Səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı şəhərinə çatıb.
525.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 33 ailə olmaqla, 137 Xocalı sakini öz yurduna qayıdıb.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Xocalıya köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb.
Qeyd edək ki, köç prosesi Xocalının Ballıca kəndində də mərhələli şəkildə aparılır. İndiyədək Xocalı şəhərində 85 ailənin, yəni 341 nəfərin, Xocalının Ballıca kəndində isə 157 ailə, 743 nəfərin daimi məskunlaşması təmin edilib.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Xocalı şəhərinə yola salınıb.
525.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 138 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, 28.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı şəhərinə cəmi 85 ailə (342 nəfər) köçürülmüşdür.