525.Az

Dünyanın şair taleyi


 

Dünyanın şair taleyi<b style="color:red"></b>

(esse)

Nə bizim era idi, nə də bizim eradan əvvəl.Nə keçmiş idi, nə bu gün, nə də gələcək. Dünyanın payız çağı idi. Qoca dünya əlində əsa, topal ayağını sürüyə-sürüyə, xəzəl tökülmüş meşədə gəzişirdi. Yerlə sürünən ağ saqqalı xəzəli süpürgə kimi qarşısına alıb aparır, ona yol açırdı. Sinəgir adamlar kimi arada tənginəfəs olub xəzəlin üstünə uzanır, başını kəsilmiş palıd ağacının kötüyünə qoyub, göylərə baxırdı. Palıd kötüyü bir az edam kötüyünü xatırladırdı. Yer üzündəki bütün insanların qırışlarını əllərinə yığmışdı. Çuxura düşmüş gözlərində göz yaşlarını qoyacaq yer qalmamışdı. Ayaqlarına və çiyinlərinə düşən ağırlıq qəddini əymişdi. Ürəyindən döyüntü əvəzinə, ah-nalə qarışıq silah səsləri gəlirdi. Xəcalət və halal alın təri bir-birinə qarışır, axıb, ağacları kəşilmiş meşəyə bənzəyən çal saçları arasında itirdi. Meh belə əsmirdi, sanki Tanrı bir yarpağının belə yerini dəyişmək istəmirdi. Buludlar arabir boy göstərən günəşi tələsik öpüb, harasa tələsirdi. Saralmış otların yanağına təzəcə doğulmuş yavru yağış damcıları düşmüşdü.Hardasa, uzaqlardan gələn qarğa səsləri bu hüznlü musiqiyə ritm tuturdu.

Qoca dünya qırış tutmuş əllərini ağrıyan ürəyinə aparıb inildəyirdi. Hər dəfə əlini ürəyinə aparanda bir insan taleyinə toxunurdu barmaqları. Bu dəfə əlləribir şair taleyinə toxundu. Əlləri ilıq sudaymış kimi gülümsündü. Sonra sanki tikan batdı baş barmağına, sazaq kəsmiş əllərinə isti nəfəs dəydi. Bu qədər yaşı vardı, ancaq müdriklikliyi bunun ağrı, ya zövq olduğunu ayırd etməyə kifayət etmirdi. Görmək istədi, şair taleyini. Ürəyindən şairin taleyini çıxarmaq öz ürəyini sinəsindən çıxarmaqdan çətin gəldi ona. İlk dəfəydi ki, qoca dünya Tanrıdan ürəyində daşıdığı bir taleyin gözlərinə görünməsini diləyirdi. Dünya şairin taleyinə o qədər aludə olmuşdu ki, əvəzində gözlərini belə verməyə hazır idi. Tanrı dərgahı isə o qədər ali idi ki, orada dünyanın gözlərinə belə ehtiyac yox idi.

Qocanın istəyi gözündə qalmadı, şairin taleyi dünyanın gözlərinə çəkildi. Göz-gözə dayandılar, susdular... Dünyada elə bir dil yox idi ki, bu baxışları əvəz etsin. Şeir idi bu baxışlar. Misra idi gozlərini qırpmaqları, heca idi udqunmaqları. Söz idi bu görüş. Nə şair taleyi dünyanın ürəyinə qayıtmaq istəyirdi, nə də dünya onu ürəyinə qaytarmaq istəyirdi. Ancaq ürəyindəki ağrılar daha da şiddətlənmişdi; çökürdü ürəyi. Dünya indi başa düşdü ki, niyə şairin taleyinin çiyinləri qabar bağlıyıb? İndi başa düşdü ki, niyə Tanrı onun ürəyindəkiləri gözlərinə göstərmirmiş.

Dünya təzim edirmiş kimi ağır-ağır qulaqlarını şairin taleyinə söykədi. Şairin taleyindən xırıltılı səs gəlirdi. Orada, hardasa uzaqlarda, boynu edam kötüyündə, əlləri bağlı, gözüyaşlı bir şair deyirdi: "Bəli, bu mənim yalanımdır! Dinləyin mənim bu yalanımı! Unutmayın ki, bu yalan həqiqətlər atılmış bir tarlada bitmiş yalanlardır. Unutmayın ki, düşündürən yalan, ruhdan salan həqiqətdən daha üstündür. İzn verin, keçim gedim. Məni tanıdınızsa, tanımamazlığa vurun, gördünüzsə, görməzliyə vurun. Gedəcəyim yerə çatmaq üçün ölümü belə görməzliyə vurmağa hazıram. Məni qovub, qəbrə qıslamayın. Mən gecəmi gündüzümə qatıb alaqaranlıq bir yolla üzüyuxarı gedirəm. Yatarkən belə dünyadan yıxılmayım deyə, kürəyimi divara söykəyib yatıram. Mən gecə rəngli mürəkkəblə aydın səhərləri yazan şairəm. Bunu birdəfləlik bilin, şairlər gecə oğruları deyil, gecə doğrularıdır...

Mən dünyaya mümkün qədər gec gəlmişəm, mümkün qədər gec getməliyəm. Sizin kimi bu dünyanın sarvanı olmaqdansa, mənim kimi bir tərkidünya çaparın tərkində oturmaq daha şərəflidir. Eşidirsənmi ey öz bətnində gəzdirdiyin övladının üzünü görməyən insan, mən dünyanın sonuncu adamını görməyə gedirəm. Mənəm dünyanın ilk insanından sonuncu adamına söz aparan adam. Mənəm bu yumru dünyanın əvvəlindən sonuna vətər çəkən. Kəsməyin yolumu, kəsməyin bu dünyanın vətərini; ayırmayın bu dünyanın ətini sümüyündən.

Mən dünyanın sonuncu adamına doğulmağın nə olduğunu başa sala bilməyib, ölümü öyrətməyə gedirəm. Heç bilirsinizmi, dünyanın sonuncu adamı necə olacaq? O özündən başqa heç kimi görmüyəcək, özünü belə. Yıxılanda onu insan əli qaldırmayacaq, insan qəbirlərindən tutub qalxacaq. Dizini daşa vuranda canına çökən ağrıyla, könül oxşayan bir daşa vurularkən ruhuna çökən sevginin fərqini bilməyəcək. Hər şey qaydasında ikən, qadına bənzər nəyinsə çatışmadığını dərk edib: "Su", - deyəcək. Bir alma ağacının altında çürümüş alma ilə dolu gölməçənin qıcqırmış suyundan içib, sərxoş olacaq və dünyadan qovulacaq. Dünyada heç kim qalmayacaq. Mən o sonuncu insanı onun arxasınca övladı və valideyni kimi ağlamağa gedirəm. Öldürməyin məni, ey öləcəklər! Öldürməyin dünyanın bətnini!"

Şairin ülgüc kimi iti sözlərinə cəlladın küt baltası nöqtə qoydu. Onun taleyi dünyanın qırışlarının arasında gözdən itib, qeyb oldu. Qəzəblənmiş Tanrı bir göz qırpımında dünyanın alın yazısını dəyişdi. Hər dəliyi bir ruhyüklü İsrafil surunun dəhşətli səsi dünyanın qulaqlarını batırdı. Qoca dünya huşunu itirib, üzüüstə yıxıldı, qalan ömrü xəzəlin üstünə dağıldı. Dünyanın sonuncu adamı ölü doğuldu.Yer-göy bir-birinə qarışdı. Şairin edamını izləyən adamlar həyəcanla qışqırdılar:

- Qiyamət!

 





17.12.2014    çap et  çap et