525.Az

Azərbaycan xalçaları I Ümummoldav xalça yarmarkasında


 

Azərbaycan xalçaları I Ümummoldav xalça yarmarkasında <b style="color:red"></b>

Azərbaycanın Moldovadakı səfirliyi iki ölkə arasında mədəni əlaqələrin inkişafı proqramının icrası və Azərbaycan incəsənətinin təbliği çərçivəsində I Ümummoldav xalça yarmarkasında iştirak edib.
 
Diplomatik nümayəndəliyimizdən AzərTAc-a bildiriblər ki, yarmarka Moldova Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Kişineuda Moldekspo Sərgi Mərkəzində keçirilib.

Yarmarkada Moldovanın ayrı-ayrı əyalətlərinin, kəndlərinin və fərdi xalça istehsalçılarının təqribən 50 pavilyonu açılıb. Azərbaycan fəxri qonaq statusu alan yeganə ölkə olub.

Azərbaycan səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin səyləri ilə hazırlanan pavilyonumuz istər fəxri qonaqların, istərsə də yarmarkaya gələnlərin diqqətini cəlb edib.

Burada Azərbaycanın, demək olar ki, bütün xalçaçılıq məktəblərini, o cümlədən Qarabağ, Şirvan, Gəncə, Quba, Qazax-Borçalı, Təbriz və s. məktəblərini təmsil edən 20-dək xalça nümayiş etdirilib. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin peşəkar mütəxəssisləri qonaqlara Azərbaycan xalçaçılığının xüsusiyyətləri barədə ətraflı informasiya veriblər. Azərbaycan xalçalarına həsr olunan kitab və albomlar təqdim edilib.

Azərbaycan pavilyonuna gələn qonaqlar arasında Moldova Prezidentinin xanımı Marqarita Timofti, mədəniyyət naziri Monika Babuk, ombudsman Aureliya Qriqoriu, xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Valeri Kiver, bir sıra ölkələrin Moldovadakı səfirləri, Moldova parlamentinin deputatları, Azərbaycan diasporunun və Moldova ictimaiyyətinin nümayəndələri olublar.

 





17.12.2014    çap et  çap et