525.Az

İsmayıl İmanzadənin şeirləri


 

İsmayıl İmanzadənin <b style="color:red">şeirləri</b>

Oldum

Haqdan qüvvət almış idim,
Bir qıraqda qalmış idim.
Bulud kimi dolmuş idim, -
Axırda yağası oldum.

Yaxşı ki, çətində, darda
Yem olmadım itə - qurda.
Səbrim tükəndi... axırda,-
Meydana çıxası oldum.

Əlim çıxan kimi boşa,
Başladım bəxtlə savaşa...
Ağzım dirənəndə daşa,-
Səddləri yıxası oldum.

Həyat bozartsa da üzün,
Sürünmədim dizin-dizin.
Dilimdən çıxan hər sözün,-
Kəlmənin ağası oldum.

Səbrin də sonu var

Qarı düşmən qəfildən
Bəndi - bərəni kəsdi.
Ömrün oğlan çağında
Öz yolumla gedirdim,
Üstümdən yellər əsdi.

Kimsə ortaq olmadı
Dağdan ağır bu dərdə.
Bir ona sevindim ki,
Büdrəsəm də hardasa,
Əl açmadım namərdə.

Vaxt yeyin, ömür qısa
Gözləməkdən kar aşmaz.
Səbrin də bir sonu var,
Bağlı qalan yolları
Nəmli baxışlar açmaz.

Oynadır

Kimə verdin ürəyini,
Gördünmü bəxt küləyini?
Erkən solan çiçəyini,-
Gülünü yellər oynadır.

Bitən deyil hər səpilən,
Şəklindir gözə təpilən.
Hərdən yuxunda öpülən,-
Telini yellər oynadır.

Puç etdin yalan sevgini,
Çaldımı ilan sevgini?
Yaz ağzı solan sevgini,-
Bulanıq sellər oynadır.
Üstündən çəkilmir çənin,
Söylə bəs hanı yelkənin?
Xəbərin varmı, qız, sənin,-
Külünü yellər oynadır.

Yandır məktublarımı

Yandır səndə olan məktublarımı,
Bir azda sözlərin oduna qızın.
Yandır ağlar qalan məktublarımı,
Ərit sinəndəki hikkənin buzun.

Yandır tüstülənsin ürəyindəki
"Sevgilim" kəlməsi, "gülüm" kəlməsi.
Mən heç, özün bir az rahat ol təki,
Dözərəm, aglına heç nə gəlməsin.

Elə şəklimi də at o tonqala,
Yandır ürəyimin harayın, səsin.
Nakam sevgimizdən bir ocaq qala,
Əllərin son anda qoy titrəməsin.

Yandır eşqimizdən verməsin nişan,
Yığışdır yollardan baxışlarını.
Yandır hər kəlməmə bir vaxt qarışan
Dumduru su kimi gözyaşlarını.

Yandır məktubları, qoy tüstülənsin
Uzaqdan boylanan o görüş yeri.
Üstümə bir bulud harayı ensin,
Qərq edim sularda xatirələri.

İtən avazımı, susan səsimi
Qat o məktublara, əlinlə yandır.
Könlünü oxşasın bir meh əsimi,
Özünə yenə də sən haqq qazandır.

Bilirəm, çat düşməz bir də səbrinə,
Axmaz gözyaşların ta narın-narın.
Mənim sinəmdəki sevgi qəbrinə
Səpələ külünü o məktubların.

Biləsən

Üstümdən çəkilmir nə duman, nə çən
Torpağa həsrətdir ovcumdakı dən.
Bil ki, istəməzdim məhəbbəti sən,-
Həyatda ən asan peşə biləsən.

Sevdalı könlümün qışı, yazı var,
Nəmli gözlərimin qarı, buzu var.
Eşqimin öz ritmi, öz avazı var,-
Haqqın yox sən onu nəşə biləsən.

Hər yanım qaranlıq küncdü, bucaqdı
Həsrətim közərən oddu, ocaqdı.
Ürəyim sonuncu dayanacaqdı,-
Gözümü açdım ki, düşə biləsən...
 
Tanımadım

Xoşa gəlmədi yerişi,
Cəngdi, savaşdı hər işi.
Bitməyib alış-verişi, -
Dünya köhnə bazardı ki...

Üzü solğun, ruhu boyat,
Hünərin var səslə, oyat.
Elə əzəl gündən həyat
Dar qəfəsdi, məzardı ki.

Dərdim-qəmim çarpaz dağı,
Tükənməz qarası, ağı.
Nə dedim ki, ona axı,-
Rəngi niyə qızardı ki?

Dilindəydi bir vaxt adım,
Qaçdı məndən addım-addım.
Uşaq idim tanımadım,-
Heç üzümə bozardı ki?..

Kötük

Kim başını kəsdi sənin,
Kim ömrünü baltaladı?
Özün söylə, kötük kimi
Yaşamağın varmı dadı?
Nə gövdən var, nə budağın
Niyə səni təklədilər?
Şümal boylu ağac idin,
Qanına yeriklədilər...
Zülmət kəsdirib üstünü,
Heç göyərtməz yaz da səni.
Əsən yellər üşüdəcək
Bu qara libasda səni.
Yaxşı bil, tapılmayacaq
Ta bir də rəddini basan.
Gün keçəcək, ay ötəcək
Biləcəksən əzəl - axır,
Kötük olmaq deyil asan...
Göyərəsi halınmı var,
Yaşamaq həvəsin ölmüş.
Əl-ayağa dolaşanda
Yana-yana deyəcəksən -
Bu dünyada ağac kimi
Ömür sürmək nə gözəlmiş...

Xudafərin körpüsü

Ay ulu daş kitabəm, gəcavəm, taxtım mənim.
Bakı-Təbriz biçimli könül paytaxtım mənim.
Vüsala həsrət qalan taleyim, baxtım mənim, -
Şahım, xanım, sultanım,- Xudafərin körpüsü.

Arazın sinəsində daşlaşan su sonası,
Tanrıya şükranlıqdır adının ilk mənası.
Vətənin iki qütbə parçalanmış dünyası, -
Xəttim, imzam, ünvanım,- Xudafərin körpüsü.

Hər aşrımı su yolu, hər tağı bir möcüzə,
Qəzəbi mürgüləyən sivri uclu bir nizə.
Bilən yox daş dilində nələr söyləyir bizə, -
Rəvayətim, dastanım - Xudafərin körpüsü.

"Gülüstan"da boğulan səsimdi, avazımdı
"Türkmənçay"da sərhəddə çevrilən Arazımdı.
Sağalmayan yaramdı, qanlı alın yazımdı, -
Varlığım, and-amanım,- Xudafərin körpüsü.

Yaş ağrısı

Böyüdüm, söz ilə başımı qatdım,
Həyatda sevinc də, qüssə də daddım.
Bəzən düz yolda da atdığım addım
Çevrildi kiminsə baş ağrısına.

Yenilməz inadım sal qaya çapan,
Dartdı ayağımdan hər məni tapan.
Dözdüm dar ayaqda canıma hopan
Güllə hədəsinə, daş ağrısına.

Gah çəkingən oldum, gah da ki, mətin,
Verdi həyat mənə əsl qiymətin.
Vaxt ötdü... hər yaşın gördüm xislətin,
Tuş gəldim payızda qış ağrısına...

Ürək gücdən düşsə durulmaz ta qan,
Gözə zülmət çökər hər saat, hər an.
Əsəblər gərilib sızlayanda can,
Bildim əlac yoxdur yaş ağrısına...
Çayın sahilində ağlayan qıza.

Siyah saçlarını oynadır külək,
Qəmli sinəsindən asılıb bilək.
Sanki göydən enmiş mələkdir, mələk
Nə vaxtdır dayanıb yalqız ağlayır,-
Çayın sahilində bir qız ağlayır.

Nəmli gözləriylə baxır sulara,
Bilən yox, fikrində üz tutub hara.
Dönür əsən yelə, çevrilir qara,
Göyərmiş əlləri bumbuz, ağlayır,-
Çayın sahilində bir qız ağlayır.

Titrəyir yarpaqtək sızladıqca can,
Qəfil bir ölümmü axtarır hər an?
Asılıb durubdu göz yaşlarından,
Elə bil bənövşə, nərgiz ağlayır,-
Çayın sahilində bir qız ağlayır.

Nədənsə dərdini suya danışmır,
Çöküb çöhrəsinə həya, - danışmır.
Nisgili gəlmirmi saya, danışmır?
Gah dodaq səyriyir, gah üz,-ağlayır,-
Çayın sahilində bir qız ağlayır.

Bəkə o, cavabsız eşqə əsirdi,
Bəlkə bir kimsəsiz yetim-yesirdi?
Anlaya bilmirəm bu necə sirdi,
Lal haray hıçqırır, avaz ağlayır,-
Çayın sahilində bir qız ağlayır.

İndi dünya ona qəfəs kimi dar,
Halına acımır nə dost, nə də yar.
Allahım, gəl onu özünə qaytar,
Dil dönüb kösövə, ağız ağlayır,-
Çayın sahilində bir qız ağlayır...

Yurd həsrəti

Yurd həsrətim sinəmdə
Hələ düzüm-düzümdür.
Səbrimi əldən salan
Gecəmdir, gündüzümdür.

Elə bil məhbəsdəyəm,
Bağlıdır qapım, bacam.
Həm bir baxım işığa,
Həm xoş sözə möhtacam.

Ocağım, qibləgahım,
Doğma ölüm, dirim yox.
Hönkürüb ağlamağa
Künc-bucağım, yerim yox.

Dərd mənim dolu "süfrəm",
Kədər havam, suyumdur.
Nisgillə nişanlıyam,
Ölən günü toyumdur.

Yollar üzümə bağlı,
Ağzım dirənib daşa.
Həvəsim yox baxmağa
Nə zərə, nə qumaşa.

Rəngini unutmuşam
Çiçəyin də, gülün də.
Bəxtim paslı qıfıldır,-
Açarı div əlində...

Sevdalı çağımda dilmancım - şeir

Göz açdım, söz məni saldı kəməndə,
Əlimdən yapışdı dumanda, çəndə.
Sal daşa söykənib mürgüləyəndə,-
Yorğanım səmaydı, yastığım şeir.

Böyüdüm... dilimdə avaza döndü,
 Gah qışa çevrildi, gah yaza döndü.
Kürdən soraq verdi, Araza döndü,-
Bağrımın başına basdığım şeir.

Damla işartısı, ay işığıydı,
Sevinclə nisgilin qarışığıydı.
Saflıqdan söz açan haqq aşığıydı,-
Şəklini sinəmdən asdığım şeir.

Nə ürək sızıltım, nə sancım idi,
Süfrəmə dad verən qazancım idi.
Sevdalı çağımda dilmancım idi,-
İlk dəfə bir qıza yazdığım şeir...

 





11.12.2014    çap et  çap et