Qazaxıstan Respublikası beynəlxalq ticarət istiqamətində daha bir addım atır. Ölkənin Xarici İşlər Nazirliyinin (XİN) təşəbbüsü ilə investisiya cəlbediciliyinin gücləndirilməsinə və uzunmüddətli biznes tərəfdaşlığının dəstəklənməsinə yönəlmiş investor vizasının alınması üçün yeni qaydalar təsdiq edilib.
525.az xəbər verir ki, yeni şərtlərə əsasən, Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara ən azı 300 min ABŞ dolları məbləğində sərmayə qoyan xarici vətəndaşlar investor vizası üçün elektron ərizə təqdim edə biləcəklər. Bu “qızıl viza” Qazaxıstanda 10 ilə qədər yaşamaq icazəsi almaq imkanı verir.
Beynəlxalq təcrübədə (Avropa ölkələrində, ABŞ, BƏƏ və Sinqapurda) geniş vüsət alan bu cür viza proqramları kapitalın, texnologiyanın və işgüzar fəallığın cəlb edilməsi üçün effektiv alət olduğunu sübut edib. Qazaxıstan öz investisiya rezidentliyi modelini təklif etməklə bu yanaşmaya qoşulur.
“Qızıl viza”ların verilməsi xarici investorlar üçün əlverişli və proqnozlaşdırıla bilən mühit yaradır, hüquqi təminat verir və Qazaxıstanın investisiya mühitinə inamı gücləndirir.
Yenilik ölkənin açıqlığa, kapitalın qorunmasına və dayanıqlı beynəlxalq iqtisadi əlaqələrin inkişafına yönəlmiş strateji oriyentasiyasını əks etdirir.
Pərvanə Sultanova
çap et