Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti “Fikir şənbəsi” klubunda Milli Qəhrəman Əliyar Əliyevin doğum günü qeyd olunub.
Fonddan 525.az-a verilən məlumata görə, 1957-ci il dekabrın 14-də dünyaya gələn Milli Qəhrəman Əliyar Əliyev oktyabrın 3-ü Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.
2013-cü il aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əfsanəvi azərbaycanlıya igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
“Fikir şənbəsi” klubunda qardaşı, uşaqlıq dostları, tələbə yoldaşları, səngər qardaşları, yaxınları, Müdafiə Nazirliyinin məsul şəxsləri, Nərimanov rayonu İcra Hakimiyyətnin təmsilçiləri, Əliyar Əliyevin insan mərdliyindən, vətəndaş, təəssübkeşliyindən, əsgər şücaətindən danışıblar.
Tədbirdə Milli Qəhrəmanın nəvəsi Cavidan Əliyevin iştirakı və söylədiyi şeir təsirli anlar yaşadıb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Əliyar kimi insanların həyatının cəmiyyətə örnək olmasının vacibliyini vurğulayıb.
İndiki gəncliyin vətənpərvərlik hisslərindən bir qədər uzaq düşdüyünü xatırladan O.Səmədov bildirib ki, Vətən uğurunda canlarından keçənlər barəsində hər gün, hər yerdə danışmaq, onları təbliğ etmək mübarək işdir. Bilik Fondu bu missiyanı daşımağa hazırdır.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı dövlətin Vətən uğurunda vuruşanlara, şəhidlərə ehtiramından və şəhid ailələrinə qayğısından söz açıb.
Onun sözlərinə görə, Əliyar Əliyev ölkəsini qoruduğu kimi, dövləti də onun və bütün şəhidlərimizin ruhunun şad olması üçün gərəkli işlər görür.
MN rəsmisi deyib ki, Bilik Fondu həyata keçirdiyi layihələrin, hazırladığı tədbirlərin məhz vətənpərvərlik, dövlətçilik mahiyyətinə xidmət etməsi ilə fərqlənir.
Milli Qəhrəmanın qardaşı Rüzgar Əliyev bu diqqətə görə, tədbirin təşkil olunmasında zəhməti keçən şəxslərə minnətdarlıq etdiyini deyib.
O, bildirib ki, Əliyar Əliyev bir ailənin yox, bütün Azərbaycanın övladıdır. Ona görə də Milli Qəhrəmanın ailəsi və yaxınları həmişə başı uca gəzirlər.
“Əliyar Əliyev həmişə yaşayacaq, azərbaycanlıların fəxr yeri olacaq”. Bu ifadəni Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova deyib.
Tədbirdə çıxış edən Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədov, Milli Qəhrəman Vahid Quliyev, döyüşçü Sadiq Paşayev, jurnalist Oktay Əliyev və başqaları Azərbaycanda Əliyar Əliyev kimi oğullara böyük ehtiyac olduğunu, ikinci Qarabağ savaşında qalib gəlmək üçün vətənpərvərlik təbliğatının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
çap et