525.Az

Gənclər “Narkostop” dedi


 

Gənclər “Narkostop” dedi<b style="color:red"></b> Dünən Gənclərin III  Ümumrespublika Teatr  Festivalının iştirakçıları “NARKOSTOP”  demək üçün Bakının alış-veriş mərkəzlərindən birində  yığışıb.

Lent.az-ın məlumatına görə, teatrlaşdırılmış tədbirin aparıcısı, festivalın icraçı direktoru Sənan Əlləz bəşəriyyət  üçün böyük faciəyə çevrilən, canlar alan narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərimizin daha fəal olması və onların bu sahədə maarifləndirilməsinin olduqca labüd olduğundan danışıb.
 
Milli Məclisin deputatı Jalə Əliyevanın təşəbbüsü və rəhbərli ilə 3-cüsü keçirilən  festival 2 aydır start götürüb. Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə reallaşan  festivala bu il 120-ə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Bakıdan 9 peşəkar və həvəskar teatr, habelə Şamaxı, Ucar, İmişli, Gəncə və digər bölgələrin truppaları “ağ ölüm” adlandırılan bəlanı cəmiyyətdən, xüsusilə də gənclərimizdən uzaq tutmağın yollarını göstərən tamaşalarla çıxış edəcəklər. Hazırlanan tamaşaların mövzusu da sırf narkomaniya düşkünlüyünə, qanunsuz preparatların satışına etiraz ruhunda köklənib.
 
Final gecəsi 2015- ci il fevralın 2-də Gənclər Günündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək Gənclərin  III  Ümumrespublika Teatr Festivalı narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş gənclərin sağlam həyata qaytarılması məsələlərinin tamaşaçılara audiovizual təqdimatda çatdırılmasına nail olmaq istəyir. Çünki bu informasiyanın ötürülməsini təsirli etməklə bərabər, onu bədiiləşdirir. Bədiiləşmə isə özü-özlüyündə məlumatın daha yaddaqalan, deməli təbliğatın da güclü olmasına xidmət edir. Təsadüfi deyil ki, festivalın sloqanı olaraq, məhz “NARKOSTOP” seçilib.

Əməkdar artist Elza Seyidcahan, sevilən sənətçi Samirə Allahverdi, gənc ifaçı Elgün Hüseynov da gənclərə bu təşəbbüslərində dəstək olublar. E. Seyidcahan bir xalqı məhv etmək üçün onun gənclərini əzmək kifayət olduğunu deyib: “Narkomaniya bütün bəşəriyyətin bəlasıdır. Biz gənclərimizi hər vasitə ilə  bu bəladan qorumalıyıq. Allah  gənclərimizi qorusun”.
 
S. Allahverdi isə bu tədbirdə iştirak etməyi təklif edəndə düşünmədən razılaşdığını bildirib: “Peşəmizdən asılı olmayaraq, hamımız bu bəlaya etirazımızı bildirməliyik, özü də ucadan, çox məlumatlı olmalıyıq! Axı o bəzən bizim qapılarımızı döymədən gəlir və məhv edir”
 
Festivalın iştirakçısı Təhminə Hümbətova bu gün bura rejissor Fidan  Məmmədovanın “Həyat” adlı səhnəciklə gəldiklərini deyib: “Finalda isə  narkomaniyadan bəhs edən “Qaranlıqdan gələn xəbər” tamaşasını nümayiş etdirəcəyik. Azərbaycan gənci olaraq, hər birimiz NARKOSTOP deməliyik!”
 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Elnur Kərimov və İlham Əsədov da Teatrın artıq 3-cü ildir ki, festivala ev sahibliyi etdiyini və gənclərin bu təşəbbüsündə onların yanında olmaqdan  məmnun qaldıqlarını ifadə ediblər. O, teatrın direktoru,  festivalın dəstəkçisi ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidovun salamlarını festival iştirakçılarına çatdırıb.  
 
Cavad Nuriyevin “Ana, yaşamaq istəyirəm” – tamaşası ilə davam edən tədbirin sonunda gənclərin yaradıcı təşəbbüslərini dəstəklədiyinə görə Təşkilat Komitəsinin sədri Jalə Əliyevaya xüsusi minnətdarlıq bildirilib.
 





11.12.2014    çap et  çap et