Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Geologiya fakültəsi üzrə üzvlərinin və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Bir addım, bir həyat: narkomaniyaya YOX!” adlı maarifləndirici görüş keçirilib.
BDU-dan 525 az-a bildirilib ki, respublika Narkoloji Mərkəzin psixoloqu, BDU-nun müəllimi Ramin Allahverdiyev narkomaniya probleminin psixoloji əsasları, asılılığın yaranma mexanizmi, müalicə və reabilitasiya yolları, eləcə də ailə və cəmiyyətin bu istiqamətdə rolu barədə ətraflı məlumat verib. O, real həyatdan nümunələr əsasında narkotik maddələrə meyilliliyin hansı fəsadlara səbəb olduğunu diqqətə çatdıraraq, gəncləri ayıq və məsuliyyətli olmağa çağırıb.
Görüş tələbələrin reabilitasiya prosesi və asılılıq əlamətlərinə dair suallarının cavablandırılması ilə başa çatıb.
Sevinc Qarayeva