525.Az

"Yüzillər keçsə də bu ayrılıqdan..."


 

XALQ ŞAİRİ, "21 AZƏR" HƏRƏKATININ İŞTİRAKÇISI SÖHRAB TAHİR AZƏRAZƏRLƏ SÖHBƏT

"Yüzillər keçsə də bu ayrılıqdan..." <b style="color:red"></b>

O taylı-bu taylı Azərbaycanın bütövlük simvolu olan ədəbiyyatımızın canlı klassiki Söhrab Tahir həsrət və dözüm şairi, xalqımızın azadlıq mübarizəsinin bənzərsiz tərənnümçüsüdür. Onun şəxsində sanki iki şair birləşmişdir. Oxucuya elə gəlir ki, o, şeirlərinin bir hissəsini Bakıda, digər hissəsini isə Təbrizdə yazır. Təbriz şeirləri azadlıq hayqırır, nifrət və qəzəb püskürür. Bakı şeirləri isə gülümsəyərək səadət nəğməsi oxuyur. Bu iki motiv onun poeziya qartalının iki möhkəm qanadıdır.

Xalq şairi Xəlil Rza S.Tahirin poeziyasını Araz üstündə bitmiş nəhəng palıd ağacına bənzətmişdir. Bu ağac sərhəd xəttinə məhəl qoymadan ayrılmaz bütöv Azərbaycan torpağından şirə çəkir, Arazın qan rəngli suyundan içir və başı üstündəki günəşdən yarpaq-yarpaq udaraq böyük baharı gözləyir...

Söhrab Tahir məslək və tale şairi, daha dəqiq desək, taleyini yazan şairdir. O, keşməkeşli və maraqlı bir həyat yolu keçmişdir. Elə söhbətimizə də onun nisgilli və həsrət dolu həyat yolundan başladıq.

- 1926-cı ildə Cənubi Azərbaycanın Astara şəhərində doğulmuşam. Gözəl evimiz vardı, dolanışımız da pis deyildi. Atamla əmim çəllək zavodu açmışdılar. Əvvəllər nefti tuluqlarda daşıyırdılar. Yolda tuluqlar yırtılır, neft itkisinə səbəb olurdu. Ona görə də çəlləklərə tələbat çox idi. Atamla əmimim ticarəti genişlənirdi. Əmim və anamın üç dayısı sosial-demokrat partiyasının üzvləri idilər. Atam partiyanın üzvü olmasa da, onun iclaslarında iştirak edirdi. Rza xan hakimiyyətə gələn kimi sosial-demokratların təqibi başlandı. Anamın dayıları Şurəviyə qaçdılar. Tezliklə Hidayət əmimi həbs etdilər. Atamı da Ərdəbildə türməyə saldılar. Sonra ailəmizin sürgün həyatı başlandı.

Onda mənim 6 yaşım vardı. Əmimlə bizim ailəni əvvəlcə Rəştə, sonra Ənzəliyə, Qəzvinə, Əsədabada, Həmədana, Qəsri-Şirinə, Kirmanşaha sürgün etdilər. Sürgün həyatı dözülməz idi. Hökumət adamları hər hərəkətimizə göz qoyur, addımbaşı bizi təhqir edirdilər. Atam səhər tezdən iş axtarmaq üçün evdən çıxır, gecədən xeyli keçmiş əliboş geri qayıdırdı. Onsuz da az danışan atam lap qaraqabaq olmuşdu. Anamın isə xəlvətə çəkilib ağlamaqdan başqa əlacı yox idi. Bizim qəlbimizi ovunduran yeganə təsəlli yerli adamların diqqət və qayğısı idi. Kirmanşahda evində kirayədə qaldığımız kürd Məhəmməd atam iş tapa bilmədiyi üçün bizdən altı ay kirə haqqı almadı. Onun arvadları Minəxanım və Hacıxanım hər vasitə ilə anama kömək edir, bizə qəribliyimizi unutdurmağa çalışırdılar.

Nəhayət, altı aylıq get-gəldən sonra atam İran - ingilis Neft Şirkətində işə girdi. Sonra əmimi də yanına apardı. Səkkizinci sinfi bitirəndən sonra mən də onlara qoşuldum. İngilislər köhnəlib sıradan çıxmış texnikanı yerli əhaliyə satmırdılar. Qarasu çayının şirkətin yaxınlığından keçən hissəsini qazıb dərinləşdirmişdilər, üstünə "finiş" yazılmış köhnə texnikanı ora tökürdülər. Bir qaynaq maşının da üstünə "finiş" yazmışdılar. Atam onu almaq fikrinə düşdü. Şirkətin baş mühəndisi azərbaycanlı idi - Növbəri. Atam onun yanına getdi. İngilislər İranın inkişafını istəmirdilər. Ona görə də yararlı-yararsız texnikanı suya tökürdülər ki, başqalarının əlinə keçməsin. Növbəri atama məsləhət gördü ki, rəisin yanına yerli adam getsə yaxşıdır, sürgün olunmuşlara ingilislərin texnika satması ağıla batan deyil. Atamla əmim kürd Məhəmmədi rəisin qəbuluna göndərdilər. O, balacaboy idi, bacarıqsız adam təsiri bağışlayırdı. Rəis də demişdi satın aparsın, onsuz da işlədə biməyəcək.

Şəhərin Feyzabad məhəlləsində Məhəmməd kişi ilə şərikli dəmirçi-qaynaq dükanı açdıq. Bundan sonra vəziyyətimiz əməlli-başlı düzəldi. Anam uzun illər idi ki, atamın 43 ölçülü köhnə ayaqqabılarının burnuna corab tıxayıb geyirdi. Mənim 16 yaşım olsa da, əldə toxunma səndəldə gəzirdim. Özümüzə əyin-baş, evə lazım olan əşyaları aldıq. Dəmirçi-qaynaq dükanında bütün işləri atamla qardaşım Pərviz görürdü. Mən də onlara yaxından kömək edirdim. Qaynaq aparatında və tokar dəzgahında sərbəst işləyə bilirdim.

İran tufana düşmüş nəhəng gəmi kimi yırğalanırdı. Rza xan ölkədən qaçmışdı. Yeni şah Məhəmməd Rza Pəhləvi təcrübəsiz idi. Ölkədə hərc-mərclik, başıpozuqluq baş alıb gedirdi. Fürsətdən istifadə edərək 11 il davam edən sürgün həyatına son qoyduq. Əmimin ailəsi ilə birlikdə Həmədan şəhərinə köçdük. Burada əhalinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi.

Həmədanda da dəmirçi-qaynaq dükanı açdıq. Sürgündə olduğu kimi, yenə ağır çəkici sindana mən vururdum. Ancaq tezliklə bu işdən uzaqlaşmaq, ölkədə baş verən proseslərdə yaxından iştirak etmək istəyirdim. Ona görə də əvvəlcə Tehrana, oradan da Təbrizə getdim.

-Bəs siyasi fəaliyyətə necə başladınız?

-Bizim ailə hələ mən doğulmamışdan siyasi proseslərə cəlb olunmuşdu. Sürgün həyatı, atamın, əmimin dəfələrlə həbs olunması, anamın üç dayısının siyasi mühacir kimi Şurəviyə keçməsi məni bir növ uşaqlıqdan inqilabçı etmişdi. Kənar təsirlər, üzləşdiyim ədalətsizliklər də öz sözünü deyirdi. Kirmanşahda fars məktəbində oxuyanda türk olduğum üçün kiçik bir səhvin üstündə ayağımı falaqqaya salıb elə döydülər ki, üç gün dərsə gedə bilmədim. Məktəblilər arasında üzgüçülük üzrə keçirilən yarışda hamını geridə qoysam da, türkə birinci yeri verməmək üçün finişə bir dövrə qalmış başqa bir məktəblini suya saldılar və mən ikinci oldum...

Açıq inqilabi fəaliyyətə isə Tehrandan Təbrizə gələrkən qoşuldum. Avtobusda tanış olduğum Cəfər adlı yol yoldaşım dedi: "Məni axtarırlar. Seyidcəfər Pişəvərinin redaktoru olduğu "Ajir" qəzetinin son nömrəsində Təbriz fəhlələrinin şikayət məktubu dərc olunub. Qəzetlər bu çamadandadır. Əgər məni tutsalar, onu Həmkarlar İttifaqına çatdır". Avtobus dayanan kimi iki polis Cəfərin qoluna girib apardı. Mən də onun çamadanını dediyi ünvana çatdırdım. Artıq 1943-cü il idi. Təbriz, sözün əsl mənasında, qaynayırdı. Mitinqlər bir-birini əvəz edir, hamının ürəyindən xəbər verən şüarlar səslənirdi: "Yaşasın fəhlə birliyi!", "8 saatlıq iş, artıq işin müqabilində əmək haqqı tələb edirik!", "Yaşasın Azərbaycan dili!", "Məhv olsun fəhlənin haqqını yeyənlər!" və s. Hamı inamla yeriyirdi, hamıda inqilab əzmi vardı.

Təbrizin Saatqabağı meydanında mitinqlər daha gur keçirdi. İnqilab şairi Məhəmməd Biriyanın fəhlələr, kəndlilər, alman faşistlərinin məğlubiyyəti haqqında oxuduğu şeirlər böyük coşqu ilə qarşılanırdı. Nədən danışılırdısa danışılsın, axırda söz Azərbaycan dilinin ölməzliyi, əbədiyaşarlığı üzərinə gələr və sonda bütün meydanı titrədən "Yaşasın Azərbaycan dili!" şüarı səslənərdi. Atamı tez-tez mitinqlərdə görürdüm. Tamam dəyişib fəallaşmışdı. Əmim də, o da İran Xalq Partiyasına üzv olmuşdular.

Mitinqlərə azərbaycanca çıxan "Vətən yolunda" qəzetinin nüsxələrini də gətirirdilər. Təbrizlilər bu qəzetdə dərc olunan yazıları böyük həvəslə, sevə-sevə oxuyurdular. Hərbi geyimdə şəhəri gəzməyə çıxan Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Böyükağa Qasımzadə, Süleyman Rüstəm və şimaldan gəlmiş digər ədəbiyyat xadimləri ilə öz doğmaları kimi söhbət etməkdən doymurdular.

Seyidcəfər Pişəvərinin Tehrandan Təbrizə dönüşü ilə inqilabi hərəkat daha da genişləndi. Onun təklifi ilə Təbrizdə Xalq Partiyasını əvəz edən Azərbaycan Demokrat Firqəsi təsis olundu. Xalqın qəzəbindən qorxan xan, ərbab, karxana-fabrik sahibləri Tehrana gedir və geri qayıtmırdılar. 1945-ci il dekabrın 12-də Təbrizdə "21 Azər" inqilabı qan tökülmədən inqilab qalib gəlirdi. Ancaq Pişəvəri hamını fitnə-fəsadlara hazır olmağa, imkan daxilində silahlanmağa çağırırdı.

Silah alanlar arasında mən də vardım. Cəfərin köməyi ilə "Berko" tüfəngi aldım. Sonra 12 nəfər fədai ilə 7-ci nahiyəyə hücum etdik. Polislər bir yoldaşımızı öldürsələr də, onlardan 6 nəfərini əsir götürdük. Sonra sərbazxanaya gəldik. S.Pişəvərini ilk dəfə orda gördüm. Başında qara şlyapa, əynində nimdaş palto vardı. Əmimin dostu Məmi Nünəkərani yanında idi. Ona məlumat verdim ki, 7-ci nahiyəni tutduq. "Əhsən!" dedi və sözlərimi Pişəvəriyə çatdırdı. O, razılıqla mənə baxırdı. Sonra M.Nünəkərani dedi: "Get evə, soruşsalar, de ki, Azərbaycandakı şah ordusunun rəisi general Derəxşani təslim olmağa razılıq verib. Gözləyirik, sərbazxananı təhvil alaq. Sabah Daşmağazalar küçəsinə gəl, firqənin Mərkəzi Komitəsi oradadır".

Səhər Mərkəzi Komitəyə getdim. M.Nünəkəraninin zəmanəti ilə məni Mərkəzi Komitəyə təlimatçı götürdülər. Sənədlərə, firqə biletlərinə möhür vurur, ara işləri də görürdüm. İşim çox olurdu. Bəzən dayanmadan 4-5 saat möhür vururdum. Təşkilat şöbəsinin otağı S.Pişəvərinin otağı ilə üzbəüz idi. Arabir otağından çıxar, barmaqları ilə qulaqlarını tutaraq deyərdi: "Söhrab, qulağımız getdi axı..."

S.Pişəvəri qətiyyətli, qorxmaz bir insan idi. 12 il Qəsri-Qacar zindanında yatmışdı. Yeri gəlmişkən, atam və əmimlə də orada dostlaşmışdılar. Məslək və əqidəsinə sadiq adam idi. Heç kəsdən qorxmazdı, hamının nöqsanını şax üzünə deyərdi. Rza xan Afrikaya qaçandan sonra həbsxanaların qapısı açıldı, o da azadlığa çıxdı. Ömrünün sonuna qədər də azadlıq ideallarına sadiq qaldı.

- Sizin Bakıda hərbi məktəbdə təhsil almağınızın təşəbbüskarı da Pişəvəri olub?

(Ardı var)

Əlipənah BAYRAMOV,
Əməkdar mədəniyyət işçisi, H.B. Zərdabi mükafatı laureatı

 





16.12.2014    çap et  çap et