Bu gün iki ölkə liderinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan-Çin münasibətləri yeni bir mərhələyə yüksəlib. Dövlətlərimiz arasında münasibətlər sürətlə inkişaf etməkdədir. Burda təbii ki, iki ölkənin liderinin rolunu qeyd etmək lazımdır.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Hazırda bizim əlaqələrimiz strateji müttəfiqlik səviyyəsindədir. Yəni, bu gün Azərbaycan və Çin bir sıra layihələr üzərində işləyirlər. Nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Orta Dəhliz, yüklərin Azərbaycan ərzisindən daşınması və s. istiqamətində işlər həyata keçirilir. Təbii ki, Azərbaycan Çinlə əlaqələrin daha da güclənməsində maraqlıdır. Biz nəzərə almalıyıq ki, Çin sürətli iqtisadi sıçrayış əldə edib. Bu gün özünün potensialını, imkanlarını genişləndirir. Yüksək ixrac qabiliyyətinə malikdir. Demək olar ki, bütün sahələrdə liderlik üçün addımlarını atır. Bundan sonra da bizim əlaqələrimiz daha da inkişaf edəcək, cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan üçün Çinlə əlaqələrin inkişafı, daha da gücləndirilməsi prioritet bir istiqamətdir”, - deputat bildirib.
Əlavə edib ki, Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək: “Əlaqələrimizin daha da güclənməsi, möhkəmlənməsi üçün addımların atılması uğurla həyata keçiriləcək”.
Pərvanə Sultanova