525.Az

Fələstin səfiri “APA Holdinq”in rəhbəri ilə görüşüb


 

Fələstin səfiri “APA Holdinq”in rəhbəri ilə görüşüb<b style="color:red"></b> Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə səfiri Nasir Əbdül Kərim bu gün “APA Holdinq”də olub.
 
APA-nın məlumatına görə, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı ilə keçirilən görüşdə Azərbaycan-Fələstin münasibətləri, Yaxın Şərqdə vəziyyət, Fələstin-İsrail münaqişəsi, Dağlıq Qarabağ problemi və digər məsələlər müzakirə olunub.
 
Səfir Fələstinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edib, iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına çalışdığını bildirib. Diplomat qeyd edib ki, müsəlman ölkəsi olan Azərbaycan sivil, müasir və tolerant dövlət kimi bütün dünyaya nümunədir. O, müxtəlif xalqların nümayəndələrinin Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını xüsusi vurğulayıb.
 
Öz növbəsində, V. Mahirqızı Azərbaycanın Fələstinlə münasibətlərə xüsusi önəm verdiyini deyib.
 
Hər iki ölkənin oxşar tale yaşadığını, münaqişələrdən əziyyət çəkdiyini vurğulayan V. Mahirqızı əlaqələrin daha güclənməsi üçün böyük potensial olduğunu qeyd edib, bu məsələdə medianın rolunu xüsusi vurğulayıb. 
 
Azərbaycan və Fələstin media orqanları arasında əməkdaşlığa da toxunan V. Mahirqızı bu əməkdaşlığın hər iki ölkə haqqında həqiqətlərin çatdırılması baxımından mühüm olduğunu söyləyib.
 





15.12.2014    çap et  çap et