Hər il may ayının 15-i fələstinlilər Nəkbəni, 1948-ci ildən bəri davam edən faciəni anırlar. Nəkbə işğal altında olan Fələstində bu gün şahidi olduğumuz əzabın və ədalətsizliyin əsas səbəbidir.
525.az xəbər verir ki, bu barədə Fələstinin Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada deyilir.
Qeyd edilib ki, bunlara fələstinlilərin kütləvi şəkildə qovulması və etnik təmizlənməsi, şəhər və kəndlərin orada məskunlaşan ekstremist sionist silahlı dəstələri tərəfindən dağıdılması aiddir. Yüz minlərlə insan zorla didərgin salınaraq məcburi köçkün olub və onlara geri dönməyə heç vaxt icazə verilməyib.
“Nəkbə yalnız keçmişdə qalmış tarixi bir hadisə deyil, o, bu gün də davam edir. İsrail üçün tarixi Fələstinin 78%-ni ələ keçirmək kifayət etmədi. Torpaqların müsadirəsi, məcburi qovulmalar və sistematik təzyiqlər fasiləsiz şəkildə davam edib. Yarandığı vaxtdan bəri İsrailin məskunlaşma-kolonial layihəsinin əsas məqsədi fələstinliləri öz torpaqlarından məcburi çıxararaq, onların yerinə yəhudiləri məskunlaşdırmaq olub. Fələstinlilərə qarşı mövcud zorakılıq dalğasını yalnız bu geniş tarixi və siyasi kontekstdə anlamaq mümkündür”, - məlumatda vurğulanıb.
Əlavə edilib ki, aparıcı insan haqları təşkilatları artıq eyni fikirdədirlər ki, fələstinlilər aparteid rejimi altında yaşayırlar və onlara qarşı törədilən cinayətlər beynəlxalq hüquqa əsasən müharibə cinayətləri hesab olunur:
“Artıq etiraf etməyin zamanı çatıb ki, bir xalqın böyük hissəsi qaçqına çevrilirsə, xarici hərbi işğal altında yaşayırsa, daralan anklavlarda sıxışdırılırsa və silahlı məskunlaşanların zorakılığı ilə daim təhdid edilirsə, bir vəziyyətdə neytrallıq əxlaqi seçim deyil. Beynəlxalq ictimaiyyət İsrail işğalının törətdiyi insan hüquqları pozuntularına və hərbi cinayətlərə son qoymaq üçün qətiyyətli addımlar atmalıdır”.
Pərvanə Sultanova