Məmməd Gülməmmədov, jurnalist:
- Prezident İlham Əliyevin Şimali Kipr məsələsində göstərdiyi iradə bir siyasi liderdə olan maksimum səmimiyyət və sözün əsl mənasında həqiqi müttəfiqlikdir. Qəzzada baş verənlərlə bağlı hazırda yaşanan Türkiyə-İsrail gərginliyində Azərbaycanın yanaşmasına ağız büzənlərə də tarixi sillədir. Azərbaycan rəsmilərinin və şəxsən ölkə başçısı İlham Əliyevin dəfələrlə Fələstin-İsrail gərginliyində iki dövlətli bir həll yolunun olduğunu və bunu dəstəklədiyini açıqlamasına baxmayaraq hər dəfə bununla Türkiyə-Azərbaycan münasibətlərinə zərər verməyə çalışanlara da verilən ən böyük və tutarlı cavabdır. Daxildəki və xaricdəki küləklə bərabər yön dəyişdirənləri və bədniyyətliləri Azərbaycanın ali rəhbəri hər zaman olduğu kimi onurğalı siyasi duruşu ilə bir daha darmadağın etdi.
Elçin Alıoğlu, jurnalist:
- "İlham Əliyev - regionun lideridir... və yeni prinsipin yaradıcısıdır" - Mixail Saakaşvili.
"Antalyada bu yaxınlarda keçirilmiş forumda Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin parlaq çıxışı xüsusi fərqlənirdi. O, dünyada hökm sürən yalan, ikiüzlü siyasi korrektlikdən və ikili standartlardan imtina etdi", - deyə Gürcüstan müxalifətinin lideri, sabiq prezident Mixail Saakaşvilinin bəyanatında bildirilir.
Antalyadakı diplomatik forumda Azərbaycan liderinin çıxışını şərh edən Saakaşvili qeyd edib ki, Əliyev hər şeyi olduğu kimi adlandıraraq, başqalarının bəlkə də düşündüyü, lakin səsli şəkildə deməyə cəsarət etmədiyi fikirləri dilə gətirdi: "O, Rusiyanın Ukraynaya müdaxiləsi faktlarını açıq şəkildə göstərdi və yaranmış vəziyyətdən çıxış yolu təklif etdi. Əliyev bu çıxışı ilə bir daha təsdiqlədi ki, o, yalnız regionun lideri deyil, həm də dövlətlərin öz ləyaqətini qorumaqla davranışının yeni prinsipinin yaradıcısıdır".
Bilal Alarlı, filologiya üzrə fəlsəfə doktoru:
- Sovet dönəmində nişan üzüyü 60 manat idi, nigah sənədinə imza atılarkən evlənən gənclərin hərəsinə 60 manat nağd pul verilirdi ki, özlərinə nişan üzüyü alsınlar. O pulu mən də almışam.
Günay Rəhimova, sosial şəbəkə istifadəçisi:
- 1906-cı ilin bugünkü günündə - 16 apreldə Bakıda Azərbaycan dilində ilk uşaq jurnalı olan "DƏBİSTAN"ın birinci sayı çapdan çıxıb.
Jurnal 1906-1908-ci illərdə ayda 1 dəfə Bakıda nəşr olunub.
Dövrün tanınmış ziyalıları Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli və başqaları həmin jurnalla yaxından əməkdaşlıq ediblər.
Elşad Eyvazlı, jurnalist:
- Bakıda, bölgələrdə polisin işinə baxırsan. Fəxr edirsən. Hər an insanların yanındadırlar. Polis birimizin qardaşı, əmisioğlu, birimizin övladı, uşaqların atasıdır. Polisimiz sevgi ünvanıdı. Yaşasın Azərbaycan polisi...
Həcər Paşayeva, yazar:
- FHN-nin bütün əməkdaşlarına bu çətin gündə etdikləri fədakarlığa görə təşəkkürümü bildirirəm! Var olun!
Asif Nərimanlı, jurnalist:
- Rusiyanın Sumıya hücumu Trampın 30 günlük atəşkəs "uğurunun" nəticəsiz olduğunu təsdiq etdi. Putinin Trampın "atəşkəs təklifini" qəbul edəndə də yazmışdıq: Rusiya sülhdən qaçan tərəfə çevrilməmək və ABŞ-ın təzyiqindən yayınmaq üçün buna razı oldu, lakin tərəflər - Rusiya və Ukrayna bir-birini "atəşkəsi pozan tərəf" kimi göstərmək üçün qarşılıqlı hücumlara davam edəcəkdi və razılaşmanın əldə edilməsindən sonra hücumlar səngimədi.
Sumı hücumu nəticlərinə görə daha dəhşətlisidir. Bu hücumda əsas diqqətçəkən məqam ABŞ-ın reaksiyası oldu. Vaşinqtondan verilən açıqlamalarda - Rubio və Kollequn bəyanatlarında Rusiya qınanılsa da, "Tramp müharibəni məhz buna görə dayandırmağa çalışır" sözləri xüsusi olaraq vurğulanır. Birmənalı qarşılanmayan fikirdir, çünki ABŞ müharibəni Ukrayna ərazilərinin güzəştə gedilməsi hesabına dayandırmaqdan bəhs edir. Bu kontekstdə sual yaranır:
- Vaşinqtonun Sumı hücumuna münasibəti Kiyevə "sülhə razılaşmasanız, şəhərləriniz bombalanmağa davam edəcək" mesajıdır?
- Yaxud Ukraynada şəhərlərin bombalanması, mülki insanların ölümü Kiyevin gündəmdəki sülh planına razı salınması baxımından ABŞ-ın marağındadır?
Müharibənin günahkarı Tramp deyil, lakin mülki insanların ölümü Ağ Evdə əyləşənlər üçün təfərrüat kimi görünür.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Göz görə-görə talan: bank kartlarından gündəlik minlərlə manat oğurlanır.
Fırıldaqçılar "yağlı müştəriləri" necə müəyyənləşdirirlər ?
Son bir neçə gündə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin, DİN rəsmisi Elşad Hacıyevin açıqladığı məlumatlara göz gəzdirirəm.
Statistika sadəcə ağlasığmazdır.
Əslində, DİN-in artıq gündəlik belə bir statistikaları paylaşması özü diqqət cəlb edəndir.
Əvvəllər gündəlik statistikada adətən ayrı növ cinayətlərin məlumatları gözə dəyirdi.
Yəni görünən odur ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və banklar nəhayət ki, real vaxtda işləyən bir antifraud sistem qura biliblər.
Bu, artıq bank sektorunda kiber cinayətkarlığa qarşı yeni bir mərhələnin başlanğıcıdır.
Artıq kibercinayətkarlıq, bank sektorundakı cinayətlər tam, real vaxtda monitorinq oluna bilir.
Bütün bunlar isə, şübhəsiz ki, cinayətkar sxemlərin vaxtında ifşasına və qarşısının alınmasına daha yaxşı şərait yaradacaq.
Açıqlanan məlumatlardan isə görünür ki, yenə həmin kordinat, həmin dalğadır.
Fırıldaqçılar müxtəlif sxemlərdən istifadə edərək vətəndaşların etibarını qazanır, müxtəlif üsullarla zəng etməklə özlərini bank işçisi, sığorta agenti, vergi əməkdaşı kimi təqdim edərək şəxsi və maliyyə məlumatlarını əldə edirlər.
Nələrə diqqət etmək lazımdır?
Bir daha xatırladırıq ki, bank kartının məlumatlarını - CVV/CVC kodunu, SMS ilə gələn OTP şifrəni, loqin və parolu, PIN kodu paylaşmaq təhlükəlidir!
Özünü "bank işçisi", hansısa dövlət qurumu nümayəndəsi kimi təqdim edən şəxslə birbaşa şəxsi və bank məlumatlarının müzakirəsinə keçmək təhlükəlidir!
Bank kartları ilə olan kibercinayətkarlıqda əsas vasitələrdən birisi xaricdə oturan fırıldaqçının yerli nömrə ilə zəng etməsidir.
Adətən bu məqsədlə SİM-box adlanan qurğulardan istifadə edilir.
Yəni cinayətkar xaricdə bir ölkədə oturur, başqa bir ölkədə server qurur, Azərbaycanda özünə tərəfdaş tapır, SİM-box-lar Azərbaycana göndərilir və hansısa bir məkanda yerləşdirilir, potensial -"yağlı müştəri" hesab olunacaq vətəndaş müəyyən olunur. Onlarla, yüzlərlə mobil nömrələr - sim kartlar alınaraq SİM-box a yerləşdirilir.
Fırıldaqçılar xaricdən olan zəngi məhz həmin SİM-box-la yerli zəng olaraq vətəndaşa yönəldirlər.
Düşünürəm ki, bu tip avadanlıqların ölkəyə gətirilməsi və tətbiqi ilə bağlı məsələlər də sərtləşdirilməlidr.
Eyni zamanda fərdi məlumatların qorunması istiqamətində daha sərt tədbirlər görülməsinə ehtiyac var.
Gizli deyil ki, xaricdəki cinayətkarlar hansısa bank müştərisi olan, kartında vəsait olan (balansı, bank əməliyyatları diqqət cəlb edən) vətəndaşların siyahısını yalnız sosial şəbəkələrdən, İnternetdən əldə edə bilməz.
Müşahidələr göstərir ki, fırıldaqçılar potensial hədəflərin müəyyən edilməsində daha güvənli məlumatlardan istifadə edirlər.
Şübhələnmək üçün əsaslar var ki, real bank əməliyyatları olan, kartlarında vəsait olan vətəndaşların siyahıları bank və ya mobil operatorlardakı mənbələrdən də sıza bilər. Qonşu ölkələrin təcrübəsinə baxanda da görmək olur ki, bu tip siyahılar qara bazarlarda satışdadır.
Bu baxımdan düşünürəm ki, hökumət, hüquq-mühafizə qurumları kibercinayətkarlığa qarşı mübarizədə banklarda və mobil operatorlarda vətəndaşlarla bağlı məlumatların qorunmasına, bu tip informasiyaları fırıldaqçılara sızdıranlara qarşı daha sərt tədbirlər görülməsinə diqqət yetirməlidirlər.
Son zamanlar aparılan müşahidələr də göstərir ki, qonşu ölkələrdə, Qazaxıstanda, Rusiyada bu istiqamətdə qanunvericilik xeyli sərtləşdirilib.
Bu baxımdan, qonşularımızda bu sahədə olan "münbit şəraitdən" əli üzülənlər arasında ölkəmizi kiberhədəf olaraq görmək istəyənlərin sayının artacağını da proqnozlaşdırmaq olar.
lll
Muxtariyyət, yoxsa 2.3 milyard dollar?
Harvard Universiteti muxtariyyəti seçib. Çox düşündürücü məqamdır.
Tramp administrasiyasının bu universitetə qarşı irəli sürdüyü tələbləri Harvard rəhbərliyi rədd edib.
Nəyi tədris etməyin, hansı tədqiqatları aparmağın, kimləri işə qəbul etməyin özəl universitetin öz haqqı olduğu bildirilib.
İrəli sürülən tələbləri universitetin müstəqilliyinə, prinsiplərinə və uzun illər oturuşmuş ənənələrinə zidd hesab ediblər.
Bildirilib ki, bu tələblər hökumətin universitet üzərində nəzarəti ələ keçirmək cəhdidir və bu, yolverilməzdir.
Beləliklə, görünən odur ki, Harvard Universiteti akademik azadlığını və elmi-tədqiqat müstəqilliyini 2 milyarda qurban vermədi.
Görəsən, bəşəriyyət, elm bununla uddu, yoxsa uduzdu?
İlk baxışda elə görünə bilər ki, böyük maliyyə resursları olmadan elm üçün, bütövlükdə inkişaf üçün bu, uğursuz yanaşmadır. Əlbəttə, güman ki ilkin mərhələdə çətin olacaq.
Amma fikrimcə, Harvardın akademik müstəqilliyi qorumaq addımı Trampa başa saldı ki, elə bəşəri dəyərlər var ki, onlar pula satıla bilməz. Harvard bir daha göstərmiş oldu ki, o adi, sıradan bir diplom verən akademik mərkəz deyil, həm də intellektual, innovativ və ictimai-sosial bir mühitdir.
Harvard bu addımı ilə dünyada elmi institutların, elmi tədqiqatların müstəqilliyinin vacibliyinə, elm və təhsilin siyasi intriqalara qurban verilməməsinə diqqət çəkdi.
Hansı ki, bu, bəşəriyyətin inkişafı üçün də mühüm amildir.