525.Az

Göydələnlərin göy dələn problemləri


 

BU GÜN BAKIDA 1 MİLYON KVADRATMETRDƏN ÇOX SƏNƏDLƏŞMƏYƏN MƏNZİL VAR

Göydələnlərin göy dələn problemləri<b style="color:red"></b> Neçə illərdən bəri paytaxtı cənginə almış göydələn-tikinti prosesində son vaxtlar o qədər də canlanma müşahidə olunmur. Daha çox tikintisi başa çatmaq üzrə olan, son tamamlama işləri aparılan yeni çoxmərtəbəli binalar gözə dəyir.  Amma son illər bir-birinin ardınca, özü də sürətlə tikilən yeni-yeni göydələnlər həm müsbət, həm də də mənfi tərəfləri ilə paytaxt Bakının fonuna böyük ölçüdə ciddi təsir göstərir.  Bir tərəfdən yeni binaların inşası əhalinin mənzilə olan tələbatını bir xeyli ödədisə də, əlavə problemlərə də yol açır. Binaların necə gəldi, çox sıx inşa edilməsi, beynəlxalq standartların və təhlükəsizlik qaydalarının nəzərə alınmaması, özü də əksəriyyətinin ətrafında məktəb, uşaq bağçası, idman meydançalarının yoxluğu potensial sakinlər üçün ciddi çətinliklər yaradır. Üstəlik də standartlara tam uyğun gəlmədiyindən binalar Dövlət Komissiyası tərəfindən qəbul olunmur və onlara mülkiyyət hüququnu təsdiqləyən qeydiyyat şəhadətnamələri verilmir. Buna görə də vətəndaşlar mənzilləri tikinti şirkətindən adi müqavilə ilə almalı olurlar ki, sonradan, məsələn, mənzili yenidən satmaq lazım gələndə əlavə problemlər ortaya çıxır: alıcı mənzilin qeydiyyat şəhadətnaməsini tələb edir, ev sahibi isə bu sənədi təqdim edə bilmir. 

Ramil Osmanlı, Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru:

– Tikinti sektorunda yaşayış binalarının inşası zamanı nəzərə alınmalı olan beynəlxalq standartlar aktual olsa da, mövcud reallıqlardan baxdıqda xeyli gecikmiş mövzudur. Çünki artıq paytaxtın ən müxtəlif yerlərində həm beynəlxalq standartların, həm də ölkə qanunvericiliyinin tələblərinə zidd olan xeyli sayda binalar tikilib. Beynəlxalq standartların tələblərinə görə, şəhərsalmada riayət olunması zəruri olan qaydalar çoxdur. Hündürmərtəbəli yaşayış binaları arasındakı məsafə, dayanacaq və texniki mərtəbələrin mövcudluğu, infrastruktur uyğunluğu, yolun mühafizə zolağının qorunması kimi şərtlər vacib məqamlar sayılır. Məsələn, hündürlüyü 50 metr olan 2 bina arasındakı məsafə minimum 100 metrdən artıq olmalı, fövqəladə vəziyyətdə sığınacaq kimi istifadə olunması üçün binanın altında bir neçə giriş-çıxışı olan, havalandırma üçün geniş imkanlara malik texniki mərtəbə olmalı, binanın kanalizasiya, işıq, su təchizatı normal olmalı, bina yoldan elə məsafədə inşa edilməlidir ki, yolu hərəkət zolağına maneçilik yaratmasın, təhlükəsizlik qaydaları pozulmasın.

Təsəvvür edin ki, üç-dörd beşmərtəbəli binanın həyətində və yaxınlığında bir neçə göydələn inşa olunub və o göydələnlərin kanalizasiya xətləri, digər kommunal sistemləri həmin beşmərtəbəli binalar üçün nəzərdə tutulmuş, istismar müddəti başa çatmış və ya əsaslı təmirə ehtiyacı olan ötürücü qurğulara (kanalizasiya, su, elektrik xətlərinə) qoşulub. Əlavə yüklənmə nəticəsində nəinki yeni tikilmiş binalarda, hətta köhnə binalarda belə, kommunal təchizat çox bərbad hala düşür. Ekspert R.Osmanlı belə faktların kifayət qədər çox olduğunu, amma artıq bunun qarşısının alınmanın ciddi problemə çevrildiyini deyir:

“Bunun baş verməsinə qanunvericilikdə və nəzarət mexanizmindəki boşluqlar səbəb olub. Bu baxımdan mən bu istiqamətdə istənilən müqayisəni uğursuz hesab edirəm. İndiki vəziyyət gələcəkdə paytaxt üçün, meqapolis üçün ciddi fəsadlara səbəb olacaq və külli miqdarda büdcə vəsaitlərinin hesabına başa gələcək”.

Bu problemlərinin qanunvericilik qaydasında tənzimlənməsi məsələsi bir müddət gündəmdə olub. Parlamentdə bununla bağlı bir neçə dəfə məsələ qaldırılıb. Dövlət orqanları haqlı olaraq tam təhvil alınmayan yeni tikiliyə qaz, işıq, su verilməsini qanunsuz sayır. Çünki bu, həmin binalarda yaşayan yüzlərlə insanın təhlükəsizliyinin təmini baxımından yolverilməzdir.  Bütün bunları nəzərə alan qanunvericilər “Elektroenergetika haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Qaz təchizatı haqqında” qanunlara əlavə və dəyişikliklər ediblər. Dəyişikliklərə əsasən, Dövlət Komissiyası yeni tikilən hər hansı binanı tam istismara qəbul edənədək bu binaya, onun mənzillərinə elektrik, qaz və su verilməsinə icazə verə bilməz. Vətəndaşlar qanunun bu tələblərini bilməli və nəzərə almalıdır.

Ekspert R.Osmanlı hesab edir ki, tikintisi başa çatmamış binalarda məskunlaşma hallarına əvvəlki illərdə çox rast gəlinirdi: “Bu gün üçün ən aktual problem tikintisi başa çatmış, amma istismara qəbul olunmamış binalarda məskunlaşma və sənədləşmə ilə bağlıdır. Bu problemin həlli inzibati müdaxilə nəticəsində mümkün ola bilər. Ayrı-ayrı istehlakçıların, pərakəndə şəkildə, mərkəzləşdirilməmiş mübarizəsi müsbət nəticə verə bilməz. Bu gün Bakı şəhərində 1 milyon kvadratmetrdən artıq sənədləşməyən mənzil var ki, bu da mövcud mənzil fondunun 60 faizinə yaxındır. Həmin mənzillərin sənədləşməsi mənzil fondu üzrə göstəricilərin artmasına ciddi təsir göstərə bilər. Bu göstəriciyə görə Azərbaycan nəinki Avropa ittifaqında, həmçinin MDB məkanında ən sonuncu yerlərdən birini tutur. Bundan başqa beynəlxalq hesabatlarda mülkiyyət münasibətləri ilə bağlı ölkəmizin imicinə ciddi zərbədir. Sənədləşmə nəticəsində dövlət büdcəsinə milyonlarla vəsait daxil ola bilər. Yeni tikililər üzrə alqı-satqı problemləri aradan qalxar, bu mənzillərin girov təminatı kimi çıxış etmək imkanları yaranar. Bu baxımdan, təkcə istehlakçılar deyil, dövlət də bu problemin həllində maraqlı olmalıdır.

Binaların istismara qəbul olunmaması, mənzillərin mülkiyyətə götürülməməsi ilə yanaşı, kommunal təchizat, konkret desək, qaz təchizatı baxımından da ciddi problemlər yaradır. Yeni tikililərin böyük əksəriyyətində qaz təchizatının olmaması istehlakçılara çox baha başa gəlir. Təsəvvür edin ki, qış aylarında belə binalarda sakinlər elektrik enerjisinə ay ərzində 200 manata qədər aylıq enerji haqqı ödəməyə məcbur olurlar”.

Yeni binaların əksəriyyəti fövqəladə vəziyyətlərə tam hazır deyil. Binaların möhkəmliyi onun hansı qrunt üzərində tikilməsindən asılıdır. Əgər binanın bünövrəsi ayrı-ayrı qruntlar üzərində yerləşibsə, belə binanın möhkəmliyi daha azdır. Çünki hər qruntun öz yükgötürmə qabiliyyəti olduğundan hər hansı təkan, yaxud da ağırlıq binada çatlar əmələ gəlməsinə səbəb olur. Bina tikilərkən zəlzələ ehtimalı da nəzərə alınır. Buna bənzər sınaqlar adətən keçmiş Sovet İttifaqında 70-ci illərdə Moskvaətrafı ərazidə “stroitelnıy poliqon” (tikinti poliqonu) adlanan məkanda aparılırdı. Burada tikilən binalara süni zəlzələ effekti tətbiq edilərək tikililərin neçə bal zəlzələyədək dözümlü olduğunu müəyyənləşdirilirdi. 2000-ci ildə Bakıda baş verən zəlzələyə dözən binalar da elə “Sovet dövrünün inşaası” olan binalar idi. Mütəxəssislərin rəyinə görə, binaların möhkəmliyinin ikinci amili tikilidə istifadə olunan armatur partiyasının keyfiyyətindən asılıdır. Əgər armaturun tərkibində daha çox karbon varsa, bu armaturlar daha kövrək olur və tez qırılır. Şübhəsiz ki, belə armaturlardan istifadə edərək tikilən binaların da möhkəmliyi yaxşı olmur. Armaturun tərkibində karbonun daha çox olmasını isə ilk baxışdan müəyyənləşdirmək mümkündür. Tərkibində karban daha çox olan armaturların içi dənəvər-dənəvər olur. Təkanlar baş verəcəyi təqdirdə binanın hansı mərtəbəsində karbonu daha çox olan armaturdan istifadə olunubsa, həmin armaturların qırılmaq ehtimalı da daha çox olur. Bu isə zəlzələ zamanı binanın çökmə ehtimalını artırır. Armaturun möhkəmliyi onun hansı xammaldan hazırlamasından da çox asılıdır. Metal filizinin ərintisindən hazırlanan armatur sonradan istifadə olunmuş rels, metal çən, paslanmış metal məmulatlardan əridilmiş xammaldan hazırlanmış armaturdan daha möhkəm sayılır. Natamam istifadəyə verilmiş yeni çoxmərtəbəli binalarda müxtəlif fövqəladə vəziyyətlər ara-sıra yaşanmaqdadır. Bəzən elə də olur ki, yeni tikili çökərək, dağıntılarla müşahidə olunur. Eyni zamanda, istər yeni, istərsə də köhnə binalarda baş verən yanğın hadisələrinin qarşısının alınması da müxtəlifliyilə səciyyələnir. Binaların quruluşu tamam fərqli struktur üzərində qurulduğundan köhnə binalarda yanğının qarşısını almaq bir o qədər çətin olmur. Yeni binalarda isə yanğın zamanı bu proses sözün həqiqi mənasında dağınıq olaraq həyata keçirilir.  Bir tikinti işçisinin sözlərinə görə, binaların quruluşunun bu kimi hadisələrə hazırlıqlı olmaması və eyni zamanda tam tikilib başa çatdırılmaması FHN-nin Yanğınsöndürmə xidmətinə çətinliklər yaşadır. Lakin Yanğınsöndürmə xidmətinin əməkdaşlarının fədakar əməyi ilə bütün çətinlikləri dəf etməyə səy göstərilir. Belə bir hadisələrdən biri Nərimanov rayonunda istifadəyə verilmiş tikililərdən birində baş verib. Çoxmərətəbəli binanın 13-cü mərtəbəsində baş verən yanğın hadisəsi zamanı yanğınsöndürənlər yanğının qarşısını almaqla yanaşı, mənzildə qalan 2 nəfəri – qadın və 2 yaşlı körpəni də xilas ediblər. 5 nəfər isə binadan təxliyə olunub. Hadisənin qarşısını almaq çox çətin olub: “Əslində bina tikintisi zamanı hər növ fövqəladə və fövqəltəbii hadisələrin qarşısını almaq üçün sahibkar şirkət tərəfindən binanın tikinti planında əlavə çıxış qapıları və müxtəlif tədbirlər görülməliydi”.

Ekspert Ramil Osmanlı:

– Rəsmi statistikaya görə, istehsalatda ötən ilin 8 ayı ərzində 158, cari ilin analoji dövründə isə 136 bədbəxt hadisə qeydə alınıb. Bu rəqəmlər göstərir ki, ölümlə nəticələnən bədbəxt hadisələrin sayının azalması müşahidə olunur. Amma təəssüf ki, tikinti sektorunda bədbəxt hadisələrin statistikası dəyişilməz olaraq qalır. Hər iki ilin analoji dövründə tikinti sektorunda ölənlərin sayı 49 nəfər olub. Aparılan tədqiqatlar göstərir ki, şəhərin mərkəzində inşa olunan binalarda fövqəladə vəziyyətlə bağlı məsələlərə 85-90 faiz əməl olunduğu halda, mərkəzdən nisbətən kənar ərazilərdə buna 45-50, mərkəzdən uzaq ərazilərdə inşa olunan binalarda isə maksimum 20-25 faiz əməl olunur.

Statistikaya görə, belə nəticə çıxarmaq olar ki, yeni binada mənzil almaq istəyən vətəndaşlar həyatını daha az risk altında sürdürmək istəyirsə, şəhərin mərkəzinə üz tutmalıdır. Bu, sözün həqiqi mənasında çox ağır göstəricidir. Böyüyərək inkişaf etməkdə olan paytaxtın texniki dayanıqlılığı şübhə altında qalır. Qəribə də olsa, həmişə iş işdən keçəndən sonra aidiyyatı orqanların hərəkətə keçdiyini, öncəki problemlərin heç də qarşısını almayacaq. Buna qədər ciddi pozuntularla bina-tikinti işlərini tamamlayan bir çox sahibkarlar artıq kiminsə evini yıxıb qurtarmış olurlar.

Ceyhun ABASOV
 





23.11.2012    çap et  çap et