Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair, yazıçı və publisist Vaqif Bəhmənli ilə Azərbaycan Universitetinin təcrübəçi tələbələrinin görüşü olub.
525.az xəbər verir ki, tədbir “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Ədəbi mühitlə yaxından tanışlıq və yaradıcı şəxslərlə birbaşa ünsiyyət məqsədi daşıyan bu görüş tələbələrin həm nəzəri, həm də praktik biliklərini artırmaq baxımından əhəmiyyətli olub. Vaqif Bəhmənli öz yaradıcılıq yolundan, müasir ədəbiyyatdakı tendensiyalardan və gənc yazarların qarşısında duran vəzifələrdən bəhs edib. Tələbələrin çoxsaylı suallarını cavablandıran şair onların yaradıcılıqla bağlı fikirlərini dinləyib, dəyərli məsləhətlər verib.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs gənclərin ədəbi fəaliyyətə təşviqi və yazı mədəniyyətinin formalaşdırılmasında bu cür tədbirlərin rolunu vurğulayıb. O, Azərbaycan Universiteti ilə yaradılmış əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini qeyd edib. Sonda tələbələrə Vaqif Bəhmənlinin kitabları hədiyyə olunub, xatirə şəkilləri çəkilib.
çap et