Beşinci “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 16 min 553 nəfər qeydiyyatdan keçib. Bu göstərici ilə builki qeydiyyat əvvəlki illərlə müqayisədə rekord səviyyədədir.
525.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev aprelin 18-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fevralın 28-i başlayan qeydiyyat mərhələsi aprelin 10-da uğurla başa çatıb: “Qeyd edək ki, bu il 78 nəfərin müraciəti yaş və ali təhsil meyarlarına uyğun gəlmədiyi üçün məlumatların işçi qrupu tərəfindən yoxlanılması zamanı ləğv edilib.
Qeydiyyatdan keçən iştirakçıların 11 min 923-ü kişi, 4630-u isə qadındır. Maraqla qarşılanan müsabiqəyə bu il 9976 nəfər ötən illərdə keçirilən müsabiqədə də iştirak etmiş namizədlər arasından təkrar müraciət edib. Müsabiqəyə ilk dəfə müraciət edən namizədlərin sayı isə 6577 nəfərdir”, - deyə o bildirib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncama əsasən intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə sahib Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il 18 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.
Sevinc Qarayeva