Qazaxıstanın Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əfqanıstanda səfərdə olub.
525.az bu ölkənin mediasına istinadən xəbər verir ki, o, Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradar ilə görüşüb.
Qazaxıstan Əfqanıstana Mərkəzi Asiyada ən böyük humanitar yardım tədarükçüsüdür. 2021-ci ildən Qazaxıstan Əfqanıstana on minlərlə ton un, ərzaq, dərman, məişət əşyaları və isti geyim göndərib. Bundan başqa, bu ilin mart ayında Almatıda BMT-nin Mərkəzi Asiya ölkələri və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə regional mərkəzi fəaliyyətə başlayıb.
Serik Jumanqarin Abdul Qani Baradar ilə görüşündə deyib ki, regional mərkəzin yaradılmasında əsas məqsəd Mərkəzi Asiya ölkələri ilə Əfqanıstan arasında sosial-iqtisadi və işgüzar əməkdaşlığın intensivləşdirilməsidir.
Qazaxıstan Əfqanıstanın ilk on ticarət tərəfdaşı sırasındadır. Ənənəvi qazax tədarükünə taxıl və un daxildir. 2024-cü ildə Əfqanıstan bazarına Qazaxıstan şəkərinin ixracında əhəmiyyətli artım qeyd olunub - 143 min ton, bu da 2023-cü illə müqayisədə (19,1 min ton) bir neçə dəfə çoxdur.
Əfqanıstan bazarına qənnadı məmulatlarının və un məhsullarının tədarükünü artırmaq potensialı var. Qazaxıstan da paytaxt bazarlarına mövsümdən erkən əfqan tərəvəzlərinin çatdırılmasında maraqlıdır.
Ötən ilin sonunda ölkələr arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılması üçün yol xəritəsi imzalanıb. Əfqanıstan ərazisinin müxtəlif faydalı qazıntıların hasilatı üçün böyük potensiala malik olduğunu nəzərə alaraq, yataqlardan ehtiyatların kəşfiyyatı və çıxarılması yolu ilə bəyan edilmiş qarşılıqlı investisiya həcmlərinə nail olmaq planlaşdırılır.
Aprelin 14-də Qazaxıstandan bir qrup geoloq mütəxəssis və mühəndis Əfqanıstana gəlib və bir sıra yataqlarda olub.
Yol xəritəsində nəzərdə tutulan fəaliyyətləri aktivləşdirmək üçün Serik Jumanqarin Əfqanıstan baş nazirinin müavininə Kabildə Qazaxıstanın ticarət evinin açılmasını təklif edib.
Əbdül Qani Baradar bu təklifi dəstəkləyərək Əfqanıstan tərəfinin Qazaxıstanda öz ticarət evini açmaq istədiyini qeyd edib. Qazaxıstan tərəfi, həmçinin Əfqanıstan tərəfinin marağı olarsa, “QazTehna” MMC-nin istehsalı olan Qazaxıstan avtobuslarının tədarükü imkanlarının nəzərdən keçirilməsini təklif edib. Yeni ticarət evləri əməkdaşlığın müxtəlif sahələrində qarşılıqlı investisiyaların aktivləşməsinə kömək edəcək.
Pərvanə Sultanova