Milli Məclisin deputatı, Mədəniyyət Komitəsi sədrinin müavini Günay Əfəndiyeva və Azərbaycan Dillər Universitetinin prorektoru, millət vəkili Tamam Cəfərova “Türk Dünyasında Qadın: Uğur Hekayələri” adlı Beynəlxalq Simpozium çərçivəsində Türkiyənin Düzce şəhərinə səfər ediblər.
525.az xəbər verir ki, millət vəkilləri Simpoziumu təşkil edən Düzce Universitetinin rektoru, professor Nedim Sözbir ilə görüş keçiriblər.
Görüşdə Universitet tərəfindən beynəlxalq miqyasda gerçəkləşdirilən Simpoziumun qadınların Türk Dünyasında artan rolunu və uğurlarını işıqlandırmaq baxımından xüsusi önəm daşıdığı qeyd olunub.
Tərəflər Türk dövlətləri arasında həmrəylik əlaqələrinin gücləndirilməsi, ortaq tarixi-mədəni irsin təbliği istiqamətində bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Millət vəkilləri Azərbaycan tərəfinin elm, təhsil və mədəniyyət sahəsində yeni təşəbbüslərə açıq olduğunu bildirərək, bu cür əməkdaşlıqlara dəstək ifadə ediblər.
Görüş gələcəkdə ortaq layihələrin həyata keçirilməsi və akademik əlaqələrin daha da genişləndirilməsi istiqamətində perspektivlərin dəyərləndirilməsi ilə davam edib.