Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edib.
525.az xəbər verir ki, “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən tədbirdə 26 media nümayəndəsi iştirak edib.
Tədbiri açılış nitqi ilə başlayan İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev hansısa dövlət haqqında fikir yürüdə bilmək üçün onun insan hüquqlarına verdiyi dəyərə baxmaq lazım olduğunu deyib:
"Hazırki dövrdə hansısa dövlət haqqında fikir yürütmək istəyiriksə, həmin dövlətdə insan hüquqlarına verilən dəyərə baxmaq kifayət edir. Digər məsələlər qədər insan hüquqları da dövlətlərin qiymətləndirilməsi üçün önəmli meyardır. İnsan hüquqlarının üstünlüyünün təmin olunması da olduqca vacibdir. Seminarın əsas məqsədlərindən biri də məhz budur".
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli də çıxışında “Konstitusiya və Suverenlik İli” çərçivəsində medianın qarşısında duran əsas vəzifələrdən danışıb.
"Hazırda hüquq və azadlıqların, konstitusiya prinsiplərinin cəmiyyətə düzgün çatdırılması medianın əsas prinsiplərindən biridir".
İnstitutun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Əliyev insan hüquqlarının mahiyyəti, konstitusiyada təsbit olunan əsas hüquqlar və beynəlxalq müdafiə mexanizmləri barədə geniş təqdimatla çıxış ediblər.
Bununla yanaşı mədəni, təhsil, əmək, mənzil, yaradıcılıq azadlığı, ana dilindən istifadə, ekoloji, mülki və siyasi hüquqlarla bağlı məsələlər də müzakirə olunub.
Məlumat sessiyası qarşılıqlı fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.