Hazırda Azərbaycanda ticarət şəbəkələrində 50 mindən artıq şəxs çalışır.
525.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın sədri Samir Abdullayev “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirələr zamanı bildirilib.
Onun sözlərinə görə, ticarət şəbəkələri ölkədə əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli rol oynayır: “Lakin sektorda əsas problemlərdən biri ixtisaslı kadr çatışmazlığıdır. Bu problemin aradan qaldırılması məqsədilə ticarət şəbəkələrinin nəzdində təlim və hazırlıq mərkəzlərinin yaradılması zəruri hesab olunur".
O əlavə edib ki, ticarət şəbəkələri ərzaq məhsullarının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “Bu, məhsulların düzgün saxlanması və satışı proseslərini əhatə edir".
Xatırladaq ki, tədbir KOBİA və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilir.