525.Az

Heydər Əliyev: "Məni xalqım çağırdı..."


 

HeydƏr Əliyevin 1992-ci ilin noyabr ayında Litvada nƏşr olunan "Respublika" qəzetinə müsahibəsi

Heydər Əliyev: "Məni xalqım çağırdı..."<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyev 1992-ci ilin noyabr ayında, Naxçıvan Respublikası Ali Məclisinin sədri olarkən Litvanın Vilnüs şəhərində nəşr olunan "Respublika" qəzetinin müxbiri Riçardas Lapaytisə Naxçıvanda müsahibə verib. Müsahibə qəzetin 28 yanvar 1993-cü il tarixli sayında dərc olunub.Bu günlərdə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Mahir Həmzəyev həmin müsahibəni Litva dilindən çevirərək "525"in redaksiyasına təqdim edib. Həmin müsahibəni qəzetimizin oxucularına təqdim edirik. 

- Siz Sovetlər İttifaqı dönəmində hakimiyyətin ən yüksək zirvələrində təmsil olunmusunuz. Azərbaycan müstəqillik qazanandan sonra isə Naxçıvan Muxtar Respublikasının rəhbəri seçildiniz. Buna görə hansısa diskomfort hiss etmirsiniz ki?

- Əlbəttə, hakimiyyət fərqi var. Lakin mən buna görə narahat deyiləm. Bəli, mən nəhəng bir dövlətin rəhbərliyində olmuşam. Bura isə məni xalqım çağırdı. Məhz xalq məni Naxçıvan Muxtar Respublikası parlamentinin sədri olmağa, demək olar, məcbur etdi. Naxçıvan böyük respublika deyil, ancaq spesifik xüsusiyyətləri var. Burada həll olunası məsələlər də miqyasca kiçikdir. Amma başlıcası budur ki, mən Vətənimdəyəm. Bu, mənim üçün çox vacibdir.

- Həyatınızın böyük hissəsi Dövlət Təhlükəsizlik Komitəsi ilə bağlı olub. Bu qurumun sıralarında keçirdiyiniz illər üçün heyfslənmirsiniz ki?

- Xeyr. Mənim həyatımda hər nə olubsa, onun üçün heyfslənmirəm. O cümlədən, DTK-da işlədiyimə görə də heyfslənmirəm. Lap gənc yaşımda təhlükəsizlik orqanlarına xidmətə çağırılmışam, 25 il orada qulluq etmişəm. İndi hər şeyi DTK-nın üstünə yıxmaq dəbdədir. Ancaq son dövrdə DTK mövcud olmayan bir dövlətin orqanı idi. Mən öz xalqıma qarşı heç bir iş görməmişəm. Buna baxmayaraq, tutduğum bütün dövlət vəzifələrindən istefaya getdikdən sonra, bir çoxları mənim iş nöqsanlarımı və guya yol verdiyim  qanun pozuntularını axtarıb tapmağa çalışdılar. Həmin axtarışları Sov. İKP MK, SSRİ Nazirlər Soveti və Azərbaycan SSR-in keçmiş rəhbərləri aparırdılar. Lakin heç nə tapmadılar.

- Sovetlər İttifaqı dövründə tutduğunuz bütün yüksək vəzifələrdən getdikdən sonra Siz bir müddət kənara çəkildiniz. O zaman nə işlə məşğul idiniz - istirahət edirdiniz, ya siyasətə qayıtmağa hazırlaşırdınız, yoxsa, sadəcə, sakit bir təqaüdçü həyatını yaşayırdınız?

- Moskvada yaşayırdım, keçdiyim həyat yoluna nəzər salmağa və müəyyən nəticələr çıxarmağa yetərincə vaxtım vardı. Azərbaycan üçün nəsə etməyə çalışırdım. Siyasətə qayıtmaq barədə fikirləşmirdim. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Moskvada keçirilmiş yığıncaqda çıxış etdim. Bundan sonra yenidən məni təqib etməyə başladılar. Azərbaycana qayıtmağıma mane olmağa çalışırdılar. Bu işlə həm Mixail Qorbaçov, həm də SSRİ DTK-sı məşğul idi. Mənimlə əlaqələri olan bir şəxsi Bakıda qətlə yetirmişdilər. Bu mənə edilmiş xəbərdarlıq idi. Çətinliklərə baxmayaraq bütün maneələri dəf edə bildim və 1990-cı ilin sentyabr ayında Naxçıvandan Azərbaycan parlamentinə deputat seçildim. Parlamentdə Azərbaycanın dövlət müstəqilliyi tələbini irəli sürdüm.

- SSRİ süqut etdi, Müstəqil Dövlətlər Birliyi (MDB) meydana gəldi. MDB  haqqında Sizin fikriniz nədən ibarətdir?

- Bu belə də olmalı idi. Dağılmalar 80-ci illərdə başlandı. Durğunluq buzlarını Baltikyanı ölkələr qırdılar, bundan sonra çökmə prosesləri getdikcə daha sürətli xarakter aldı. Həmin proseslər çətin proseslər idi.

Xalqı qurub-yaratmağa yönləndirə bilən dövlətlər çətinliklərə qalib gəlir, mütərəqqi dünya dövlətləri sırasına qoşulurlar. MDB-yə gəlincə, bu qurum yeni bir ittifaq yaratmaq cəhdidir. Amma baş tutan iş deyil və biz bunu aydınca görürük.

- Bu gün Azərbaycanda bir vaxtlar Sizin tutduğunuz rəhbər vəzifəni tutan şəxslə - prezident Əbülfəz Elçibəylə münasibətləriniz necədir?

- Həqiqətən də mən uzun illər Azərbaycana rəhbərlik etmişəm, amma prezident olmamışam. Əbülfəz Elçibəyi şəxsən tanımıram, yalnız televizorda görmüşəm. Buna baxmayaraq, onunla münasibətlərimiz normaldır, problemlər yoxdur. Onunla siyasətə baxışlarımın üst-üstə düşdüyünü təsdiq edə bilmərəm. Ancaq arada müstəsna bir qarşıdurma da yoxdur.

- 1992-ci ilin oktyabrında Naxçıvanda çevriliş cəhdi oldu. Bəs onun təşkilatçıları kim idi?

- Çevrilişi Naxçıvanda Xalq Cəbhəsi etmək istəmişdi. Çevriliş cəhdində maraqlı cəhətlərdən biri budur ki, Naxçıvanda Xalq Cəbhəsi də Azərbaycan Xalq Cəbhəsinin (AXC) tərkib hissəsidir. Cəbhəçilər Daxili İşlər Nazirliyini, teleradio komitəsinin binasını tutduqdan sonra mən düz doqquz dəfə telefon açıb Ə.Elçibəylə danışdım. Axı, o həm də AXC-nın lideridir. Amma görünür, bu iş onun özünün sanksiyası ilə olmuşdu. Çünki o, Naxçıvanda Xalq Cəbhəsinin bu hərəkətlərə son qoyması üçün heç bir cəhd göstərmədi. Naxçıvan camaatı çevriliş etmək istəyən qüvvələri onların tutduqları bütün binalardan dərhal vurub çıxartmağa hazır idi. Ancaq biz ultimatum elan etdik və onlara binaları boşaltmaq barədə qərar qəbul etmək üçün bir saat vaxt verdik. Lakin təəssüf ki, atışma oldu. Sonra çevrilişçilər geri çəkilməyə məcbur oldular. Ertəsi gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında biz həmin çevriliş cəhdini müzakirə edib pislədik. Lakin Azərbaycan Respublikasının parlamenti hələ də bu çevrilişlə bağlı öz sözünü deməyib və susmaqda davam edir.

- Bu gün Qafqazda bir çox etnik münaqişələr mövcuddur. Onların kökləri hansı mənbədən qidalanır?

- Bu, ürək ağrıdan sualdır. Onların kökləri həm Qafqazda mövcud olan çoxmillətli etnik zəminlə, həm də son 10 il ərzində keçmiş SSRİ-də getmiş proseslərlə bağlıdır. Şübhəsiz ki, həmin münaqişələri kimsə qızışdırır və əlbəttə, bu münaqişələr kiməsə sərfəlidir. Bu suala birmənalı cavab verə bilmərəm.

- Siz ixtisasca tarixçisiniz. Odur ki, ölkənizin tarixindəki hansı "ağ ləkələri" təmizləmək istərdiniz?

- Ən böyük "ağ ləkə" son beş il ərzində Azərbaycanda baş vermiş hadisələrdir. Qarabağ müharibəsi çoxdandır ki, Azərbaycan-Ermənistan sərhəddini adlayıb keçib. Bilmirəm, müharibə daha nə qədər davam edəcək və sonra neçə illər lazım gələcək ki, yaraları sağalda bilək.

- Baltikyanı ölkələri xatırladınız. Siz burada - Naxçıvanda Litva haqqında nə fikirdəsiniz?

- Əminəm ki, yalnız Naxçıvan yox, eləcə də bütün Azərbaycan Litvanın dəyərli tərəfdaşı ola bilər. Litva da qarşılıqlı olaraq Azərbaycan üçün layiqli tərəfdaş olmağa qadir ölkədir. İqtisadi, elmi, mədəni və humanitar sahələrdə yüksək tərəfdaşlıq əlaqələri qura bilərik. Məndə olan məlumata görə, bu baxımdan adda-budda işlər görülür. Amma hələ ki, hətta normal diplomatik münasibətlərimiz belə yoxdur.

- Naxçıvanda olduğu kimi, Litvada da keçmiş partiya lideri Algirdas Brazauskas hakimiyyətdədir. Siyasi hadisələr gedişatında bu cür dönməni necə qiymətləndirirsiniz?

- Litva rəhbərlərinin müstəqilliyin bərpasına qədərki dövrdə gördüyü işlər hələ o vaxtlar ürəyimə yatırdı. Onda mən Moskvada yaşayırdım və Litvadan SSRİ Ali Sovetinə seçilmiş deputatların da (burada 1989-cu ilin mart-may aylarında Litva SSR-dən seçilmiş deputatlar nəzərdə tutulur - tərcüməçidən.) fəaliyyətini müşahidə edirdim. Həm Sov.İKP-dən ayrılaraq müstəqil təşkilat olduğunu bəyan etmiş Litva Kommunist Partiyasına (LKP), həm də Sayudisə rəğbət bəsləyirdim. Bu il Litva parlamentinə keçirilmiş seçkilərdə (1992-ci ilin oktyabr ayında baş tutmuş seçkilərə işarədir - tərcüməçidən.)  LKP-nin qələbə çalmasını xalqın iradəsinin təzahürü kimi qəbul etmək lazımdır. Mən isə onları bu qələbə münasibəti ilə təbrik edirəm. Yeni münasibətlər qurmaq məsələsinə gəlincə isə, demək istəyirəm ki, bu gələcəyin işidir.

- Sizin həyatınızda ən xoşbəxt və ən ağır gün hansı gün olubdur?

- Həyatımda ən ağır gün 1990-cı ilin 20 Yanvar faciəsi olub. Həmin faciənin ən ağrılı və kədərli günlərini mən o zaman Moskvada yaşamışam. Ən xoşbəxt gün isə... ən xoşbəxt gün hələ qabaqdadır...

- Müsahibəyə görə təşəkkür edirəm.

 





12.12.2014    çap et  çap et