525.Az

"Bu bələdiyyə seçkiləri daha gərgin keçəcək"


 

MİLLƏT VƏKİLİ TAHİR RZAYEV: "SEVİNDİRİCİ HALDIR Kİ, ƏVVƏLKİ SEÇKİLƏRLƏ MÜQAYİSƏDƏ BU DƏFƏ NAMİZƏDLƏR ARASINDA GƏNCLƏR VƏ QADINLAR ÇOXLUQ TƏŞKİL EDİR"

"Bu bələdiyyə seçkiləri daha gərgin keçəcək"<b style="color:red"></b>

-Tahir müəllim, qarşıdan gələn 4-cü çağırış bələdiyyə seçkiləri ilə bağlı cəmiyyətdə, siyasi dairələrdə, mətbuatda birmənalı olmayan fikirlər mövcuddur. Bəziləri seçkilərin gözlənildiyindən də aşağı səviyyədə keçəcəyini, daha doğrusu, yüksək fəallıq şəraitində keçməyəcəyini iddia edilər. Siz bu iddialarla razısınızmı?

- Birmənalı olaraq bildirmək istəyirəm ki, dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinin yüksək fəallıq şəraitində keçməyəcəyi və yerli özünüidarəetmə orqanlarına namizədlərin öz təqdimatını sönük aparmaları barədə söylənilən fikirlər reallığı əks etdirmir. Bunlar əsassız fikirlər, iddialardır. Əlbəttə, ola bilər ki, hansısa siyasi partiya bələdiyyələrə seçilmək üçün namizəd irəli sürməsin və ya təbliğatla ciddi məşğul olmasın. Ancaq üzvü, təmsilçisi olduğum hakim Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinə hər zaman olduğu kimi, böyük önəm verir və ilk gündən bu sahədə qanunvericiliyə uyğun olaraq xüsusi tədbirlərini ardıcıl olaraq həyata keçirir.

Seçki məntəqələrinin seçkilərə hazırlığından tutmuş seçki gününə qədər olan bütün proseslər ölçülüb-biçilmiş və bu gün YAP, onun fəalları öz namizədlərinin konkret təbliğatı-təşviqatı ilə yaxından məşğuldur.

Namizədlər də seçicilər arasındadırlar. Partiyanın bir üzvü kimi mən və deputat həmkarlarım bugünlərdə yeddi rayonda olmuşuq. YAP-ın bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş, minlərlə insanlarla görüşmüş, onların təkliflərini, arzu-istəklərini dinləmiş və platformaları ilə tanış olmuşuq. Namizədlərin dünyada baş verən hadisələr, ölkəmizdə həyata keçirilən tədbirlər, partiya quruculuğu sahəsində görülən işlər, bələdiyyələrin hüquq və vəzifələri barədə məlumatlı olmaları göstərir ki, yerli özünüidarəetmə orqanlarına seçiləcək insanlar gələcəkdə bu qurumun fəaliyyətini düzgün istiqamətləndirməyi bacaracaqlar...

- Əvvəlki seçkilərlə müqayisədə bu dəfə hakim partiya namizədlər arasında gənclərə və qadınlara daha çox yer ayırıb. Bunun uğurlu nəticələr verəcəyini düşünürsünüzmü?

- Çox sevindirici haldır ki, namizədlər, xüsusilə, YAP-ın namizədləri arasında əvvəlki seçkilərdən fərqli olaraq gənclər və qadınlar çoxluq təşkil edir. Gənclərin və qadınların çox olması yaxşı haldır və bunun uğurlu nəticə verəcəyinə də qəti əminəm. Eləcə də namizədlərin keçən seçkilərdən bu dəfə çox olması seçkilərin gərgin keçəcəyindən xəbər verir. Seçkilərə getmək və təbliğatını qurmaq hər bir namizədin və siyasi partiyanın öz işidir. Kim işini düzgün qurub, təbliğatını səmərəli aparırsa, onun seçkilərdə qalib gəlmək şansı daha çoxdur. Yeni Azərbaycan Partiyasından olan namizədlərin bu baxımdan imkanları geniş, şansları yüksəkdir. Və görülən işlərin nəticəsi olaraq, demək olar ki, YAP-dan olan namizədlər seçkilərdə öz qalibiyyətlərini təmin edəcəklər.

Kamil HƏMZƏOĞLU

 





11.12.2014    çap et  çap et