525.Az

Heydər Əliyevin xatirəsinə həsr olunan fotosərginin açılışı olub


 

Heydər Əliyevin xatirəsinə həsr olunan fotosərginin açılışı olub<b style="color:red"></b>

Dünən Azərbaycan Muzey Mərkəzində  Azərbaycan  Dövlət Teleqraf Agentliyi ("AzərTac"), Türkiyənin "Anadolu" Agentliyi və Yunus Əmrə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunan fotosərginin açılışı olub.
 
Tədbir Azərbaycan və Türkiyənin dövlət himni ilə açılıb.  Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, TRT-nin rəhbəri Şenal Göka, Anadolu Agentliyinin müdir müavini Əbubəkr Şahin, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas, deputatlar və ictimai xadimlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Əli Həsənov sərginin təşkilatçılarına minnətdarlığını bildirərək deyib ki, Heydər Əliyev bu gün aramızda olmasa da, onun ideyaları, həyata keçirdiyi siyasət uğurla davam etdirilir: "Bu gün yaşadığımız və fəaliyyət göstərdiyimiz müstəqil Azərbaycan dövləti ulu öndərin ideyalarının əbədiliyini nümayiş etdirir. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində özünə əbədi yer tutub. Biz yaşadıqca, Azərbaycan xalqı yaşadıqca, o, bizim qəlbimizdə əbədi yaşayacaq".

AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirib ki, sərgidəki fotoşəkillər iki qardaş ölkənin milli informasiya  agentlikləri olan "AzərTac" və "Anadolu"nun arxivlərində çox qiymətli sərvət kimi qorunub saxlanır: "Heydər Əliyev çağdaş Azərbaycanın tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalıb. Ulu öndərin ən böyük xidmətlərindən biri odur ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib, siyasi və iqtisadi müstəqilliyə nail olub. Heydər Əliyev həyatı boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsi var. Bu gün də onun layiqli davamçısı İlham Əliyev Heydər Əliyev ideyalarını uğurla həyata keçirir".

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas Azərbaycanda dövlət quruculuğunun əsasını qoyan Heydər Əliyevi dünya tarixində yeri olan siyasətçi adlandırıb.

Şenal Göka bildirib ki, Heydər Əliyevin daima səsləndirdiyi "Bir millət-iki dövlət" şüarı iki ölkə arasında qırılmaz möhkəm bağların yaranmasına səbəb olub.

Əbubəkr Şahin isə deyib ki, "Anadolu" agentliyi türk dünyasının tanınmış oğlu Heydər Əliyevin vəfat etməsinin ildönümünə qatqı vermək üçün öz arxivindən ona məxsus fotoları çıxarıb belə bir sərgi keçirməklə qürur duyur.

Daha sonra tədbir fotosərgi ilə tanışlıqla davam edib. Sərgi üç gün davam edəcək. Sərgidə 100-ə yaxın foto nümayiş olunur.

Vəfa MƏMMƏDLİ

 





12.12.2014    çap et  çap et