Çevrənizdəki insanlar vəzifəyə təyin ediləndə dəyişiklik hiss etməmiş olmazsınız. Ömründə bir dəfə də olsa, yəqin ki, "Çox dəyişib, əvvəlki adam deyil" demişliyi olub çoxunun. Dostlarla aramızda bu məsələ ilə bağlı söhbət açılanda ya susuram, ya da tamamilə etinasız olmağa çalışıram. Çünki insanın təbiəti budur və bunun üzərində deyilən sözlərin, baş vurulan fəlsəfənin, qurulan ağlaşmanın enerji itkisindən başqa heç bir faydası olmadığına inanıram. Bir adamın hazırkı məqamda nə olduğu bəllidirsə, gələcəyi yerdə sərgilədiyi davranış da o olacaq, çox da təəccüblənməmək lazımdır. İnsanlar yerinə görə əyilən, bükülən, forma alan məxluqlardır. Bir növ buqələmun kimi vəziyyətə görə rəng dəyişə bilirlər. Xarakterdə zərrə qədər boşluq varsa, bu şəxs hansı pilləyə gəlirsə gəlsin, o boşluq oradan fışqırıb çıxacaq. Məsələn, bu gün vəzifədəsənsə, əlini-ətəyini öpəcəklər, gözünə xoş görünmək üçün dəridən-qabıqdan çıxacaqlar. Hətta elədiyin bir "layk"ı belə öpüb gözlərinin üstünə qoyacaqlar. Amma elə ki vəzifədən getdin, nəinki "like", heç "dürtmək" işarəsini də eyninə alan olmayacaq. Doğrudur, həyata real baxmaq insanı yalnızlaşdırır, amma bəzən yalnızlıqlar saxta tünlükdən daha yaxşı fikirdir. Etiraf edirəm, bunu bacarmaq çətin məsələdir. Çünki insan alqışa, təsdiqlənməyə, dəstəklənməyə, təqdirə möhtac varlıqdır. Bununla bağlı möhtəşəm bir kitab oxuyuram, yaxın günlərdə bu haqda ətraflı yazacağam.
Hələliksə əvvəl hakimiyyətin zirvəsini görən, sonra oradan həyatın dibinə yuvarlanan, bundan sonra isə aşağılanan, alçaldılan Pertevniyal Sultandan bəhs edim.
Əsl adı Hasna Basima olan Pertevniyal Rumıniya əsilli idi. Digər cariyələr kimi, o da Osmanlı sarayına gətirilir və padşahın gözdəsi olur. 1829-cu ildə Sultan II Mahmudun həyat yoldaşı statusunu almağı bacarır. Lakin bu səadəti çox uzun çəkmir, evliliyin onuncu ilində həyat yoldaşı ölür. Qaydalara görə, ölən sultanın yerinə böyük oğlu, Bəzmialəm Sultandan olan Abdulməcid keçir və 21 il 11 ay taxtda qalır. Bu müddət həddən artıq uzun gəlir insana, doğrudur? Amma Sultan vərəmə tutulub öləndə cəmi 38 yaşı vardı. Abdulməcidin ölümü ilə taxt Abduləzizə keçir və beləliklə, anası Pertevniyal Validə Sultanın dönəmi başlayır. Oğlunun səltənəti boyu Validə Sultan statusunda qalır. Xeyir əməllərə önəm verən nadir insanlardan olur. Bu işlərə xeyli maddi yatırımları olmuşdu. Öz adına məscidləri, məktəblər, ərinin adına orta məktəb inşa etdirmişdi. Həmin orta məktəb hələ də fəaliyyətdədir.
Ümmül Cahan
Pertevniyal, Oğlu Sultan Abduləzizin üzərində ciddi təsir gücünə sahib idi, buna görə də, ona Ümmül Cahan deyilirdi. Tarixə nəzər salanda görürük ki, bu gücü digərləri kimi fitnə-fəsada, intriqaya sərf etməyib. Kösəm Sultan, Hürrəm Sultan, Nurbanu və digər xanım sultanlar kimi...
Əksinə, öz adını daşıyan Pertevniyal litseyi, Pertevniyal Validə Sultan Məscidi, Konyada Əziziyə Məscidi kimi böyük abidələr inşa etdirmişdi. Altında imzası olan çeşmələr, orta məktəblər də az deyil. Təkcə bu da deyil, bir yandan da darda olanların imdadına çatmış, dərdi olanlara əlac etmiş, insanlardan köməyini əsirgəməmişdi. Ehtiyac yarananda sarayın xəzinəsinə də yardımı olurdu. Məsələn, hökumət pul problemi ucbatından maaşları ödəyə bilmədiyi vaxt Sultan hərəkətə keçmiş, o ay maaşları özü ödəmişdi. Hətta sonralar şəxsi xəzinəsini də dövlətə bağışlamışdı.
1847-ci ildə quraqlıq və qıtlığa görə Anadolu camaatına etdiyi yardımlarla birlikdə Krımdan gətirtdiyi öküzləri kəndlilərə paylamışdı. Bundan əlavə, Qüdsdəki Əl-əqsa məscidi üçün Parisdən böyük çilçıraq sifariş etmiş və Paris səfiri Əli Paşanın əlli sandığa yüklədib İstanbula göndərdiyi həmin çilçıraqları Qüdsə yollamışdı.
Katib məscidinin qarşısındakı, Eyyubda Yavedud Məscidinın yanındakı, Validə Sultan məscidinin atriumundakı, Vəqif Qureba xəstəxanasının aşağısındakı, Karaköy yolunun üstündəki çeşmələri də o inşa etdirmişdi. Yenə öz hesabına gəmiqayırma zavodunda gəmi inşa etdirmişdi. Həmin gəmi Osmanlı tarixində əhəmiyyətli yerə sahib "Fəthi İslam" gəmisidir. Kadıköydə Xalid Ağa çeşməsinin də altında Pertevniyalın adı var.
Pertevniyal Sultan Məscidi
İndi gələk əsas məsələyə, Pertevniyal Validə Sultan məscidinə. Aksaray meydanının mərkəzində, möhtəşəm memarlığı ilə göz oxşayan, insanı yolundan edən, ayaq saxladan bənzəri olmayan abidəni deyirəm. İlk dəfə qaranlıqda körpünün üstündən keçəndə bulanıq işıqların arasında gözəlliyini görüb gözlərimə inanmamışdım. Avtomobil sürətli hərəkət etdiyi üçün bəlkə də, yanlış görmüşəm deyə düşünmüşdüm. Sonra dəfələrlə görməyimə rəğmən, imkan tapmamışdım getməyə. Bu günlərdə şeytanın ayağını qırıb yollandım. Gördüyümdən daha artığı ilə qarşılaşdım. Məscid, Pertenviyal Validə Sultan tərəfindən 1869-1871-ci illərdə inşa edilir. Əslində külliyə olub, daxilində mədrəsə, sebil, türbə, müvəqitxana vardı. Ancaq məsciddən başqa günümüzə gəlib çıxan başqa abidə qalmayıb. Belə möhtəşəm abidənin memarının Sarkis Balayan olmağı təəccübləndirmədi. Kürsülü olan giriş qatında beş pilləkən var. Qapıları olduqca genişdir. Ara bölmələrə açılan dəhlizlər mövcuddur. Girişdəki namaz qılınma yeri dəbdəbəli köşkə bənzəyir. Üst tərəfdə padşah və ailəsi üçün nəzərdə tutulan bölmə var. Bura qızılı rəngli qəfəslə əhatələnib. Klassik məscidlərdən fərqli olaraq Validə Sultan Məscidi neoqotik tərzli, türk və hind memarlığının sintezi əsasında inşa edilib. Xarici görkəmi olduqca fərqli olan abidənin bütün fasadı zərif daş işçiliyinin nadir örnəklərindəndir. İbadətgah başdan ayağa sanki "krujeva"ilə hörülüb. Eyni incə xətlər daxili qismdə də işlənib. Tavana mavi rəng hakimdir, üzərində ulduz və digər naxışlar var. Bunların hər biri əl işidir. XVI və XVII əsrlərdəki abidələrdən tamamilə fərqli olan bu motivlər, rənglər, Osmanlı naxış ənənəsi üçün yenilik hesab edilir. Minbər və mehrabı mərmər olan abidə səkkizguşəli və oyuqlarla işlənib. Məscid tək qübbəlidir. Bu qübbə pəncərəli sütunların üzərinə oturdulub. Məscidin dörd küncündə Hind memarlığını xatırladan qüllə mövcuddur. Hətta içindəki hökmdar otağı daxili məscid tərzində tikilib. Bu balaca qəsrin üstündə iki ədəd minarə var. Minarələr kəsmə və kəskin uclu daşdandır. Atriuma şərq və qərb də daxil olmaqla üç qapıdan giriş mövcuddur. Əsas qapı həddən artıq görkəmli, hətta gözqamaşdırıcıdır. Qapının üstündə padişahın adını daşıyan tuğra var. Altında isə məscidin kitabəsi mövcuddur. Külliyyə təzində inşa edilən abdiənin səbil, mədrəsə və digər parçaları hazırda yoxdur. Həmin parçalar 1956-59-cu illərdə Aksaray meydanının genişləndirilməsinə görə ləğv olunub.
İqtidardan həyatın dibinə...
Cariyəliklə başlayan, padşah arvadı ilə yüksələn, Sultan anası kimi zirvəyə ucalan, aşağılanaraq sonlanan ömür idi Pertevniyal Sultanın həyatı. Oğlunun hakimiyyəti illərində dövlət işlərində önəmli fiqur hesab edilirdi. Hətta Osmanlı siyasətində ciddi rol oynayırdı və pərdəarxasındakı ən güclü siyasətçi idi.
Araşdırmaçı tarixçi Karolina Finkel "Osmanın yuxuları" əsərində, Pertevniyal Sultanın oğlunun hökmdarlığı boyu dövlət işlərinə qarışdığı və Abduləzizin qərarlarında təsir gücü olduğunu yazır. Təkcə oğlunun fikirlərini deyil, öz ideyalarını da onun vasitəsi ilə həyata keçirib. Ancaq görünən odur ki, zərərli qərarlar verməyib. Yoxsa, bu gün bu yazıdan fərqli məsələlərdən bəhs edərdik. Yeri gəlmişkən, Pertevniyal, Osmanlıda qadınların güc sahibi olduğu dönəmin son akkordları hesab edilir. Qadınların siyasətdəki təsiri bununla da sonlanır.
Pertevniyal Sultanın ən acınacaqlı dönəmi oğlu Sultan Abduləzizin taxtdan endirilməsi və öldürülməsindən sonra başlayır. 1876-cı ildə Abduləzizi yıxmaq üçün həyata keçirilən bu çevriliş Osmanlı idarəçiliyində böyük dəyişikliyə səbəb olmaqla bəbirlikdə Pertevniyalın da qara günlərini gətirir. Oğlunun öldürülməsi və ya intihar etdiyi hələ də dəqiq deyil. Bəlli olan odur ki, Pertevniyal Sultan bu hadisədən sonra etibarsızlaşdırılır, saray içində alçaldıcı davranışlara məruz qalır. Pertevniyal sarayda daha səssiz və geri planda bir həyat sürməyə məcbur edilir.
Sultanın həm güc sahibi olan validə sultan, həm oğlunun sonunu görən bir ana, həm də gücünü itirdiyi çöküş dönəmi diqqət çəkir. Tarixçilər onu yazarkən və yaşadığı çətinlikləri dəyərləndirərkən, həm iqtisadi simvolu, həm də insan çöküşünün mərkəzində olan fiqur kimi təqdim edirlər. Qeyd edim ki, oğlunun vəfatından sonra 7 il yaşayır. Ardınca Dolmabağça sarayında ölür və öz adına inşa etdirdiyi məscidin həyətindəki türbədə dəfn edilir.
Bu da Pertevniyalın həqiqətidir. Əslində bütün insanlığın gerçəyidir. Hamımızın! Ona görə də, bu gün sinəsinə döyənlərin iki dəfə düşünmə haqqı var, sonra çox gec olur.