525.Az

Milyardlarla insanı əhatə edən qərarlar bir neçə ölkə tərəfindən qəbul edilməməlidir - Tokayev


 

Milyardlarla insanı əhatə edən qərarlar bir neçə ölkə tərəfindən qəbul edilməməlidir - <b style="color:red">Tokayev</b>

Münaqişələr və müharibələr qitələrə və cəmiyyətlərə yayılmaqda davam edir. Ötən ilin məlumatlarına görə, 52 dövlət silahlı münaqişə vəziyyətində idi. Eyni zamanda, zorakılıq nəticəsində iqtisadi itkilər 19 trilyon dollara çatıb ki, bu, dünya ÜDM-nin təxminən 13,5%-i deməkdir.

525.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Astana 2025” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmlərin arxasında daha narahatedici bir reallıq dayanır: müasir münaqişələr daha uzun və mürəkkəb hal alır:

“Biz müharibələrə başlamaq əvəzinə xalqımızı, xüsusən də gənc nəsli tərəqqiyə nail olmaqda, maariflənmiş cəmiyyət quruculuğunda daha fəal iştiraka cəlb etməliyik.  Ənənəvi münaqişələr təcili diqqət tələb etsə də, biz həm də daha çətin perspektivə diqqət yetirməliyik: nüvə silahına malik dövlətlər arasında artan gərginlik”, - Prezident söyləyib.

Əlavə edib ki, Qazaxıstan hələ də öz ərazisində keçirilmiş 450 nüvə sınağının tarixi nəticələri ilə üzləşir:

“Sülh naminə biz miras qalmış nüvə arsenalımızdan imtina etdik. Bu gün biz nüvə və bioloji silahların yayılmamasını müdafiə etməyə davam edirik. Xarici siyasətimizdə biz dialoqun üstünlüyünə, eləcə də suveren hüquqlara hörmətə arxalanırıq. Milli qürur, xalqların tarixi və mədəni ənənələrini nəzərə almamaq yolverilməzdir. Eyni zamanda, bütün milli azlıqların öz dillərində danışmaq və mədəniyyətlərini inkişaf etdirmək hüququna hörmət etmək lazımdır. Buna görə də biz Qazaxıstanda “Müxtəliflikdə birlik” prinsipini qətiyyətlə müdafiə edirik”.

Prezident deyib ki, qlobal çağırışlara baxmayaraq, 2024-cü ildə ölkə iqtisadiyyatı 5,1% artıb. Birbaşa xarici investisiyalar rekord həddə çatıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları 62% artıb: “Avrasiya İT mərkəzi olmaq ambisiyamızı əks etdirən rəqəmsal transformasiyada əhəmiyyətli irəliləyiş əldə etdik. Məqsədimiz bir sıra xarici universitetlərin filialları, tədqiqat və inkişaf tərəfdaşlığı ilə akademik və innovasiya mərkəzi olmaqdır. Qazaxıstanda ən güclü superkompüter istifadəyə verilib, o, artıq ölkəyə təhvil verilib. Bundan əlavə, biz kriptovalyutaların malların, xidmətlərin alınması və digər məqsədlər üçün istifadə oluna biləcəyi CryptoCity adlı innovativ pilot zona yaratmağı planlaşdırırıq”.

Kasım-Jomart Tokayev söyləyib ki, 2026-cı ildə Qazaxıstan Mərkəzi Asiya strategiyalarını və qlobal ambisiyalarını birləşdirən platformaya çevrilmək niyyətində olan Regional Ətraf Mühit Sammitinə ev sahibliyi etmək üçün BMT ilə tərəfdaşlıq edəcək. İki ay əvvəl BMT Baş Assambleyası Almatıda rəsmi olaraq BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzini təsis edib. Mərkəz birgə layihələri dəstəkləyəcək, texniki ekspertizanı təmin edəcək və beynəlxalq əməkdaşlığı koordinasiya edəcək.

Qazaxıstan lideri bildirib ki, Qazaxıstan qəti şəkildə inanır ki, orta güclər ədalətli və əhatəli qlobal nizama sadiq olmalıdırlar ki, bu da yanaşmaların yenidən qiymətləndirilməsini tələb edir: “Milyardlarla insanı əhatə edən kritik qərarlar yalnız bir neçə ölkə tərəfindən qəbul edilməməlidir. Buna görə də, Qazaxıstan daha geniş regional nümayəndəlik də daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəkləyir. BMT-nin aktuallığını qoruyub saxlaması və real dünyanı həqiqi şəkildə əks etdirməsi üçün Təhlükəsizlik Şurasının struktur islahatı lazımdır. Böyük dövlətlər sülhün və təhlükəsizliyin qorunmasına və bütün ölkələrin ərazi bütövlüyünə hörmətin əsas prinsipinə sadiqliklərini bir daha təsdiq etməlidirlər”.

Astana Beynəlxalq Forumu qarşılıqlı hörmətə və açıq fikir mübadiləsinə əsaslanan platforma təmin etməklə əksəriyyət arasında əməkdaşlığı dəstəkləmək üçün yaradılıb.

Pərvanə Sultanova

 





29.05.2025    çap et  çap et