525.Az

Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı


 

Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Azərbaycanla, ölkəmizin tarixi ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə ilk növbədə bu diqqətəlayiq sətirlər nəzərə çarpır:

"Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Tarixən Azərbaycan şimalda Dağıstan, qərbdə Gürcüstan, cənub-qərbdə Ermənistan, şərqdə Xəzər dənizi,cənubda isə İran ilə həmsərhəd olub. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb. Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilən əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan verib".

Tariximizin öyrənilməsində arxeoloqların, alimlərin fəaliyyəti qədər, müxtəlif dövrləri əks etdirən eksponatların da rolu var. Ölkəmizdə tariximizlə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliği ilə məşğul olan Milli Azərbaycan Tarix Muzeyinin fəaliyyəti bu baxımdan xüsusilə təqdirəlayiqdir.

Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina vaxtilə məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi olub. H.Z.Tağıyevin sarayı 1895-1901-ci illərdə inşa edilib. Nəhəng günbəzlərlə tamamlanan bu üçmərtəbəli sarayın bir tərəfi Baryatinski (indi Əbdülkərim Əlizadə), digərləri Polis (indi Yusif Məmmədəliyev), Merkuri (indi Zərifə Əliyeva), fasadı isə Qorçakov (indi Hacı Zeynalabdin Tağıyev) küçələrinə baxırdı. Otaqların ikisıralı tikilişi sarayın daxili həllinin əsasını təşkil edir. İki qapalı həyət ətrafında mərasim və yaşayış otaqları qruplara ayrılıb. Binanın iki aralı mərmər pilləkənləri olan ön hissəsi Qərbə baxır.

Şərq zalının iç görünüşü əzəmətli naxış və bəzəmələrlə fərqlənir, şaquli və üfüqi detallar divarların səthini bitki ornament motivləri ilə doldurulan ekranlara bölür. Dirəklərdən biri üçtağlı Mavritaniya orderinin zərif sütunları formasında tərtib olunub. İ.Qoslavskinin eskizi əsasında həndəsi şəkillərdən ibarət və yığma elementlərdən düzəldilən taxta tavan çox əzəmətli görünür. Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunub. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunub. H.Z.Tağıyevin kabineti, yemək, qonaq və başqa otaqlar palıd ağacı ilə bəzədilib. Binanın dürüst mərtəbələr üzrə bölünməsi, divarların dərin çıxıntılı hörgüsü və memarlıq plastikasının zənginliyi memarların yüksək ustalığından xəbər verir.

"Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı" kitabında (1903) məlumat verilib ki, Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışıb. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilib. Evdə istilədici və soyuducu sistemlər quraşdırılıb. İmarət hər dörd tərəfdən üç mərtəbədən ibarətdi. Otaqların hər birisinin ucalığı 1320 metrə çatır. Tavanın naxışlarına ustalar tərəfindən 40 min rubladək qızıl işlənilib. Sarayın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilib.Yeri Rusiyadan gətirilən təbii rəngli ağcaqayın taxtalardan döşənib. Mebel Amerikadan, şəkillər və zərbəft pərdələr isə Almaniyadan gətirilib. Kitabda deyilir ki, təkcə binanın tikintisinə (xaricdən gətirilən mebel və avadanlıq nəzərə alınmasa) 1,2 milyon rubl vəsait xərclənilib.

Aşağı mərtəbədə H.Z.Tağıyevin kontoru və bir sıra başqa otaqlar, ikinci mərtəbədə isə yaşayış otaqları, kabinet və iki zal - Avropa və Şərq zalları, eləcə də iki seyf otağı, təmizlik otaqları, mətbəx, hamam və s. yerləşir. Y. Məmmədəliyev küçəsinə ayrıca çıxışı olan üçüncü mərtəbə 16 otaqdan ibarətdir.

Binanın tikintisi üçün işlədilən inşaat materialı, eləcə də avadanlıq, mebel, çil-çıraqlar və interyer üçün lazım olan hər şey Rusiyadan və Qərbi Avropadan gətirilib. Yüksək ixtisaslı ustalar və rəssamlar dəvət olunub. İkinci mərtəbənin anfiladasında nəbati naxışlı pilyastrlarla bəzədilən Avropa zalı yerləşir. Şərq zalı isə özünün əzəməti, ornamentlərin təmtəraq və zərifliyi ilə fərqlənir. Mərkəzində kiçik fəvvarə olan qış bağı Şərq zalına birləşdirilib. Hacının həyat yoldaşı Sona xanımın öz orijinallığı ilə seçilən buduarının- kiçik qonaq otağının tavanı fiqurlu güzgülü lövhəciklərdən yığılıb. 1914-cü ildən sarayda H.Z.Tağıyevin başçılıq etdiyi Bakı Tacir Tankı da yerləşib.

1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti ələ alan bolşeviklər Tağıyevin evini müsadirə edib. Onun bir hissəsində Dövlət Tarix Muzeyi fəaliyyətə başlayıb. 1941-1954-cü illərdə Tarix Muzeyi Şirvanşahlar sarayına köçürülüb. Binada Azərbaycan SSR Xalq Komissarları Soveti yerləşdirilib. 1954-cü ildə binanın ikinci mərtəbəsi yenidən Tarix Muzeyinə qaytarılıb. Birinci mərtəbədə isə Texniki və tibbi sənədlər arxivi yerləşdirilib. Yalnız 2000-ci ildə Tağıyev mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verilib. Tağıyev sarayı bir neçə dəfə rekonstruksiya edilib. XX əsrin ortalarında aparılan təmir zamanı güzgülü otaqdakı şəkillər "burjua qalığı" kimi məhv edilib və üzərindən yeni suvaq çəkilib. 2000-ci ildə cari təmir zamanı suvağın altında həmin divar rəsmləri aşkar edilib. Üstündən dörd dəfə rəng vurulmasına baxmayaraq, rəsmlər əvvəlki təravətini itirməyiblər.

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Muzey 1920-ci il iyunun 15-də "Doğma diyarın tədris muzeyi" adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində təzəcə təşkil olunan "Muzekskurs" yarımşöbəsinin nəzdində yaradılıb. Əsas bazasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də açılan "İstiqlal" muzeyinin materialları təşkil edir. 1920-ci ilin iyulundan həmin muzeyin şərəfinə "Doğma diyarın tədris muzeyi - İstiqlal", 1920-ci ilin oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi adlandırılıb.

Yarandığı ilk illərdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərib. Sonrakı illərdə dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edilib.

(Ardı var)

Vəfa MƏMMƏDLİ

 





10.12.2014    çap et  çap et