525.Az

“Sönməyən ulduzlar” Bakı Slavyan Universitetində


 

“Sönməyən ulduzlar” Bakı Slavyan Universitetində<b style="color:red"></b>

Bakı Slavyan Universitetində Azərbaycan Yaradıcılıq Fondu nəzdində fəaliyyət göstərən “Sönməyən ulduzlar” teatrının kollektivi dahi bəstəkar Üzeyir Hacıbəyovun “Ər və arvad” musiqili komediyasını nümayiş etdirib.

Tamaşadan əvvəl Fondun sədr müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı “Sönməyən ulduzlar” teatrının yaranma tarixi haqqında, tamaşaçı qismində zalda əyləşən tələbələrə ətraflı məlumat verib.

O, “Ər və arvad” tamaşası barədə də fikirlərini bölüşüb: ”Üzeyir bəyin “Ər və arvad” operettası ilə Azərbaycanda yeni janrın və yeni teatrın bünövrəsi qoyulub. Bu musiqili komediyada sadə və zidiyyətli vəziyyət, satira və yumor öz əksini tapıb. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Çox təəssüflər olsun ki, komediya 1916-cı ildən bu yana tam şəkildə səhnədə oynanılmayıb. Biz həmin əsəri arxivdən götürüb, bərpa etdik”.

Hazırda R. Kaşanlının rəhbərlik etdiyi teatrda Hafiz Fətullayev, Xalq artisti Elmira Şabanova, əməkdar artistlərimiz Firuz Xudaverdiyev, Cəmilə Məmmədzadə, Esmiralda Şahbazova, Suğra Bağırzadə kimi ünlü isimlər çalışırlar. Tamaşa boyunca çox həvəslə sadə mizanları yerinə yetirən aktyorların ifası maraq və rəğbətlə qarşılanıb.

Bakı Slavyan Universitetinin rəhbərliyi xeyriyyə addımı ataraq “Sönməyən ulduzlar” teatrının ifasında göstərilən tamaşadan əldə olunan vəsaitin qocaman mədəniyyət xadimlərinə təqdim olunmasını nəzərdə tutub.

 





13.12.2014    çap et  çap et