525.Az

Azərbaycan Velosiped Federasiyasında məşqçilərlə görüş keçirilib


 

Azərbaycan Velosiped Federasiyasında məşqçilərlə görüş keçirilib<b style="color:red"></b>

Azərbaycan Velosiped Federasiyasında federasiya rəhbərliyi ilə ölkənin müxtəlif bölgələrindən olan velosiped məşqçiləri arasında görüş keçirilib.

525.az xəbər verir ki, iclasın əsas məqsədi cari il ərzində Federasiyanın qarşısında duran vəzifələrin, prioritet istiqamətlərin və inkişaf perspektivlərinin müzakirəsi, həmçinin məşqçilərin fikir və təkliflərinin dinlənilməsi olub.

Görüşü giriş sözü ilə açan Federasiyanın I vitse-prezidenti Sahib Ələkbərov yeni mərhələdə velosiped idmanının inkişafı, perspektivli idmançıların üzə çıxarılması, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq yarışların bərpası istiqamətində qarşıya qoyulan əsas hədəflərdən bəhs edib. O, həmçinin regionlarda idmanın inkişafı üçün mövcud imkanlardan istifadənin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən məşqçilər mövcud problemlər, xüsusilə velosipedlərin çatışmazlığı, infrastrukturun təkmilləşdirilməsi, idmançıların beynəlxalq təcrübə qazanması üçün xarici təlim-məşq toplanışlarına cəlb edilməsi və məktəblərarası yarışların bərpası ilə bağlı təkliflərini səsləndiriblər.

Görüşdə həmçinin “Tour d’Azerbaidjan” yarışının bərpası, peşəkar velosiped komandasının yaradılması, qadın velosipedçilərin sayının artırılması və Qarabağda Velosiped Məktəbinin təsis edilməsi kimi təşəbbüslər ətrafında da müzakirələr aparılıb.

 





14.05.2025    çap et  çap et