525.Az

Bəxtiyar Sadıqov: “Demirəm ki, bitərəflər mövqesizdirlər...”


 

Bəxtiyar Sadıqov: “Demirəm ki, bitərəflər mövqesizdirlər...”<b style="color:red"></b>

Milli Məclisin (MM) üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun “525”-ə müsahibəsi


-Bəxtiyar müəllim, qarşıdan gələn 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca üzvü olduğunuz hakim Yeni Azərbaycan Partiyasına (YAP) və onun rəhbər şəxslərinə qarşı əks cəbhədə hücumlar, ittihamlar daha intensiv xarakter almaqdadır. Artıq belə demək mümkünsə, bu sıraya son zamanlar  müxalif cəbhəyə aid olmayan bəzi insanlar da qoşulub, məsələn, tanınmış telejurnalist  Mirşahin və digərləri...

- Bilirsiniz, Azərbaycanda bəzi televiziya kanalları, bəzi jurnalistlər özləri-özlərini münsif , özləri-özlərini hamıdan çoxbilmiş hesab edirlər, amma xəbəri olmadıqları məsələlərdən danışırlar. YAP bu günlərdə 20 illiyini keçirir, amma bu 20 il ərzində YAP başqa parityaların 100 ildə keçdiyi qədər yol qət edib, sınaqlardan adlayıb, inkişaf mərhələsi keçib, iqtisadi yüksəlişi olub, mənəvi möhkəmliyi, sabitliyi, birliyi var, yəni, YAP kimi 20 il ərzində bu qədər üzvlərinin sayı artan ikinci bir partiya yoxdur Azərbaycanda. İkinci, Azərbaycanda bütövlükdə bu qədər üzvü olan partiya  yoxdur və bu gün Azərbaycan iqtidarının, müstəqil Azərbaycan dövlətinin qazandığı bütün uğurlarında Yeni Azərbaycan Partiyasının çox böyük rolu var.

Bu partiya təşkilatçı funksiyasını yerinə yetirir, təbliğatçı funksiyasını yerinə yetirir, insanı səfərbərliyə almaq funksiyasını yerinə yetirir. O, eyni zamanda, Azərbaycanda demokratiyanın, fikir azadlığının, söz azadlığının, vicdan azadlığının möhkəmlənməsinə öz töhfələrini vermiş partiyadır. Bu partiya həmçinin, yaşlı nəsillə orta nəsil və gənclərin sıx birliyinə nail olmuş bir partiyadır və biz baxsaq görərik ki, heç bir partiyaya son dövrdə bu qədər gənclərin axını olmayıb. Gənclər bu partiyanı baxırlar, görürlər, tanıyırlar və belə hesab edirlər ki, onlar bu partiyada olmalıdırlar və gəlirlər. Biz deyək ki, bu partiya ancaq yaşlılardan ibarətdir, bunu ancaq diletantlar, partiyadan xəbəri olmayanlar deyərlər.

 Qaldı ki partiyanın daxilində yaşlar nisbəti necədir, partiyanın qarşıda duran vəzifələrinin həllində hansı nəsilə hansı yük düşür, onun müəyyənləşməsi məhz partiyanın daxili işidir. Partiyanın rəhbərləri, funksionerləri hər bir insanı, hər bir üzvü tanıyır və bilirlər ki, kimə hansı tapşırıq verilsə, uğurla yerinə yetirər, kim hansı yükü uğurla çəkər.  Bunlar elə məsələlərdir ki, qıraqdan baxıb bunu müəyyənləşdirmək, bunu təyin etmək və bu haqda rəy demək ancaq gülüş doğurar. Ona görə də partiyanı ahıllar, dizsizlər adlandırmaq, mənə belə gəlir ki, bu, düşünülməmiş, tələskən və müəyyən mənada qərəzdən doğan bir haldır. Qərəz nədən yaranıb, nədən yaranmayıb, o fikri açıqlayan özü onu daha yaxşı bilər.

Bu baxımdan belə hesab edirəm ki, bu cür rəylərə əhəmiyyət vermək lazım deyil, çünki bu, diletant rəyidir, bu, siyasətçi rəyi deyil. Gərək hərə öz sahəsi ilə məşğul olsun və öz sahəsi ilə bağlı bəlkə kimsə onu haçansa ekspert hesab edib, onu sözünü sanballı söz sayar. Bu halda isə çox yerinə düşməyən, mənasız və həqiqətə uyğun gəlməyən fikir söylənib.

- YAP rəhbərliyi hər zaman üzvlərinin sayının çoxluğu ilə fərqləndiyini və öyündüyünü bildirib. Ancaq opponentləriniz YAP-ı keçmiş Kommunist Partiyası ilə müqayisə edir və onun gələcəyinin olmadığını iddia edirlər. Siz bu haqda nə deyərdiniz?

- Mətbuata açıqlamamda da dediyim kimi, bu, bizim bədxahlarımızın, bizi istəməyənlərin fikridir, rəyidir. İkincisi, çox uğursuz müqayisədir. O dövr tamam başqa bir dövrdür, zaman tamam başqa bir zamandır. Əgər siz o dövrdə yaşamısınızsa, yaşayanlar bilirlər ki, Kommunist Partiyasına üzv olmayanın heç bir karyera inkişafı olmaz idi. Onun gələcək perspektivi uğurlu görünmürdü. Hətta partbilet bəzən insanın diplomundan – ixtisas diplomundan yüksəkdə dayanırdı. Bu gün isə demokratik cəmiyyətdir, müxalifət də  var, digər partiyalar da var, bitərəflər də istənilən qədərdir. O insanlar- yəni, bitərəflər də, öz əqidələrincə, indiki dövrdə  öz mövqelərini müəyyənləşdirməlidir ki, müstəqil Azərbaycana mən necə xidmət etməliyəm? Mən demirəm ki, bitərəflər mövqesizdirlər, yox, o cür də başa düşülməsin.

 Bitərəf insanlar əgər öz fəaliyyətilə, öz biliyilə, öz çalışqanlığı ilə müstəqil Azərbaycanın inkişafına töhfə verirlərsə, bu, özü mövqedir. Amma o insanlar ki, siyasi mövqelərini müəyyənləşdirərək  bunu YAP-la bağlıyırlarsa və bu qədər insan YAP-a gəlirsə, buna ancaq sevinmək lazımdır. Biz heç vaxt digər partiyalara yuxarıdan aşağı baxmırıq. Kimin əqidəsi necədirsə, elədir. Qaldı ideoloji mübarizəyə, əqidə döyüşünə, bəli, biz də arqumentlərimizi qoyuruq, biz də Azərbaycanın inkişafına hansı töhfələri vermişik, nələr etmişik deyirik, başqa partiyalardan da bunu istəyirik. Ancaq totalitar, birpartiyalı sistem tamam başqadır, YAP başqa.  YAP-ın üzvlərinin artması, bu, ancaq müsbət, təqdirəlayiq haldır və onu Kommunist  Partiyası ilə  partiya ilə müqayisə etmək, bu da deletantlıqdır.

- Bəxtiyar müəllim, amma o da var ki, bu gün bəziləri deputatlıq, digər vəzifə və karyera əldə etmək üçün YAP-a bir tramplin kimi baxırlar...

- Mən bilmirəm YAP üzvü olduğuna görə kiməsə vəzifə veriblər, YAP üzvü olduğuna görə kimisə deputat ediblər, mən belə faktla rastlaşmamışam. Yeni Azərbaycan Partiyası deputat seçkilərində bütün dairədən namizədlərini vermir. Müəyyən dairələrdən namizədlərini verir və orada da baxır ki, hansı dairədə onun hansı üzvü  daha şanslıdır onu seçir. Bu da normal bir haldır. Amma, belə deyək də, məhz yalnız YAP-çı olduğuma görə, Milli Məclisin deputatıyam, mən bunu belə deməzdim. Mən müharibə iştirakçısı olmuş bir jurnalistəm, daim hərbi əməliyyatlarda ağdamlıların yanında olmuşam. Sonrakı dövrdə də məni insanlar tanıyıblar. Mənə  qələmimə, yazılarıma görə hörmət ediblər və YAP-da bunu görüb, mənim namizədliyimi irəli sürüb.

 Görürsünüz, burada özümdən misal çəkmək yerinə düşmür, amma bildiyim fakt budur ki, burada mən YAP-çı olduğuma görə yox, o bölgənin əhalisi məni tanıdığına görə, ağır günlərində onların yanında olduğuma görə, haqqı-ədaləti yazıb, daim onların müdafiə etdiyimə görə onlar mənə etimad göstəriblər, mənə səs veriblər.  Eyni zamanda, Milli Məclisin bütün üzvləri YAP-çı deyil, onlar bəs necə seçilib? Həmin adamlara sual ver. Onlar nəyə görə seçilib? Onlara da YAP dəstək verib? Axı YAP-çı deyillər. Ona görə də bu fikrin heç bir əsası yoxdur.

- Ümumiyyətlə, belə iddialar da ortadadır ki, hər hansı bir fors-major situasiya yaranarsa, o zaman YAP-dan əsər-əlamət qalmaz və qalmayacaq. Bu iddialara necə yanaşırsınız və eyni zamanda, YAP bundan sağ-salamat çıxa bilərmi?

- Niyə çıxmır ki? Azərbaycanda bu qədər çalxalanmalar oldu, bu qədər  təbəddülat oldu, məsələn, 2003-cü ilin 15 oktyabrını  yadımıza salaq. Necə böyük çalxalanma oldu, hansı əllər uzanmışdı... Çox ciddi məsələ idi, elə-belə deyildi. Yalnız YAP-ın birliyi, monolitliyi sayəsində bu çalxalanmalardan uğurla çıxmaq mümkün oldu. Mən həmin dövrü 1993-cü illə müqayisə edirəm. 1993-cü ildə Azərbaycan Xalq Cəbhəsinin üzlərinin hamısı  vəzifələrini dondurub qaçdılar, pərən-pərən düşdülər, qaçıb gizləndilər. Arvad paltarı geyən, başına patik qoyan da oldu. Siyasətdən uzaqlaşıb “siyasət mənlik deyil” deyənlər də oldu.

YAP-dan isə bir nəfər belə kənara addım atmadı. Əksinə hamı birləşdi ki, bu təhlükə var.  Bu təhlükə müstəqil dövlətçiliyimizədir, biz bunu birlikdə dəf etməliyik. Birlikdə də dəf etdilər və nəticəsi də bugünkü bizim yüksəlişimiz, uğurlarımızdır...

Kamil Həmzəoğlu

 





22.11.2012    çap et  çap et