|
|
|
|
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh ilə görüşüb.
Bu barədə 525.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Bəhreyn əməkdaşlığının parlamentlərarası müstəvidə inkişafı və davam etdirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İki ölkə arasında dostluq, qardaşlıq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, xalqlarımız arasında bağların daha da gücləndirilməsi istiqamətində parlament diplomatiyasının, qanunvericilik orqanlarının üzvləri arasında qarşılıqlı səfər və mübadilələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanla Bəhreyn arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq məmnunluqla qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində təsis edilmiş Parlament Şəbəkəsinə Bəhreyn tərəfindən göstərilən dəstəyə, habelə Parlament Şəbəkəsinin ikinci iclasının Manamada müvəffəqiyyətlə təşkilinə görə təşəkkür ifadə olunub.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə hədə törədən mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Azərbaycanın təşəbbüsü və səylərilə irəlilədilən ikitərəfli normallaşma və sülh danışıqları çərçivəsində əldə olunan uğurlardan bəhs olunub, sülh müqaviləsinin mətni üzrə danışıqların yekunlaşdırıldığı diqqətə çatdırılıb. Bununla belə, Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarının regional sülh səylərinə maneə olduğu vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
xxxx
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
525.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in "X" səhifəsində bildirilib.
"Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə hərtərəfli müzakirə aparıblar", - məlumatda qeyd olunub.
Öz növbəsində, C.Bayramov qeyd edib ki, Bəhreyn Baş naziri ilə danışıqlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişafı da daxil olmaqla məsələlərin geniş spektrini əhatə edib.
"Biz həmçinin qarşılıqlı maraq doğuran mühüm regional və qlobal hadisələr barədə fikir mübadiləsi apardıq. Əminəm ki, yüksək səviyyəli əlaqələrin və qarşılıqlı səfərlərin intensiv şəkildə davam etməsi ölkələrimiz arasında daha sıx əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək", - nazir sosial şəbəkədə yazıb.