525.Az

"Yüzillər keçsə də bu ayrılıqdan..."


 

XALQ ŞAİRİ, "21 AZƏR" HƏRƏKATININ İŞTİRAKÇISI SÖHRAB TAHİR AZƏRAZƏRLƏ SÖHBƏT

"Yüzillər keçsə də bu ayrılıqdan..." <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

O taylı-bu taylı Azərbaycanın bütövlük simvolu olan ədəbiyyatımızın canlı klassiki Söhrab Tahir həsrət və dözüm şairi, xalqımızın azadlıq mübarizəsinin bənzərsiz tərənnümçüsüdür. Onun şəxsində sanki iki şair birləşmişdir. Oxucuya elə gəlir ki, o, şeirlərinin bir hissəsini Bakıda, digər hissəsini isə Təbrizdə yazır. Təbriz şeirləri azadlıq hayqırır, nifrət və qəzəb püskürür. Bakı şeirləri isə gülümsəyərək səadət nəğməsi oxuyur. Bu iki motiv onun poeziya qartalının iki möhkəm qanadıdır.

Xalq şairi Xəlil Rza S.Tahirin poeziyasını Araz üstündə bitmiş nəhəng palıd ağacına bənzətmişdir. Bu ağac sərhəd xəttinə məhəl qoymadan ayrılmaz bütöv Azərbaycan torpağından şirə çəkir, Arazın qan rəngli suyundan içir və başı üstündəki günəşdən yarpaq-yarpaq udaraq böyük baharı gözləyir...

Söhrab Tahir məslək və tale şairi, daha dəqiq desək, taleyini yazan şairdir. O, keşməkeşli və maraqlı bir həyat yolu keçmişdir. Elə söhbətimizə də onun nisgilli və həsrət dolu həyat yolundan başladıq.  

- Sizin Bakıda hərbi məktəbdə təhsil almağınızın təşəbbüskarı da Pişəvəri olub?

- Bəli, altı ay idi ki, MK-da işləyirdim. Firqənin sədri Ağayi Baqidanın, M.Nünəkəraninin və Milli Hökumətin baş prokuroru F.İbrahiminin verdikləri zəmanətlə ADF-nin üzvlüyünə qəbul olunmuşdum. "21 Azər" medalına təqdim olunanlar siyahısında mənim də adım vardı. Atam MK aparatının komendantı, əmim baş mühasibi idi. S.Pişəvəri aypara şəkilli möhürünü gecələr ancaq mənə etibar edərdi. Demək istəyirəm ki, MK-də işlədiyim müddətdə böyük hörmət və etibar qazanmışdım.

Bir gün S.Pişəvəri məni otağına çağırdı. Baş prokuror Firudin İbrahimi də yanında idi. Dedi: "Hərbi məktəbdə oxumaq üçün ərizə yazmısan?" Dedim: "Bəli". Dedi: "Səni göndəririk Bakı hərbi məktəbinə, razısan?". F.İbrahimi mənim cavabımı gözləmədən əlavə etdi: "Səni göndəririk qızıl Bakıya. Get oxu, başını qızıl elə, gəl Qızılbaş Ordusunun zabiti ol". Sonra S.Pişəvəri dedi: "Sənin hərbi təhsil almağın firqə tapşırığıdır. Get hazırlaş". Mən razılığımı bildirdim və sevincək otaqdan çıxdım.

...Təxminən hamısı mən yaşda olan 200 gənci yük qatarına doldurdular. Sevincimiz yerə-göyə sığmırdı, - deyib gülürdük. Günəş çıxmamış qatar Culfadan Sovet Azərbaycanının ərazisinə daxil oldu. Bir dəstə uşaq qatarla yanaşı qaçaraq "çörək", "çörək" deyə qışqırırdı. Sovet uşaqlarının çörək istəmələrinə, onların aclıq çəkmələrinə inanmasaq da, bir neçə çörək kömbəsini pəncərədən atdıq. Uşaqların acgözlüklə onları yediklərini görüb o biri kömbələri də tulladıq. Ölkə ağır müharibədən çıxmışdı, hər tərəfdə aclıq, kasıblıq hiss olunurdu.

Bizi Biləcəridə düşürüb Bakı Hərbi Piyadalar Məktəbinə gətirdilər. Sonra bərbərxanaya, hamama aparıb göytəhər hərbi geyim verdilər. Təbrizdən gətirdiklərimizi isə idman zalına yığdılar. Bir-birimizi tanıya bilmirdik, başımız qırxılmış, əynimizdəki gen paltarların içində itib-batmışdıq. Şam yeməyi zamanı hər manqa bir mizin ətrafında oturdu. Hər mizin üstündə bir yekə qazan vardı. Bizim qazandakı balıq supu idi. Kəskin iy verən qazana heç kim əl uzatmadı. Kolbasanı da yeyə bilmədik. Üstündə "1937-ci il" yazılmış qara çörəyi iştahla yedik. Sonra öyrəndik ki, bu çörək 1937-ci ilin taxılından bişib. Yeməkxanadan çıxanda arıq və solğun bənizli alman əsirlərinin yalvarıcı baxışları ilə qarşılaşdıq. Mən geri qayıdıb yemədiyimiz kolbasanı və çörəyi onlara verdim.

Şam üçün bizə cəmi 9 dəqiqə vaxt verilirdi. Sərt hərbi rejim ev-eşiyindən ayrı düşmüş cavanlara artıq göz ağardırdı. Gündə 16 saat hərbi təlim keçirdik. Topçuluq nəzəriyyəsindən, hərbi taktikadan, müasir silahlardan bizə Azərbaycan dilində dərs deyirdilər. İki həftə ərzində arıqlayıb tanınmaz şəklə düşmüşdük. Bir tərəfdən dərslər, səhra taktikası, digər tərəfdən isə verilən yeməkləri yeyə bilməməyimiz öz sözünü deyirdi. Ancaq mənim üçün bütün bunlar ana dilində dərs oxumaq səadəti, hərbi əmr və fərmanların Azərbaycan dilində səslənməsi sevinci ilə müqayisədə heç nə idi. Respublika rəhbərliyi isə belə düşünmürdü. Tezliklə məktəbə bəstəkar Niyazi, yazıçı Mirzə İbrahimov və adını xatırlaya bilmədiyim Nuriyevdən ibarət komissiya göndərildi. Komissiya üzvləri bizim xahiş və tələblərimizə diqqətlə qulaq asdılar. Az sonra bizim menyumuzu dəyişdilər və təyyarəçilərə verilən yeməklərlə əvəz etdilər. Ancaq bizi narahat edən Cənubi Azərbaycandan gələn həyəcanlı xəbərlər idi. Gecələr radiolara qulaq asanda aydın başa düşürdük ki, rəsmi Tehran Azərbaycan Milli Hökumətini yıxmaq üçün ABŞ və SSRİ rəhbərləri ilə qızğın danışıqlar aparır və hər cür alçaqlıqlara əl atır. Bir xəbərdən lap sarsıldıq: şah qoşunları "Əncüman seçkilərinə nəzarət" şüarı altında Azərbaycan ərazisinə daxil olub. Onlar firqə təşkilatlarını, dövlət idarələrini dağıdır, fədailəri amansızcasına öldürürdülər.

Biz Təbrizə qayıdıb xalqa kömək etmək istəyirdik. Bu tələblə də dərslərə girmədik. Milli Hökumət süqut edəndən sonra İran dövləti Bakıda hərbi təhsil alan kursantların Təbrizə dönməsini yasaqladı. Biz kursu bitirib zabit rütbəsi aldıq. Ancaq heç birimiz sevinmirdik. Gənclik həmişə böyük arzularla, yüksək amallarla yaşayır. Biz də fikirləşirdik ki, bu ağır təlimlərdən sonra vətənə dönəcək, uzun illərdən sonra Azərbaycanın bütövlüyünə nail olacağıq. Milli Hökumətin süqutu hər şeyi alt-üst etdi. İçimdə böyük bir boşluq, qəlbimdə ağır bir kədər vardı. Sonralar bu hiss aşağıdakı misraları göyərtdi:

Azad qardaşım var, onunla xoşam,
Gərəkdir sahili-sahilə qoşam.
İkiyə bölünməkdə elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha...

Hamımız Təbrizə qayıtmaq haqqında fikirləşirdik. Bir gün S.Pişəvəri görüşümüzə gəldi. O, bərk arıqlamışdı. "Milli Hökumətin gənc zabitləri, - dedi, - Tehran Azərbaycan xalqına xəyanət etdi. Biz müvəqqəti olaraq geri çəkildik. Müqavimət göstərsəydik, Sovet İttifaqı bizi müdafiə edəcəkdi, bəlkə də, Üçüncü Dünya müharibəsi başlayacaqdı. Biz geri çəkildik. Ancaq partizanlarımız dağlarda şah ordularına müqavimət göstərir. Biz də burada hərbi təlim keçdikdən sonra Vətənə qayıdacağıq. Münasib vaxt gözləyirik. Biz Azərbaycan xalqını şah ordusu və irticanın qanlı pəncəsindən xilas edəcəyik".

Son sözləri deyərkən Pişəvərinin səsi titrədi. Kursantların da çoxu göz yaşlarına sahib ola bilmədi. O gündən aramızda ikitirəlik yarandı. 200 zabitin böyük əksəriyyəti Təbrizə qayıtmaq üçün etiraz mitinqlərinə başladı. Bir qismi isə Pişəvərinin dediyi kimi, tarixi məqamı gözləməyi lazım bildi.

- Siz də Təbrizə qayıtmağı tələb edənlərin arasında idiniz?

- Əlbəttə! İntiqam hissi ilə alışıb yanırdım. Cənubdakı qardaşlarımızı amansızcasına qırırdılar. 12 min insanı güllələmiş, dar ağacından asmışdılar. Yarım milyon adam İranın cənubuna, isti yerlərə sürgün edilmişdi. Yüz minlərlə azərbaycanlı şah istibdadından can qurtarmaq üçün Avropaya, keçmiş SSRİ-yə qaçmışdı. Biz Təbrizə qayıtmaq, həmvətənlərimizin intiqamını almaq və süqut etmiş Azərbaycan Milli Hökumətini bərpa etmək istəyirdik.

Onu da yaxşı başa düşürdüm ki, S.Pişəvəri də bunun üçün çalışır. O, tez-tez Hacıkəndə, Yalamaya və Şəmkirə gedir, orada fədailərdən təşkil olunmuş gizli batalyonların hərbi təlimlərinə nəzarət edirdi. 200 zabitin də elə həmin batalyonlarla münasib vaxtda Təbrizə getməsi daha yaxşı olmazdımı? Bu tərəddüdümü 1925-ci ildə bu taya keçmiş Cəlil dayı ilə görüşüm bir az da artırdı. O, məktəbə yanıma gəlmişdi: "Söhrabcan, indi İranda vəziyyət çox ağırdır - dedi. - Hələlik burda qal, başqa bir sənət də öyrən. Ancaq elə məktəbə gir ki, tez qurtarasan. Hadisələr göstərir ki, inşallah, tezliklə Təbrizə qayıdacağıq". Mən oxumağa qərar verdim. Təbrizə getməyi təkid edən 100 nəfər zabiti isə vaqonlara mindirib əvvəlcə Yevlaxa, oradan da Sibirə və Çimkəndə yola saldılar. Moskvanın qərarı belə idi...

May ayında bizi texnikum və institutlara paylamaq üçün siyahı tutdular. Mən diş həkimliyini seçdim. Məqsədim təhsilimi tez başa vurmaq və Təbrizə tez qayıtmaq idi. Ancaq qayıda bilmədik, qoymadılar...

Qırx altıda vuruşmadım,
qoymadılar.
Əlim bağlı, sinəm dağlı...
Dedilər ki, dünya təzə
can qurtarıb vuruşlardan.
Hələ dayan.
Cavab versin tarix mənə:
Azadlığım hanı mənim?
 Azadlığın uğrundakı
Şəhidlərin canı mənim,
qanı mənim.
Azadlığa qurban olmuş
azadlığım hanı mənim? 

...Bizi təhsil ocaqlarına payladılar. Bir kostyumum, bir də Təbrizdən gətirdiyim ərəb əlifbası ilə yazılmış kiçik şeir dəftərim vardı. Təbriz, ata-ana həsrəti, azadlıq düşmənlərinə qarşı nifrət və qəzəb içimi göynədir, yavaş-yavaş isti misralara çevrilirdi.

-İlk kitabınız nə vaxt çap olundu?

 (Ardı var)

Əlipənah BAYRAMOV,
Əməkdar mədəniyyət işçisi, H.B. Zərdabi mükafatı laureatı

 





17.12.2014    çap et  çap et