Sabir MƏMMƏDLİ
Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru
Ümumi həcmi 2800 səhifədən artıq olan və 5 cilddə təqdim edilən "Diplomatik-siyasi ensiklopediya" tanınmış elm xadimi, görkəmli ziyalımız, Bakı Dövlət Universitetinin professoru, 1962-ci ildən bu günümüzədək elmi-ictimai fəaliyyətlə məşğul olan, müxtəlif illərdə respublikamızda ali inzibati, diplomatik, elmi-pedaqoji və ictimai vəzifələrdə fədakarcasına çalışan Ağalar Abbasbəylinin qələmindən çıxıb. Bu fundamental əsərin ərsəyə gəlməsi böyük elmi və ictimai hadisədir, çünki bu kimi elmi-tədqiqat xarakterli araşdırma ölkəmizdə ilk dəfədir ki, aparılır və elmi ictimaiyyətə təqdim olunur. Elmi fəaliyyəti ərzində 45-dən çox monoqrafiyanın və bütövlükdə 550-dən artıq elmi əsərin müəllifi olan professor Ağalar Abbasbəylinin geniş analitik, sistemli, müxtəlif elm sahələrini əhatə edən dərin bilik və təcrübi bacarığı hazırkı ensiklopediyanın hazırlanmasında özünü yüksək səviyyədə göstərib.
Azərbaycan elminə layiqli töhfə olan bu dərin məzmunlu, maraqlı faktlarla zəngin olan əsərin mahiyyətini və əhəmiyyətini bir neçə istiqamət üzrə təhlil etmək olar: siyasi, diplomatik, tarixi, politoloji, beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, beynəlxalq jurnalistika, regionşünaslıq, beynəlxalq hüquq və digər. Bu sahələr üzrə çalışan və ixtisaslaşan mütəxəssislər üçün hazırkı ensiklopediya əhəmiyyətli faktlarla və dərin fikirlərlə zəngindir.
Əsərin böyük üstünlüyü onun elmi mahiyyətində olduğu qədər publisistik və həm də, mənbəşünaslıq xarakterindədir. Diqqətəlayiqdir ki, müəllif, bu tipli ənənəvi əsərlərə xas olan quru terminoloji izahatdan yan keçərək siyasi və diplomatik fəaliyyətə aid olan tarixi və nəzəri material təqdim edir. Diplomatik və siyasi terminlərin təqdimatı hər bir gənc mütəxəssis və gələcək araşdırmaçılar üçün gözəl etiket məktəbidir. Bu mənada ensiklopediya bir sıra sahələr üzrə tədris vəsaitlərinin və dərsliklərin davamı kimi çıxış edir.
Ensiklopediyanın əhəmiyyətli cəhətlərindən biri Azərbaycan diplomatiyasının, milli tariximizin dərinliyinə nəzər salmaqdadır. Ağqoyunlu dövlətinin xarici siyasəti, Səfəvi dövlətinin beynəlxalq əlaqələri, Azərbaycan Xalq Cümhuriyyətinin dünya birliyinə qovuşmasına yönəlmiş fəaliyyət, ilk demokratik respublikamızın dövlət xadimləri, Paris sülh konfransının təşkili haqqında bölmələr, müasir dövrdə ölkəmiz tərəfindən bağlanmış beynəlxalq müqavilələr, imzalanmış konvensiyalar oxucular üçün cəlbedici şəkildə izah edilib. M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski, M.Hacınski, S.Mehmandarov və ADR-in digər dövlət xadimləri həqqında ətraflı məlumat verilmiş və bu tipli informasiya böyük elmi sayğı və milli düşüncə əsasında təqdim olunub. Onu da nəzərə almaq lazımdır ki, bu kimi mövzular geniş formada dərin məzmunlu materiallar əsasında verilir. Burada həm də bu sahə üzrə çalışan tədqiqatçıların əsərləri qeyd edilir, alimlərin əməyi vurğulanır və gələcək təhlillərə yol açılır. Azərbaycan milli elitasının formalaşması mövzusu öz tədqiqatçısını gözləməkdədir. Əsərin elmi əhəmiyyəti həm də bu kimi yeni mövzuların gündəmə gətirməsindədir. Bu baxımdan sərhəd məsələlərini, tarixi Dərbənd problemini araşdırmaq çox vacib və əhəmiyyətlidir.
Azərbaycan ictimaiyyətinin və araşdırmaçıların davamlı olaraq maraq dairəsində olan tarixi sənədlər, o cümlədən Gülüstan və Türkmənçay sülh müqavilələri, 1921-ci il Qars sazişi, onların maddələri ardıcıllıqla oxuculara çatdırılır, tarixi problemlər və milli vəzifələr vurğulanır.
Əsərdə çox sayda yeni, indiyədək elmi dövriyyədə olmayan faktlar təqdim olunur. Bu sırada İkinci Dünya müharibəsi dövründə ABŞ prezidenti F.Ruzveltin ölkəsinin təhlükəsizliyini gücləndirmək məqsədilə bütün yapon əsilli ABŞ vətəndaşlarının həbs edilməsi haqqında əmr verməsini və yaxud 1941-1945-ci illərdə Almaniyaya aparılmış sadə vətəndaşların statistikasını və digər çoxsaylı faktları göstərmək olar.
Təqdim edilən əsərə diqqət yetirdikdə aydın olur ki, əslində hər bir terminin mahiyyətində, onun real həyatda istifadə edilməsində, onun davamında böyük elmi araşdırma, geniş məzmun dayanır. Şübhəsizdir ki, bu anlayışların araşdırılması, gündəmə gətirilməsi, onların izahı böyük əmək və vaxt tələb edir. "Afidevit", "Akklamasiya", "Klaka", "Konkordat", "Polemologiya" və çox sayda terminlərin məzmunu və mahiyyəti kifayət qədər maraqlıdır.
Professor Ağalar Abbasbəylinin fundamental əsəri həqiqi mənada milli düşüncəyə söykənir və milli ruhda yazılıb. Qarabağ hadisələri, bu münaqişənin tarixi kökləri, erməni faşizminin formalaşması, xalqımızın başına gətirilən müsibətlər ensiklopediyanın səhifələrində hərtərəfli və açıq şəkildə göstərilir. Qeyd etmək lazımdır ki, müəllif həm də hadisələrin psixoloji atmosferini verib, yeri gələndə iştirakçıların dili ilə təqdim edilib. Bu mənada əsər soyuq informasiya mənbəyindən kənara çıxaraq canlı, lazım gəldikdə emosional məlumat bazası kimi çıxış edir. Oxucu olaraq, bəzən bir çox tarixi mətnlərə qayıdaraq yenidən oxumağa maraq göstərirsən və dəqiqləşdirmələr aparırsan. Burada Xocalı soyqırım hadisəsinin ermənilər tərəfindən törədilməsinin xarici mətbuatda əks olunması, bu soyqırımın hansı dövlətlər, ABŞ ştatları tərəfindən tanınması ardıcıllıqla təqdim edilib. Müəllif Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərə diqqəti cəlb edərkən, ensiklopediyanın digər bölməsində beynəlxalq humanitar hüquq, konfliktlər dövründə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il konvensiyasının mətnini təqdim edir, bütövlükdə "münaqişə" anlayışının mahiyyətini və buna dair dünya tarixindən nümünələr ortaya qoyur.
Milli yanaşma özünü həm də tarixi və müasir türk dövlətləri haqqında bilgilərdə göstərir. Tarixi axarda mövcud olan qüdrətli türk imperiyaları, dövlətləri, onların mövcud olduğu tarix ardıcıllıqla istifadəçilərə təqdim edilir. Nəzərə almaq lazımdır ki, hətta sadə formada Sakit Okean sahillərindən tutmuş Atlantik okeanın sahillərinədək (Şimali Afrika, Avropanın qurtaracağı - Pireney yarımadası daxil olmaqla) olan ərazilərdə tarixən mövcud olmuş çox sayda türk dövlətlərinin ərazilərinin və varlıq illərinin dəqiqləşdirilməsi böyük əmək və vaxt tələb edir. Hazırkı müstəqil türk cümhuriyyətlərinin və xarici ölkələrin tərkibində olan türk muxtar qurumlarının tarixinə dair məlumatlar da həmçinin.
Elmi-metodiki xarakterinə uyğun olaraq "Diplomatik-siyasi ensiklopediya" öz səhifələrində beynəlxalq təşkilatlara və onların fəaliyyət istiqamətlərinə böyük yer ayırır. Birləşmiş Millətlər Təşkilatı, onun müxtəlif qurumları, beynəlxalq münasibətləri tənzimləyən digər ümumdünya birlikləri, onların fəaliyyət dairəsinə aid olan funksiyalar hazırkı ensiklopediyada yetərincə işıqlandırılıb. YUNESKO, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və onların fəaliyyət sahəsinə daxil olan siyasi, diplomatik anlayışlar və həmçinin beynəlxalq sazişlərin, konvensiyaların, bəyannamələrin, Paktların mahiyyətindən doğan terminlər bu sahə üzrə ixtisaslaşan şəxslər üçün əvəzolunmaz mənbədir.
Böyük elmi informasiya tutumu olan ensiklopediyada dünya iqtisadiyyatı, beynəlxalq bank sistemi, maliyyə qurumları, ölkələr arasında qarşılıqlı yardım, bütövlükdə beynəlxalq inteqrasiya prosesi yetərincə əhatə olunub və oxuculara təqdim edilir. Qloballaşan dünyada beynəlxalq informasiya mübadiləsi prosesi, dünya media şirkətləri, "Röyters", "Assoşeyted Press", "Frans-Press", "Döyçe Press Agentur" və digər informasiya qurumlarının əhatə etdiyi fəaliyyət istiqamətləri və onlardan doğan terminoloji sistem müəllif tərəfindən gündəmə gətirilir və lazımınca izah edilir. Peyk kommunikasiya sistemi, İntelsat və digər qurumlar haqqında məlumatlar böyük əhəmiyyət kəsb edir. Bu mənada hazırkı ensiklopediya beynəlxalq jurnalistika üzrə ixtisaslaşan gələcək mütəxəssislər üçün əsaslı tədris vəsaitidir.
Professor Ağalar Abbasbəylinin hazırladığı ensiklopediyanın əhəmiyyətli bir hissəsi də politoloji nəzəriyyələrə, ideoloji axınlara, dövlət idarəetmə sisteminə dair dünya təcrübəsindən, elmi araşdırmalardan doğan anlayışlara və terminlərə həsr edilib. "Nasional kommunistlər", "siyasi romantizm", "siyasi utopiya" və digər anlayışlar hazırkı elmi əsərin müasir səslənməsini labüd edir. Çünki onlar hazırkı siyasət aləmi ilə, siyasi təşkilatların, partiyaların fəaliyyəti ilə birbaşa bağlıdır. Fəlsəfi-ideoloji cərəyanların, "Buddizm akademiyası" kimi dini mərkəzlərin, müxtəlif nəzəri-politoloji baxışların mahiyyəti fikir adamlarının diqqətini özünəcəlb edir.
Böyük elmi fədakarlıq, əzmkarlıq, dərin bilik və analitik təhlil nəticəsində ərsəyə gətirilən və ölkənin elmi ictimaiyyətinə təqdim edilən "Diplomatik-siyasi ensiklopediya" beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, dimlomatik xidmət, beynəlxalq jurnalistika, siyasi nəzəriyyələr, beynəlxalq hüquq, olkə tarixi, türk dünyası və digər sahələr üzrə ixtisaslaşan mütəxəssislər üçün əvəzolunmaz mənbədir.