Fransa diplomatlarının Əlcəzairdən çıxarılmasına cavab olaraq vizası olmayan bütün diplomatik pasport sahiblərini ölkələrinə qaytaracaq.
525.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Baro bildirib.
"Bizim cavabımız dərhal, qəti və indiki mərhələdə mütənasibdir: biz hazırda vizası olmayan bütün diplomatik pasport sahiblərinin Əlcəzairə qaytarılmasını tələb edirik", - nazir deyib.
XİN başçısı Əlcəzair tərəfinin qərarını izaholunmaz adlandırıb: “Əlcəzairlilər işçilərimizi qovmaq qərarına gəldilər - biz də onları qovuruq".
Baro, həmçinin Əlcəzair tərəfinin qərarlarından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, baş verənlər nə Fransanın, nə də Əlcəzairin maraqlarına uyğun gəlir.
Mayın əvvəlində Əlcəzair Xarici İşlər Nazirliyi Fransadan diplomatik və konsulluq işçilərinin təyin edilməsi prosedurunu pozduğuna görə səfirliyin 15 əməkdaşını geri çağırmasını tələb edib. Fransanın Əlcəzairdəki müvəqqəti işlər vəkilinə müvafiq göstərişlər verilib.
Fransa prezidenti Emmanuel Makron Mərakeşin suverenliyi altında Qərbi Sahara bölgəsi üçün muxtariyyət yaratmaq planını uzun müddətdir davam edən ərazi mübahisəsini həll etməyin yeganə yolu kimi qəbul etdikdən sonra ölkələr arasında münasibətlər pisləşib. Əlcəzair bəyanatı tənqid edib və səfirini Parisdən geri çağırıb. 2025-ci ilin fevralında Fransa bəzi yüksək rütbəli Əlcəzair məmurlarının ölkəyə girişini məhdudlaşdırıb və Millət Şurası (parlamentin yuxarı palatası) Fransa Senatı ilə əlaqələri kəsdiyini elan edib.
Aprelin əvvəlində Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Əlcəzairdən olan həmkarı və ölkə prezidenti Əbdülməcid Tebbun ilə görüş keçirib, görüşdə tərəflər bütün sahələrdə əməkdaşlığı bərpa etmək barədə razılığa gəliblər. Gərginliyin aradan qaldırılması arzusunu iki ölkə prezidentləri martın sonunda telefon danışığında da dilə gətiriblər. Amma münasibətlərdəki gərginlik aradan qalxmayıb və tərəflər qarşılıqlı olaraq diplomatları ölkələrindən çıxarıblar.
Pərvanə Sultanova
çap et