Bakı Ali Neft Məktəbində Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçiriblər.
Ali məktəbdən Lent.az-a verilən məlumata görə, bir həftə ərzində keçirilən audit yoxlanışından sonra yekun nəticələrinin açıqlanmasına dair iclas olub. İclasda BANM-in rektoru Elmar Qasımov, Türk Standartları İnstitunun Keyfiyyət və Sistemin sertifikalaşdırılması departamentinin nümayəndəsi Mehmet Ali Dönməz, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və BANM-in professor-müəllim heyəti iştirak etdilər.
İclası açan BANM-in rektoru E. Qasımov BANM-in strukturları ilə əməkdaşlığa və keyfiyyətin təminatı işinin səmərəsinin artırılmasına verdikləri töhfəyə görə TSİ-nin təmsilçilərinə təşəkkürünü bildirib. Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçisi Selim Çelebi Bakı Ali Neft Məktəbində bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.
Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olur.