UNESCO– Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında hər il aprelin 18-i Tarixi Abidələrin Mühafizəsi Günü (ing. International Day for Monuments and Sites, World Heritage
Day) kimi qeyd olunur.Bu günün təsis edilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin və mədəni irsin qorunmasına yönəltməkdir.
Respublikamızın tarixi əhəmiyyətli məkanları bol olan ikinci şəhərində də bu əlamətdar gün münasibətilə silsilə tədbirlər keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Dövlət Tarix- Mədəniyyət Qoruğunun təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Dövlət Turizm Agentliyinin Gəncə Regional İdarəsinin dəstəyi ilə Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin Mədəni İrsinin Qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru vəzifəsini icra edən Vüsal Alıyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin müdiri Pərvin Kazımov, AMEA-nın Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov, Gəncə-Daşkəsən
Regional Mədəniyyət İdarəsinin əməkdaşları, ziyalılar və gənclər iştirak ediblər.Silsilə tədbirlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsinin ziyarəti ilə başlayıb. Gəncənin şərq girişindəki möhtəşəm qala kompleksi önündəki tədbirdəki çıxışlarda tarixi abidələrin qorunması və tanıdılmasının rolundan, gənclər arasında təbliğatının vacibliyindən danışılıb.
Vurğulanıb ki, tarixi-mədəni irsimizin qorunması, həmçinin maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır. Ölkəmizin mədəni irs nümunələrinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində aparılan
ardıcıl və məqsədyönlü işlər bu sahəyə göstərilən dövlət qayğısının təzahürüdür. Bu məkanda həmçinin Gəncə Dövlət Tarix-Mədəniyyət
Qoruğunun təşkilatçılığı ilə tarixi abidələrin təbliği və tanıdılması məqsədi ilə gənc sənətkarların sayca ikinci rəsm sərgisi keçirilib. Layihədə 9-14 və 14-25 yaş kateqoriyaları üzrə 23 nəfər iştirak edib. Sərgi iştirakçılarına, eləcə də Gəncə abidələrinin təbliği ilə bağlı keçirilən tədbirlərə daim dəstək verən şəhər ziyalılarına və ictimaiyyət nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
Tədbirin gedişində Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin “Gəncə qönçələri” mahnı və rəqs ansamblı, həmçinin "Gəncə Əlil Qadın və Uşaq Mərkəzi"nin nəzdində yaradılmış "Günəş" rəqs qrupu konsert proqramı ilə çıxış ediblər.
Əlamətdar gündə Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Gəncə Tibb Kollecinin tələbələrinin və orta məktəblərin şagirdlərinin Çökək Hamam , Cümə Məscidi, Aleksandr Nevski adına Rus Provaslav kilsəsi, Cavad xan türbəsi, Xan bağı, Azərbaycan
Cümhuriyyətinin (1918-1920) ilk iqamətgahı (hazırki Aqrar universitetinin baş binası) kimi tatrixi məkanlara maraqlı ekskursiyaları da təşkil olunub, eləcə də “Gəncə şəhərinin mədəni irsini tanıyaq və qoruyaq” mövzusunda təhsi ocaqlarında maarifçi görüşlər də baş tutub.
Zakir Muradov,
Gəncə