Ukrayna prezidentinin müşaviri Mixail Podolyak bildirib ki, bu gün ölkəsi ilə ABŞ arasında imzalanan “Tərəfdaşlıq sazişi” Ukraynaya Amerika silahlarının yeni tədarükünə zəmanət verir.
525.az xarici mediaya istinadən xəbər verir ki, Mixail Podolyak X hesabından verdiyi yazılı açıqlamada ABŞ və Ukrayna arasında nadir torpaq elementlərinin istifadəsini də ehtiva edən "iqtisadi ortaqlıq" müqaviləsinin imzalanmasını qiymətləndirib.
İki ölkə arasında tarixi müqavilənin imzalandığını qeyd edən Podolyak, "Bu strateji uğur Ukraynanın super güclərlə tam bərabər səviyyədə söz sahibi olduğunu təsdiqləyir" deyib.
Müqaviləyə əsasən, neft, qaz və litium kimi digər faydalı qazıntılar Ukraynanın ixtiyarında qalacaq və ümumi fond yaradılacaq, deyə Podolyak aşağıdakı məlumatları verib:
"Müqavilə yeni Amerika silahlarının, o cümlədən hava hücumundan müdafiə sistemlərinin tədarükünə zəmanət verir. Onların xərcləri birgə fondda saxlanılacaq".
Podolyak qeyd edib ki, ən azı 2034-cü ilə qədər bütün investisiya gəlirləri Ukraynaya investisiyaya çevriləcək və əlavə edib:
"Xülasə, bu razılaşmanın ən mühüm nəticəsi ondan ibarətdir ki, dünyanın aparıcı dövləti Ukraynada həmsərmayəçiyə çevrilib. Moskva uduzub. Putinin ABŞ-a işğal olunmuş Donbasın mineral sərvətlərindən pay təklif etmək cəhdi uğursuzluqla nəticələnib".
Malik Atilay
çap et