525.Az

Dövlət İmtahan Komissiyalarından narazılıq var


 

Dövlət İmtahan Komissiyalarından narazılıq var<b style="color:red"></b> Bir çox hallarda ali təhsilin keyfiyyətindən uzun müddət Dövlət İmtahan Komissiyasının rəhbərləri olan şəxslər gileylənir. Sizcə, illər uzunu bu komissiyalara rəhbərlik edən, universitet məzunlarının diplom müdafiəsində yüksək qiymətlər yazan şəxslərin sonradan həmin məzunların savadının aşağı keyfiyyətdə olmasından danışması təzad doğurmurmu?

Məsələ ilə  bağlı Lent.az təhsil ekspertlərinin mövqeyini öyrənib.
 
Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov:
 
- Bu kimi təzadların ortaya çıxması Dövlət İmtahan Komissiyasının tələbələrin biliyinin düzgün qiymətləndirilməməsinin nəticəsidir. Əgər tələbə dərs proqramını, fənni bilmirsə, pedaqoji qaydalara görə,  həmin tələbəyə “iki” qiyməti yazılmalıdır. Bəzən fənni 50 faizdən də aşağı mənimsəyən tələbələrə də qiymət yazılır. Sonra da tələbləri savadsızlıqda ittiham edirlər. Bu cür problemlərin yaşanmaması üçün ali məktəblərdəki dövlət imtahanlarını ictimailəşdirmək, ictimaiyyət nümayəndələrini, jurnalistləri də bu prosesə cəlb etmək lazımdır. Müəllimlər imtahanları düzgün şəkildə həyata keçirməlidirlər. İmtahanda hər hansı bir tələbəyə qiymətin yazılması subyektiv şəkildə həyata keçirilməməlidir. Tələbə qiymətləndirilərkən hər hansı kənar müdaxilələr (tapşırmaq, rüşvət almaq və. s) olmamalıdır. Əgər belə hallara rast gəlinərsə, həmin müəllimlər cəzalandırılmalıdır.

Dövlət İmtahan Komissiyasının rəhbərləri və üzvləri bilməlidirlər ki, imtahan dövlət əhəmiyyətli məsələdir. Bu Komissiyalara rəhbərlik edənlər hər iki ildən bir dəyişilməlidir.
 
“XXI Əsr” Təhsil Mərkəzinin sədri Etibar Əliyev:
 
- Məzunların savadının aşağı keyfiyyətdə olmasından gileylənənlər o şəxslərdir ki, onlar sonradan vəzifə baxımından bir pillə irəli gediblər. Əksər diplom işlərinə nəzər saldıqda məlum olur ki, Dövlət İmtahan Komissiyasının bütün üzvləri yetkilliklə həmin diplom işinə müsbət rəy verir. Yəni əks mövqeyin şahidi olmuruq. Bu da müsbət hal deyil. Bakalavr və magistrların diplom işləri obyektiv şəkildə araşdırılarsa, xeyli sayda nöqsanlar aşkarlanmış olar. Belə ki, bəzən Rusiya saytlarında mətnləri götürüb, tərcümə edib və cüzi kosmetik dəyişiklər etməklə diplom müdafiə edirlər. Bu cür neqativ halların baş alıb getməsinə səbəb məsuliyyətsizlik və bu işlərə yetərincə diqqətin ayrılmamasıdır. Diplom işlərinin müdafiəsi ilə bağlı QHT və müstəqil ekspertlər tərəfindən dürüst  monitorinqlər keçirilərsə,  o zaman bu cür neqativ faktları aşkarlamaq mümkündür. Monitorinqlər bu sahədə baş verən neqativ halların azaldılmasına xidmət etməlidir. 
 





10.12.2014    çap et  çap et