525.Az

Azay Quliyev:"Seçkilərin tam şəffaf keçirilməsinə zəmanət verə biləcək bir MSK-ya ehtiyacımız var" (Müsahibə)


 

Azay Quliyev:"Seçkilərin tam şəffaf keçirilməsinə zəmanət verə biləcək bir MSK-ya ehtiyacımız var"<b style="color:red"> (Müsahibə)</b>

Millət vəkili, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü  Azay Quliyevin “525”-ə müsahibəsi

- Azay müəllim, məlum olduğu kimi,  qarşıdan 2013-cü il növbəti prezident seçkiləri gəlir və bununla bağlı dəfələrlə ATƏT rəhbərliyi tərəfindən Azərbaycan hakimiyyətinə seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı çağırışlar edilib. Xüsusilə də, bu ilin yaz və yay aylarından etibarən bu çağırışlar daha da intensivləşib. ATƏT PA-da təmsil olunan bir şəxs kimi bu barədə nə deyərdiniz, sizcə, seçkilərə kimi həmin çağırışlar nəzərə alına bilərmi?


-Əvvəla, mən sizə sonuncu məlumatın nədən ibarət olduğunu deyə bilmərəm. Çünki mən bu prosesdə bilavasitə iştirak etmirəm. Bildiyim qədər Avropa Şurasının Venesiya Komissiyası ilə bu istiqamətdə bir sıra məsləhətləşmələr aparılır. Amma bütövlükdə götürəndə, bəli, onların həmişə müəyyən formada fikirləri olub ki, seçki qanunumuz təkmilləşdirilsin, standartlara uyğunlaşdırılsın. Prinsip etibarilə heç vaxt Azərbaycanda seçki qanunvericiliyinin  təkmilləşdirilməsinə qarşı çıxılmayıb. Və biz doğrudan da ilbəil qanunlara yeni əlavələr edib, onları dəyişdiririk. Bu, ümumi işin xeyrinədir. Amma konkret olaraq nəyin təkmilləşdirilməsindən söhbət gedəndə hesab edirəm burada mövqe çox aydın şəkildə ifadə olunmalıdır.

Məsələn, bəzi fikirlər var ki, Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinə yenidən baxılsın, bu qurum 50-nin 50-yə nisbətində , paritet əsaslarla formalaşdırılsın. Biz bunu dəfələrlə müzakirə etmişik. Burada paritetin birincisi, meyarları tam dəqiq deyil. Paritet kimin arasında olmalıdır? Bu gün Azərbaycanda 100-dən çox partiya fəaliyyət göstərir, onun 50-dən çoxu səhv etmirəmsə, qeydiyyatdadır və əksəriyyəti də özünü partiya kimi formalaşdıra bilməyib. Belə olan halda, hansı paritetlikdən söhbət gedə bilər? İkincisı, Azərbaycan təcrübəsində belə bir hal yaşanıb- 2000-ci ildə. Bilirsiniz ki, o zaman sırf 50 faiz müxalifət təmsilçiləri, 50 faiz iqtidar təmsilçilərindən ibarət bir MSK formalaşdı.

Ancaq o iki ay belə fəaliyyət göstərə bilmədi. Dərhal həmin MSK-nın fəaliyyətinə blok qoyuldu müxalifət tərəfdən, bir növ MSK-nın fəaliyyəti tam şəkildə iflic oldu. Ona görə  bu gün Azərbaycanda kiminsə, hansısa qrupun iddialarını, ambisiyalarını yerinə yetirmək yox, işlək bir mexanizm,  seçkilərin tam şəffaf keçirilməsinə zəmanət verə biləcək bir MSK-ya ehtiyacımız var. Onu da deyim ki, biz tez-tez Şərqi Avropada, yaxın qonşularda keçirilən seçkiləri izləyirik, müşahidə edirik və tam məsuliyyəti ilə deyə bilərəm ki, Azərbaycanda seçki texnologiyası, seçki işinin təşkili, bütövlükdə qanunvericiliyin hazırki vəziyyəti bir çox ölkələrdən nəinki geri qalır, hətta irəlidədir.

 Yenə təkrar edirəm ki, təkmilləşməyə həmişə ehtiyac var. Əgər qüsurlar varsa, hansısa bir təcrübədə özünü doğrultmayıbsa, onu aradan qaldırmağa həmişə ehtiyac var, bu da lazımdır . Azərbaycan parlamenti də bu istiqamətdə hər zaman öz sözünü deyib, addımlar atıb və indi də əgər  konkret təkliflər olacağı təqdirdə , müvafiq  komitədə, yəni, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bilavasitə  bu məsələlərə baxıla bilər.


- Belə fikirlər də var, məsələn, parlamentdə təmsil olunan partiyalar da, deputatlar da təklif ediblər ki,  seçkilər bəzi ölkələrdə olduğu kimi, Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunsun. Və yaxud da QHT-lərdənmi, birtərəflərdənmi, tam peşəkarlardanmı ibarət seçki komissiyaları yaradılsın. Yəni, iqtidar-müxalifətdən yox, tamam kənar qüvvələrdən...

- Bilirsiniz, belə bir təcrübə var və şübhəsiz ki, bu təcrübə elə-belə yaranmayıb. Buna illər sərf olunub. Məsələn, düşünün ki, birdən-birə Azərbaycanda MSK-nın bütün fəaliyyəti verilir Daxili İşlər Nazirliyinə. Birincisi, mən düşünmürəm ki, Avropa buna dərhal dəstək verəcək və əksinə, deyəcək ki, baxın, artıq daxili işlər orqanı, polislər bu seçkiləri keçirir, bu, seçkilərin şəffaflığına mənfi  təsir göstərə bilər , göstərəcək və sair və ilaxır. İkincisi, bu gün polislərin, daxili işlər orqanlarının onu keçirməyə təcrübəsi yetərmi? Məncə, yetməz və təsəvvür edin ki,  20 ildir Azərbaycan müstəqildir.
 

 20 ildə bu istiqamətdə MSK-da, dairə seçki komissiyalarında, məntəqə seçki komissiyalarında insanlar hazırlanıb, yetişdirilib, texnologiya cəlb olunub və bugünkü vəziyyətə  gəlmək üçün biz  20 il əmək sərf etmişik. Və birdən-birə heç bir təcrübəsi olmayan, lap mənim özümün təmsil olunduğum QHT sektorununun bu məsələyə cəlb olunması belə, effektli nəticə verməz. Mən də vaxtilə qeyri-hökumət təşkilatlarının bəlli bir tərkibdə burada iştirakının tərəfdarıydım. Amma yenə də o fikirdəyəm ki, o təşkilatlar bura cəlb olunmalıdır ki, o insanlar bura cəlb olunmalıdır ki, onların təcrübələri var. Yoxsa hər hansı bir, belə deyək də, siyasi ambisiyaya görə, hər hansı bir beynəlxalq təşkilatın hər hansı bir tələbinə görə biz seçki sistemini zədələyə bilmərik, seçki prosesini iflic vəziyyətə sala bilmərik.

 Çünki sonuncda Azərbaycan dövləti seçkilərin keçirilməsinə məsuldur və bu məsuliyyəti dərk edərək hesab edirəm ki, biz yalnız və yalnız mövcud təcrübəni irəliyə aparmalıyıq, mövcud təcrübə ətrafında seçki mübarizəsini genişləndirməliyik və təkmilləşdiriləsi məsələləri təkmilləşdirməliyik. Amma yenidən 180 dərəcə altında hadisəni çevirmək və prosesə yeni bir, necə deyərlər, istiqamət vermək, məncə, bizim maraqlarımıza uyğun deyil. Bu, praktikada özünü qətiyyən, doğrultmayacaq.

- Seçkilərə çox az qalıb –cəmi 11 ay qalıb. Müxalif düşərgədən belə fikirlər səslənir ki, hakimiyyət çaşqınlıq, təlatüm içindədir, burada ciddi namizəd problemi yaşanır və sair. Və eyni zamanda görünən odur ki, özünü aparıcı sayan müxalifət indidən seçkilərin nəticələrini tanımamaq, seçiləcək şəxsi qeyri-legitim saymaq niyyətindədir...

- Mənə belə gəlir ki, ilk növbədə bu cür əsassız ittihamlardan və niyyətlərdən  vaz keçmək lazımdır. Ümumiyyətlə, müxalifətin  son 10-15 ildə sərgilədiyi  taktika, özünüz bilirsiniz ki, özünü doğrultmadı. Yenə də əvvəlcədən seçkilərin nəticələrinə kölgə salmaq, əvvəlcədən bunun baş tutmamasını söyləmək, bütün diqqəti məhz texniki məsələlərə, MSK-ya və digər məsələyə yönəltmək, hesab edirəm ki, ən azı, siyasi partiya  və iqtidara gəlmək ehtirasında olan birliyin maraqları baxımından səhv yanaşmadır. Doğru yanaşma deyil. Mənə elə gəlir ki, bu gün seçkilərdə iştirak etmək haqqında düşünən qrupların bir nöqtəsi olmalıdır. Vətəndaşlarla, seçicilərlə birbaşa işləmək. Necə edək ki, vətəndaşların, seçicilərin  səsini, rəğbətini  qazanaq...

 Yoxsa, heç bir vətəndaşla iş görmədən, heç bir seçici ilə iş aparmadan, birdən-birə seçki günü, seçki ərzində 2-3 ay verilmiş tribunadan istifadə edirsən, hətta sui-istifadə edirsən və başlayırsan Azərbaycan dövlətinə, Azərbaycan hökumətinə qarşı qara yaxmalara, eyni zamanda, başlayırsan ki, Azərbaycanda seçkilər qeydi-demokratik olacaq, seçkilərin legitimliyini bəribaşdan tanımıram və sair. Yəni, deməyim odur ki, bizdə ən böyük qüsur odur ki,  inkar qanunu üzərində işləyirik, inkarı inkar üzərində işləyirik və hər halda aktiv siyasətdə olan bir şəxs kimi, indiyə qədər görmədim ki, bir dəfə Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin görüdüyü bu qədər müsbət işlərin biri müxalifət tərəfindən az da olsa təqdir olunsun.

Qarşı tərəfi o qədər inkar edirsən ki, onun varlığını, legitimliyini belə, tanımırsan, “ mən prezidenti  tanımıram, legitim deyil”, deyirsən, amma prezidentin imzaladığı qanunlarla yaşayırsan, onun verdiyi, təsdiq etdiyi qanunlarla əmək haqqı qalırsan? Bəs nə oldu, axı, sən onun legitimliyini tanımırdın? Hesab edirəm ki, bu cür yanaşmalar olmamalıdır. Bunlar qaldıqca, son açıqlamamda da dediyim ki,  Azərbaycanda siyasi mədəniyyət bu səviyyədə olacaq, siyasi institutların formalaşmasında ciddi problemlər olacaq, Azərbaycanda qütbləşmə daha da sürətlənəcək və bütövlükdə bu məsələdə biz vahid ortaq bir məxrəcə gəlib çatmayacağıq. Mən bunu deməklə, heç də iqtidarın məsuliyyətini kənara atmıram. Mən demirəm, burada iqtidarın məsuliyyəti yoxdur. Bəli, iqtidarın da burada məsuliyyəti var. Hesab edirəm, bu gün bu istiqamətdə başlanmış dialoqlar daha da qabarıq aparılmalıdır, real işə keçilməlidir. Qarşı tərəf dinlənilməlidir. Amma onun da bir mədəniyyət forması olmalıdır. Bir-birimizə hörmət edərək, bir-birimizi təhqir etmədən, aşağılamadan, şər-böhtan atmadan biz bunları etməliyik. Sən müxtəlif fikirdə ola bilərsən, mən ona hörmət etmək zorundayam. Amma bu o demək deyil ki, sən, müxtəlif fikirdə olduğuma görə məni təhqir etməlisən və məni aşağılamalısan.

 Ona görə yenə hesab edirəm, bu məsələdə birinci mühitin, ab-havanın yaxşılaşmasına ehtiyac var. Ümumiyyətlə, bu gün  sözün dəyəri heçə enib. Heç bir sözün dəyəri qalmayıb. Kim nə istəyir, edir,   qarşısındakını söyür, kim nə istəyir, hansı adamı istəyir,  böhtan ata bilir,  mədəniyyətsiz, əxlaqsız, tərbiyəsiz ifadələrindən istifadə edərək danışır. Bunların bu gün durub qarşısını alacaq, “dur” deyəcək bir qüvvə isə  Azərbaycanda sanki  yoxdur. Bu gün nə ağsaqqal sözünə məhəl qoyan var, nə qarasaqqal sözünü dinləyən var. Bu gün  daxili senzura qoyan, vicdan deyən amil yoxa çıxıb. Belə olan halda bu qədər ki, deformasiyaya uğrayıb bizim bu dünyagörüşlərimiz, bu qədər şiddətli dərəcədə mənəvi aşınmaya məruz qalıb, hesab edirəm ki, bunlar heç də yaxşı vəziyyət deyil. Biz düşünməliyik ki, bizdən sonra gələnlər – gənclər, uşaqlar bunu necə qavrayacaqlar? Biz çalışmalıyıq ki, həmişə bütün hallarda bir barışıq yerini qoruyub saxlayaq. Bütün hallarda bir pəncərəni qoyaq, barışıq üçün bir imkan yaradaq, barışıq üçün bir əl qoyaq. Amma təəssüflər olsun ki, bütün hallarda bütün hər şeyi , bütün körpüləri yandırırıq. Ona görə  bu məsələdə  sizin üzərinizə çox böyük iş düşür – media orqanları olaraq. Bu gün  elə məsələlər var ki, orada mövqe nümayiş etdirmək zorundasınız, amma təəssüflər olsun ki, biz bu mövqenin şahidi olmuruq. İqtidar təmsilçiləri  bunu iqtidara görə etmir, müxalifət təmsilçiləri müxalifətə görə etmir. Ona görə də burada orta sinifin, neytral və aparıcı arbitr rolunu oynaya biləcək bir təbəqənin yaranmasına  böyük bir ehtiyac var.  

Kamil Həmzəoğlu

 





21.11.2012    çap et  çap et