, iki ölkə arasında dostluq min illik tarixi köklərə malikdir. Münasibətlərimiz bu gün də inkişaf edərək tarixi proseslərə təsir göstərir.

525.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri  Lyu Cyançao Bakıda keçirilən “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" adlı konfransda çıxışı zamanı deyib.

O xatırladıb ki, ötən il hər iki dövlətin prezidentləri birlikdə Çin və Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını elan etdilər: "Bu hamımız üçün, bizim ikitərəfli münasibətlərimizin inkişafının başlanğıc nöqtəsidir və biz qarşılıqlı etimad əsasında bir-birimizi dəstəkləyirik, seçdiyimiz inkişaf yolunu dəstəkləyirik. Hazırda Çin öz dövlət quruculuğu istiqamətində fəaliyyətlərini genişləndirməkdədir. Eyni zamanda, biz bilirik ki, Azərbaycan tərəfi də sosial-iqtisadi inkişaf sahəsində 2030-cü illəri əhatə edən Milli İnkişaf Proqramını dəstəkləyir. Bu inkişaf yolu milli maraqlarımıza əsaslanır və kənar müdaxilələrə qarşı yönəlib. Biz müasirləşməyə yol açaraq, qarşılıqlı tərəqqini təmin etməyə çalışırıq. Azərbaycan və Çin arasında iqtisadi strukturlar bir-birini tamamlayır və qarşılıqlı nailiyyətlərə töhfə verir".

O deyib ki, çinli tərəfdaşlar Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir və bu istiqamətdə bir sıra mühüm əməkdaşlıq layihələri mövcuddur. Bu layihələrə Qaradağda Günəş elektrik stansiyasının inşası və “BYD” elektrik avtomobillərinin Azərbaycanda geniş tətbiqi daxildir. Bundan əlavə, Çin və Azərbaycan arasında elm sahəsində də əməkdaşlıq inkişaf etməkdədir: "Hər iki ölkə bir-birini daha yaxından tanıyır və əlaqələr möhkəmlənir. 

Hesab edirəm ki, iki ölkə arasında yaşıl enerji sahəsində yeni mərhələlərin inkişafı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq daha da genişlənəcək”.

Müasir dünyanın xaosla dolu olduğunu vurğulayan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi bildirib ki, dünyada böyük dəyişikliklər baş verir. Bu ilin əvvəlindən etibarən beynəlxalq vəziyyət ciddi sarsıntılarla üzləşib. Dövlətlər qeyri-sabit və qeyri-müəyyən amillərlə qarşılaşır. Avrasiya qitəsində yeni çağırışlar meydana çıxır. Çin və Azərbaycan bu qitədə önəmli ölkələrdir və aralarındakı qarşılıqlı əməkdaşlıq, hörmətin möhkəmlənməsi bu qeyri-sabit dövrdə inam yaradır. Xüsusilə, Asiya və Avropanı əhatə edən telekommunikasiya sahəsindəki inkişafı qeyd etmək lazımdır. Bu baxımdan Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət daşıyır. Həmçinin Abşeron yarımadasından enerjinin Çinə daşınması və Rəqəmsal İpək Yolunun inkişaf etdirilməsi əməkdaşlığımıza yeni təkan verir.

Onun sözlərinə görə, bütün bunlar ölkələrimiz üçün yeni imkanlar və perspektivlər açır: "Çin və Azərbaycan birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının ruhunu gücləndirir, dövlətlər arasında qarşılıqlı hörmət və çoxşaxəli əməkdaşlıq prinsiplərini dəstəkləyir. Bu məqsədlə biz birgə sülhün və təhlükəsizliyin təşviqinə töhfə verməliyik”.

Lyu Cyançao Çin və Azərbaycanın Qlobal Cənubun önəmli üzvləri olduqlarını və iki ölkənin Qlobal Cənub dövlətlərinin inkişafı üçün səylərini birləşdirdiklərini söyləyib.

Sual-cavab mərhələsində Lyu Cyançao bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev aprel ayında Çinə səfər edəcək və səfər zamanı konkret layihələrlə bağlı qərarlar qəbul ediləcək.

Eyni zamanda, investisiya baxımından Azərbaycanın hansı bölgələrinin Çin üçün maraqlı olması və Naxçıvan MR-ya investisiya imkanları barədə sualı da cavablandırıb.

Çin nümayəndəsi deyib ki, iqtisadi əməkdaşlığa böyük diqqət yetirməliyik: "İnvestisiya üçün müxtəlif sahələr üzrə  konkret araşdırma aparmaq lazımdır. Sahibkarlar arasında münasibətlərin gücləndirməliyik. İki dövlət başçılarının münasibətləri, qətiyyəti bu sahədə uğur qazanacağımıza inanmağa imkan verir. Naxçıvana gəldikdə, ilk dəfədir Azərbaycandayam, imkan olsa, həmin bölgəyə də getmək istəyərdim. Çində sahibkarlar vəziyyəti öyrəndikdən sonra ordakı imkanları da dəyərləndirmək mümkündür".

Pərvanə Sultanova

 





02.04.2025    çap et  çap et