525.Az

"Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları" mövzusunda müzakirələr keçirilib


 

"BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ MÜŞAHİDƏÇİ KİMİ İŞTİRAK EDƏN JURNALİSTLƏR ÜÇÜN BƏLƏDÇİ" KİTABÇASI TƏQDİM OLUNUB

"Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları" mövzusunda müzakirələr keçirilib<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Mərkəzi Seçki Komissiyası (MSK) və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə "Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları" mövzusunda konfrans keçirilib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, fond olaraq onlar il ərzində müxtəlif layihələr həyata keçirilər. Onun sözlərinə görə, bu tədbir isə dekabrın 23-nə təyin edilən Bələdiyyə seçkiləri ilə əlaqədar jurnalistlərin səsvermə prosesində aktiv fəaliyyətinə həsr edilib: "Jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Onlar seçki prosesini işıqlandırmaqda mühüm rol oynayırlar".

Fond rəhbəri onu da bildirib ki, seçki prosesini KİV-in iştirakı olmadan təsəvvür etmək mümkün deyil.

MSK sədrinin müavini Natiq Məmmədov mütəmadi şəkildə media mənsubları ilə təlimat xarakterli tədbirlər həyata keçirdiklərini deyib. O, qeyd edib ki, prosesin davam etməsi üçün jurnalistlərin düzgün məlumatlandırılması vacibdir: "Çünki onlar informasiya ötürücüsü funksiyasını yerinə yetirirlər. Seçki, referendum elə prosesdir ki, insanlar səs verməklə öz hakimiyyətlərini formalaşdıra bilirlər. Bu ən demokratik yoldur. Əksər hallarda vətəndaşlar seçkinin mahiyyətini tam dərk etmirlər. Onlar hesab edirlər ki, bu proses təkcə səsvermə günündən ibarətdir. Ona görə də vətəndaşları doğru-düzgün məlumatlandırmaq, seçkiyə hazırlaşdırmaq lazımdır. Seçki heç vaxt ideal ola bilməz. Çünki  insan olduğu yerdə səhvlər də qaçılmazdır. Bizim fəaliyyətimizin məqsədi isə ortaya çıxan qüsurları aradan qaldırmaqdır. Bunun üçün biz jurnalistlərlə əməkdaşlıqda maraqlıyıq".

N. Məmmədov qeyd edib ki, Azərbaycan mediası hər zaman seçkinin işıqlandırılmasında mühüm rol oynayıb: "Müstəqillik qazanılandan sonrakı dövrə nəzər saldıqda, ölkəmizə qarşı qərəzli münasibət bəsləyən qüvvələrin müəyyən müddətdən sonra Azərbaycanda keçirilən seçkilərin nümunəvi səciyyə daşıdığını etiraf etdiklərinin şahidi olmuşuq. İnsanlar artıq seçkilərə həyatlarının ayrılmaz hissəsi kimi baxırlar. Seçici nəticələri müəyyənləşdirən subyektdir. Dünyada bizim başa düşdüyümüz mənada seçki keçirən inkişaf etmiş demokratiyaya malik ölkələrin ortaya qoyduğu fəaliyyət bizdən o qədər də üstün deyil.  Ona görə də, aktiv təşkilatçılıq baxımından müqayisə aparsaq, Azərbaycanda keçirilən seçkilərin daha üstün olduğunu görərik. Biz maarifləndirməni, seçki prosesinin iştirakçılarının düzgün məlumat almasını yüksək qiymətləndiririk".      

MSK sədrinin müavini bildirib ki, dünyanın əksər inkişaf etmiş ölkələrində seçki prosesində müşahidəçilərin iştirakına icazə verilmir. Onun sözlərinə görə, bu şəxsin prosesə müdaxilə etmək cəhdi kimi qiymətləndirilir: "Azərbaycanda keçirilən seçkiləri isə təqribən 50 min müşahidəçi izləyir. Təsəvvür edin ki, 47 min müşahidəçi seçkilərdən razı olduğu halda, cəmi 300 nəfər nəticələrdən narazılıq edir. Onlar aktivlik göstərək cəmiyyətdə süni şəkildə antidemokratik seçki ab-havası fikrini yaratmaq istəyirlər. Bu isə o deməkdir ki, seçki prosesinə müdaxilə etmək istəyən şəxslərlə mübarizə aparmaq olduqca çətindir. Hesab etmirəm ki, jurnalist ictimai fikri formalaşdırmaq üçün öz fikrini ortaya qoymalıdır. O, sadəcə məlumatı alıb ötürmək funksiyasını yerinə yetirməlidir. Seçkilərin internet vasitəsilə izlənilməsi imkanı ilk dəfə Azərbaycanda tətbiq olunub. Heç kim zənn etməsin ki, bu hər hansı bir inkişaf etmiş ölkədə tətbiq olunub. Ancaq bizim təcrübəmizdən istifadə etmək istəyən dövlətlər də az deyil".

Demokratik cəmiyyətdə KİV-lərin seçki müşahidəçiliyinin əhəmiyyətindən danışan hüquqşünas Aydın Kərimov demokratiyanın ən vacib göstəricilərindən birinin seçki olduğunu bildirib. Onun sözlərinə görə, vətəndaşların seçki prosesində ictimai fəallığının artırılması üçün jurnalistlərin üzərinə böyük məsuliyyət düşür: "Media mənsubları seçkidə iştirak etməklə ictimai nəzarəti təmin edirlər. Eyni zamanda, onlar qanunvericiliyə tam əməl olunması, xalqın düzgün informasiya ilə təmin edilməsi, eləcə də qüsurların çatdırılaraq aradan qaldırılması üçün fəaliyyət göstərirlər.

A.Kərimov Bələdiyyə seçkilərində jurnalistlərin namizəd olaraq iştirakını müşahidə etmədiyini bildirib. O, qeyd edib ki,  bununla onlar seçki prosesini yaxından izləyə və nəticələr haqda daha ətraflı informasiyaya malik ola bilərdilər.

Media eksperti Ələsgər Məmmədli isə seçki prosesində medianın məsuliyyəti haqda məlumat verib. O, təxminən 1 həftədən sonra Bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladaraq, bu prosesdə media mənsublarının iki istiqamət üzrə iştirak etdiyini bildirib: İnformativ dəstək və platformansın təqdimatı. Ə.Məmmədlinin sözlərinə görə, əsas məsələ seçkilərdə şəffaflığının təminatıdır: "Buna tam nail olmaq üçün KİV-lə birgə iş aparmaq vacibdir. İnformaitv dəstək dedikdə, jurnalistlərin əldə etdiyi informasiyanı obyektiv və qərəzsiz ötürmələri nəzərdə tutulur. Bu müddəa Azərbaycan qanunvericiliyində də öz əksini tapıb. Sosial media bir çox hallarda klassik mediadan fərqləndiyi üçün qarşısında heç bir məhdudiyyət görmür. Ona görə də, KİV azadlığından sui-istifadə edilərək etik qaydalar pozulur. Ancaq hər kəs bilməlidir ki, ölkə qanunvericiliyinə görə, hər ikisi eyni qaydada məsuliyyət daşıyır. Hər kəs ənənəvi mediaya uyğun peşə qaydalarına riayət etməlidir".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Jurnalistlərin seçki məntəqələrində davranış qaydaları" mövzusunda məruzələrlə çıxış edib.

Onun sözlərinə görə, müstəqillik qazanılandan sonra Azərbaycanda kifayət qədər demokratik seçki ənənəsi formalaşıb: "Müəyyən hallarda səsvermə prosesində insidentlər də yaşanır. Bunun əsas səbəbi vətəndaşların düzgün məlumatlandırılmamasıdır. Jurnalist qarşılaşdığı qanun pozuntusu ilə əlaqədar yerinə cavab ala bilmirsə, "115" nömrəli qaynar xəttə zəng edərək, öz iradlarını bildirə bilər.

Aparılan müzakirələrdə "525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli, eləcə də digər KİV və QHT nümayəndələri iştirak edib.

Qeyd edək ki, konfransda KİVDF-nin maliyyə yardımı ilə həyata keçirilən "Jurnalistlərin bələdiyyə seçkiləri prosesində müşahidəçi kimi iştirakına yardım" layihəsi çərçivəsində Seçki Məcəlləsində, MSK-nın təlimatlarında və digər qanunvericilik aktlarında əks olunmuş müddəalardan seçmələr əsasında hazırlanan "Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi" kitabçası təqdim olunub.

Ceyhun ABASOV

 





16.12.2014    çap et  çap et