525.Az

Ermənilərin Azərbaycanın ərazi bütövlüyünün təhrif edilməsi cəhdinin qarşısı alındı


 

Ermənilərin Azərbaycanın ərazi bütövlüyünün təhrif edilməsi cəhdinin qarşısı alındı<b style="color:red"></b>

BMT tərəfindən Cenevrə şəhərində təşkil edilmiş “İllik Bazar”da iştirak edən Ermənistanın Daimi Nümayəndəliyinin stendində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Şuşa şəhəri ilə bağlı erməni müəllifləri tərəfindən hazırlanmış vəsaitlərin nümayiş etdirilməsinə cəhd göstəriib.

Həmin vəsaitlərdə Azərbaycanın ərazi bütövlüyü təhrif edilib və ölkəmizin ərazisi ilə bağlı həqiqəti əks etdirməyən xəritələr verilib. “İllik Bazar”da iştirak edən Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi bu cəhdin qarşısını alıb.

Nümayəndəlikdən ANS PRESS-ə verilən məlumata görə, Daimi Nümayəndə Murad Nəcəfbəyli hələ tədbirin rəsmi açılış mərasimindən öncə sözügedən məsələ haqqında “İllik Bazar”ın təşkilatçılarını məlumatlandırıb. Ölkəmizin ərazi bütövlüyünü təhrif edən, özündə həqiqəti əks etdirməyən, siyasi məqamları ehtiva edən xəritə və nəşrlərin Ermənistanın stendindən çıxarılması tələb olunub. Azərbaycan tərəfinin tələbindən sonra BMT nümayəndələri Ermənistanın stendinə baxış keçirib və Ermənistanın Daimi Nümayəndəliyindən sözügedən materialların nümayişinin dərhal dayandırılmasını tələb ediblər. Bundan sonra həmin materiallar Ermənistanın stendindən çıxarılıb. BMT-nin nümayəndələri bu xoşagəlməz hal barədə onların məlumatlandırıldığına görə, Azərbaycan tərəfinə öz dərin təşəkkürünü ifadə edib. Onlar belə halların bir daha təkrarlanmasına imkan verməyəcəklərini vəd ediblər.

Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti adından müvafiq maliyyə vəsaiti BMT-nin aidiyyəti xeyriyyə fonduna köçürülüb. Həmin maliyyə vəsaiti dünyanın müxtəlif yerlərində əlverişsiz şəraitdə olan uşaqların xeyrinə müxtəlif layihələrin həyata keçirilməsi üçün sərf olunacaq.

Qeyd edək ki, hər il ənənəvi olaraq BMT-nin Cenevrə şəhərindəki bölməsi – Millətlər Sarayında təşkil olunan “İllik Bazar”ın keçirilməsində məqsəd, ölkələr tərəfindən onların mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsindən ibarətdir. Cari ildə “İllik Bazar”ın 40-cı ildönümünün qeyd olunduğunu nəzərə alaraq, sözügedən tədbir “Sevginin 40 ili” şüarı altında təşkil edilib. Tədbirdə Cenevrədəki Daimi Nümayəndələri, BMT-nin Cenevrə Bölməsinin rəhbəri K-C.Tokayev, Cenevrə kantonunun və şəhərinin rəhbərləri, diplomatlar, İsveçrə ictimaiyyəti, İsveçrədə akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri və digər şəxslər iştirak ediblər.

Növbəti “İllik Bazar”ın 2013-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.

 





22.11.2012    çap et  çap et