525.Az

Hindistan-Pakistan münaqişəsi: Nüvə müharibəsi nə qədər realdır?


 

Hindistan-Pakistan münaqişəsi: <b style="color:red">Nüvə müharibəsi nə qədər realdır?</b>

Son günlərdə Hindistan və Pakistan arasında qarşılıqlı müharibə təhdidi apogey nöqtəsini yaşayır. Hindistan Baş naziri Narendra Modinin millətçi ritorikası və Pakistanın siyasi liderlərinin dini-müdafiəkar mövqeləri bu gərginliyi artıran amillərdəndir. 

Münaqişənin tarixinə nəzər salsaq Hindistan və Pakistan arasında Kəşmir problemi 1947-ci ildən bəri davam edən, BMT-nin hələ də tam həll edə bilmədiyi bir münaqişədir. Hər iki ölkənin Kəşmirə iddiaları, dini-etnik ayrılıqlar və regional hegemonluq mübarizəsi bu qarşıdurmanın əsas təməlidir. Bu kontekstdə, son terror hücumu sadəcə qığılcım oldu, əslində isə gərginlik illərdir artır.

Əsas ciddi məsələ ölkələr arası  nüvə təhdidi açıq şəkildə siyasi və psixoloji bir manevrdir. Hər iki ölkənin rəsmi “No First Use” (ilk istifadə etməmək) nüvə doktrinası olsa da, bu tip təhdidlər göstərir ki, gərginlik artarsa, nüvə silahı bir qorxuducu faktor kimi masaya gətirilə bilər. Nüvə müharibəsi təhlükəsi illərdi bu münaqişənin qarşısını alırdı, realizm aspektindən yanaşsaq  nüvə silahı dövlətlər üçün təhlükəsizliyin son sığortası rolunu oynayır. Pakistan Hindistana qarşı konvensional müharibədə zəif olsa da, nüvə silahı vasitəsilə öz mövcudluğunu qoruyur və strateji bərabərlik yaradır.

Əgər Pakistan su təchizatını Hindistan tərəfindən kəsilməklə həyati təhlükədə görürsə, bunu varlıq təhlükəsi sayıb nüvə variantını gündəmə gətirə bilər. 

Bu münaqişə ilə bağlı gözləntilər fərqlidir. Qısa müddətdə gərginliyin azaldılması üçün beynəlxalq vasitəçilər (xüsusən ABŞ) işə qoşula bilər. Ancaq münasibətlərin tam normallaşması çətin görünür.

Orta müddətdə gözlənti su təhlükəsizliyi məsələsi yeni bir münaqişə cəbhəsi ola bilər. Hindistanın “İndus Suları Müqaviləsi”ni dondurması regionda humanitar böhran yaradarsa, vəziyyət daha da kəskinləşə bilər. Uzun müddətdə gözlənti  nüvə balansı və qarşılıqlı məhv qorxusu tam miqyaslı müharibəni əngəlləyə bilər, lakin lokal toqquşmalar artan tendensiyadır. Ən təhlükəli ssenari isə səhv hesablamalar nəticəsində nüvə eskalasiyasıdır.

Tapdıq Nəcəfəliyev
DİA-nın müəllimi, Politoloq

 





09.05.2025    çap et  çap et