(Əvvəli ötən şənbə sayımızda)
Nehru - Qandi ailəsi
1947-ci ildə Hindistanın müstəqillik qazandıqdan sonra ilk Baş naziri olan Cəvahirləl Nehru Kəşmir yaxınlığındakı Əhmədabad şəhərində ziyalı ailəsində doğulmuşdu. Atası Motiləl Nehru vəkil kimi işləməklə, varlı adam hesab olunurdu. O, Mahatma Qandinin yaratdığı Milli Konqress partiyasının liderlərindən biri idi. Cəvahirləl Nehru İngiltərədə təhsil almışdı və Hindistanın Böyük Britaniya ağalığından azad olunması uğrundakı mübarizəyə qoşulmuş, bir neçə dəfə həbs edilmişdi. Onun arvadı Kamala (hind dilində “lotos gülü” deməkdir, Nehru isə hind mifologiyasında müqəddəs dağın adıdır) İndira adlı bir qız doğmuş, az sonra vəfat etmişdi. Nehru bir daha evlənməmişdi. Lakin onun Böyük Britaniyanın Hindistan üzrə vitse-kralı Maunbattenin arvadı ilə eşq macərası yaşaması barədə şayiələr gəzirdi.
Nehru yeganə övladı olan qızı İndiranı çox sevirdi və onun yaxşı təhsil alması qayğısına qalırdı. 1930-cu illərdə həbsdə olarkən qızına tarixə həsr olunmuş olduqca məzmunlu məktublar yazırdı. Məktublarda onun elmi kommunizm təsirinə məruz qaldığı da aydın görünür. Ölümündən sonra həmin məktublar kitab şəklində nəşr edilərək, “Dünya tarixinə baxış” adı altında üç cilddən ibarət idi.
Nehru 1964-cü ildə ölən vaxtı qızı İndira Qandi nazir kimi hökumət üzvü idi. Qız 1947-ci ildə Feroz Qandi ilə ailə qurmuş, onların iki - Raciv və Sancay adlı oğlanları olmuşdu. Lakin sonralar ailə dağılmış, oğlanlarını İndira böyütmüşdü. Az sonra keçmiş əri vəfat etmişdi.
Hakim Milli Konqress partiyasının təkidi ilə İndira Qandi Baş nazir vəzifəsində atasını əvəz etmişdi. Atası kimi, o da Hindistanın iqtisadi inkişafında çox işlər görmüşdü. Hindliləri aclıqdan xilas etmək üçün həyata keçirdiyi “yaşıl inqilab” adlanan aqrar islahatı yaxşı nəticələr vermişdi. Lakin İndira milli məsələlərin həllində səhvlərə yol verirdi. Pəncab ştatının paytaxtı Armitsarda siqhlər muxtariyyət tələb etmək üçün üsyan qaldırdıqda, İndira Qandi ora federal hökumətin qoşunlarını göndərib, yerli əhali üçün müqəddəs sayılan Qızıl Məbədi işğal etdi. Toqquşmada xeyli sayda insan həlak oldu.
Baş nazirin mühafizəçilərin arasında mənşəcə siqh (onların hamısı “şir” mənasını verən Sinq familiyası daşıyırlar) olan oğlan 1984-cü ilin noyabrında İndira Qandiyə atəş açıb, onu qətlə yetirdi.
Ölümündən əvvəl İndira oğlu, siyasi mübarizədə onun silahdaşı və əvəz edəcək kiçik oğlu Sancayı itirmişdi. Sancay şəxsi təyyarəsinin sürməklə istirahət edirdi. Sonuncu dəfə havaya qalxanda təyyarə idarəetməni itirib, yerə çırpıldı və Sancay həlak oldu. Kiçik oğlunun ölümü ona çox ağır gəldi, çünki onu özünün siyasi həyatdakı varisi hesab edirdi. Böyük oğlu Raciv siyasətə maraq göstərmirdi, beynəlxalq marşrutla uçan təyyarənin pilotu idi. O, italyan qızı Soniyə vurulmuş, onunla evlənmişdi. Onların oğul övladları var idi.
İndira Qandi şəxsi həyatında da qüsurlara yol verirdi. Bu dul qadın öz yoqa müəllimi Braxmaçariyə olduqca yaxın olması ilə fərqlənirdi, hətta onların intim yaxınlığı barədə də ölkədə şayiələr dolaşırdı. Yoqa müəllimi Baş nazir iqamətgahında yeganə adam idi ki, hökumət başçısının yanına istənilən vaxt girə bilirdi. Ona görə də onu Hindistanın, Rusiya çarı II Nikolayın sarayındakı dələduz və şarlatan Qriqori Rasputini hesab edirdilər. XX əsrin sonunda Hindistanda Rusiyanın əsrin əvvəlindəki biabırçılığını təkrar etməsi heç də yaxşı hal deyildi.
Milli Konqres partiyası öz liderini itirdiyinə görə, Raciv Qandini məcbur etdi ki, Baş nazir vəzifəsini üzərinə götürsün. Başqa çıxış yolu olmadığından Raciv partiyanın qərarına tabe oldu. Vəzifəsini o, çox ağıllı qaydada həyata keçirirdi. Lakin 1989-cu ilə qədər Baş nazir oldu. 1991-ci ildə seçkiqabağı yığıncaqda bir qadın ona gül vermək məqsədilə yaxınlaşdıqda, üstündəki bombanı partlatdı və Raciv Qandi da anası kimi həlak oldu.
Partiya liderləri onun arvadı Sonini dilə tutdular ki, ərini Baş nazirlikdə əvəz etsin. İtaliyan qızı buna etiraz edərək, siyasi fəaliyyətdə iştirakdan imtina etdi.
Sonralar Racivin oğlu Ruhula partiyanın liderliyinə yüksəldi və partiya bir neçə dəfə parlament seçkilərində məğlubiyyətlə üzləşdi. Milli Konqress partiyası iki Baş nazirin qətlindən sonra nüfuzunu xeyli itirmişdi və xalqın gözündə əvvəlki liderliyini bərpa edə bilmədi.
İndiki Baş nazir Narendra Modinin başçılıq etdiyi Braxatiya Canata Parti seçkilərdə dalbadal qalib gəldiyindən, o, hökumət başçısı vəzifəsini uzun illərdir ki, əldən buraxmır. Modi Hindistanın inkişafı sahəsində böyük uğurlar qazanmışdır. O, indus dininin qatı müdafiəçisi olmaqla, müsəlmanlara heç də loyallıqla yanaşmır. Lakin o, Çinlə Hindistan arasında olan soyuq münasibəti ləğv etməyə nail olmuşdur. Modinin siyasəti ona istiqamətlənmişdir ki, Hindistan hökmən fövqəldövlət səviyyəsinə yüksəlsin, ölkənin gur iqtisadi inkişafı bu böyük arzunun reallaşacağına şübhə edilməyən zəmin yaradır.
Nehru - Qandi ailəsinə qarşı yağdırılan lənət, onun üzərindəki qara buluda çevrilərək, bir əsrin yarısı qədər olan müddət ərzində öz təsdiqini ölüm və qətllərdə tapdı. Onlar üçün dayaq rolunu oynayan Milli Konqress partiyası da vaxtilə mövcud olan böyük nüfuzunu itirdi. Ölkənin inkişafında əldə edilən nailiyyətlər xalqı illüziyalaradan uzaqlaşmağa, yeni siyasi arxitektura ilə hesablaşmağa sövq etdi.
İranda 54 il ömür sürmüş Pəhləvi sülaləsi
1925-ci ilin sentyabrında Persiya taxt-tacında olan Əhməd şah Qacar devrildi və 129 il ölkəyə ağalıq etmiş Qacar sülaləsinin ləğv edildiyi elan edildi. Bu böyük çevrilişə general Rza xan rəhbərlik etmişdi. O, özünü Rza şah Pəhləvi adı altında şah elan etməklə, yeni Pəhləvi sülaləsinin əsasını qoymuşdu.
Rza şah 1878-ci ildə dehqan ailəsində anadan olmuş, karyerasına Persiya kazak briqadasının əsgəri kimi başlamışdı. 20 yaşında o, artıq zabit rütbəsi daşıyırdı. Bu vaxt o, generalın mühafizəçisi təyin edildi. 1910-cu ildə kapitan olmaqla, 1919-cu ildə isə artıq Rza xan general rütbəsinə qalxmışdı. 1921-ci ildə döyüşlə paytaxt Tehrana girmiş, Əhməd şah Qacar onu hərbi qubernator və baş komandan təyin etmişdi. Bir qədər sonra isə o, hərbi nazir vəzifəsini daşımışdı.
Qacar sülaləsinin son nümayəndəsi şah taxt-tacından devrildikdən və Qacar ailəsi ləğv edildikdən sonra, 1925-ci ilin sonunda Rza şah Pəhləvi adı altında yeni şah meydana gəldi. O, həm də Pəhləvi sülaləsinin əsasını qoydu.
O, bəzi islahatlar da həyata keçirmişdi, paytaxtın abadlaşdırılmasına qayğı göstərmişdi. 1927-1928-ci illərdə 1923-cü ildən mövcud olan təslimolma rejimini ləğv etmiş, 1929-cu ildə isə Mülki Kodeks qəbul etmişdi. O, islam dininin hegemonluğuna qarşı çıxmaqla, 1929-cu ildə çadranın götürülməsi barədə dekret imzalamışdı. 1935-ci ildə isə dövlətin adını dəyişərək, “Persiya” adı əvəzinə, beynəlxalq aləmdən dövlətini “İran” kimi adlanmasını tələb etmişdi. Ordunun gücündən istifadə edərək iri feodalların separatçılığına qarşı mübarizə aparmışdı.
Dövlətin adının dəyişdirilməsinə gəldikdə, ölkədə yaşayanlar özlərini ari irqinə məxsus nəsil hesab edir, buradan meydana gələn “Ariyan” adını bir qədər dəyişib, “İran” sözü ilə əvəz etmişdilər. Hitler 1933-cü ildə Almaniyada hakimiyyətə gəldikdən sonra, ari irqinin başqalarından fərqləndirməklə, ali irq olduğunu elan etmiş və az-çox bu irqə yaxın olmalarını iddia edənlər, özlərini ari kimi qələmə verməyə cəhd etmişdilər. Hitlerə təzim edənlər heç də az deyildi, 1936-cı ildə bir ilə qədər İngiltərədə kral olan VIII Eduard özünün tam alman olduğunu elan edib, xəyanət yolu tutaraq, ölkəsinin Hitlerin şərtlərini qəbul etməsini təbliğ edirdi.
Arilərin yüksək sivilizasiyalaşmış xalq kimi Hindistanın şimalından çıxdığı güman edilir. Hindistanın gələcək aş naziri Cəvahirləl Nehru da, dustaqxanadan 1930-cu illərdə qızına yazdığı məktublarda, bu, sonradan “Dünya tarixinə baxış” adı altındakı kitab şəklində çap olunmuşdur, arilərin Yunanıstandakı b.e.ə. VI-V əsrlərdəki elmi, mədəni və siyasi partlayışın müəlliflərinin də arilər olduğunu iddia edirdi. Hitler də arilərin bu tarixi fəaliyyətini əsas götürərək, ari irqinin yüksək keyfiyyətlərini təbliğ etməyə, almanların məhz onların törəməsi olduğunu sübut etməyə cəhd göstərirdi. Bir sözlə, XX əsrin birinci yarısında arilər barədəki iddialar irqçiliyin daha geniş inkişaf etdirilməsi üçün ən əlverişli alətə çevrilmişdi. Rza şah da əsasən savadsız olduğuna görə, bu təbliğatın təsiri altına asanlıqla düşmüşdü.
Lakin II Dünya müharibəsi Rza şahın planlarında düzəlişlər etdi. 1941-ci ilin yayında müharibənin gedişi vaxtı Böyük Britaniya və SSRİ hökumətləri İran ərazisinə girməyə icazə verilməsini tələb etdilər, 25 avqustda sovet və ingilis qoşunları İran sərhədlərinin hər iki qurtaracaqdan ölkəyə daxil olub, müharibənin bütün dövrü ərzində İranı öz nəzarətində saxlamışdı. 1941-ci ilin sentyabrında Rza şah oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə taxt-tacdan getdi. O, Cənubi Afrika Respublikasına sürgünə göndərildi və 1944-cü ildə Yohanesburq şəhərində öldü. Pəhləvi sülaləsinin banisi taxt-tacda 16 il qala bildi.
1941-ci ilin payızından şah elan edilən Məhəmməd Rza Pəhləvi 1919-cu ildə anadan olmuşdu. Rza xanın Bakıdan olan ikinci arvadı Məliktac ona ekiz uşaq - gələcək şah Məhəmməd Rzanı və onun xanım Əşrəf adlandırılan bacısını doğmuşdu.
Kiçik Məhəmməd Rza 1925-30-cu illərdə Persiya Kadet korpusunda, sonra isə altı il ərzində İsveçrədə təhsil almışdı. Onu səfərdə müşayiət edən və İsveçrədə onunla birlikdə qalan, SAVAK-ın rəisinin birinci müavini və şah mühafizə qvardiyasının başçısı Məhəmməd Fərdost özünün ingilis dilindəki böyük həcmli kitabında gələcək şahla qatarla Bakıdan və Ukraynadan keçib getdiklərini, təhsil illərini və şahla birgə keçirdiyi xidmət dövrünü geniş təsvir edir. Müəllif şahın özünün və onun bacısı xanım Əşrəfin əxlaq sahəsindəki qüsurlarını da qeyd edir. Əşrəf parlament üzvü olan erməni Palançiyanla Feyzabad kurort şəhərinin açılışı vaxtı yaxınlıq etmək istədikdə, həmin adam buna razılıq verməyib, paytaxta yola düşməklə qadını tərk etdikdə, xanım Əşrəf onun uçduğu təyyarəni partlatmaqla, istəyinə baş əyməməsindən belə qisas almışdı. Şah özü də Parisdə səfərdə olarkən, iri pul məbləği hesabına yüksək dairənin qadınları ilə kef etməkdən çəkinməmişdi. Bunları müşahidə etmiş Fərdost öz kitabında qələmə almışdır.
Yeni şah böyük Britaniya və SSRİ ilə əməkdaşlıq etmək istəyirdi. 1943-cü ilin noyabrında Tehranda Üçlüyün konfransında iştirak edən İ.V. Stalin onunla görüşəndə 24 yaşlı Məhəmməd Rza Pəhləvi ona yaxşı təsir bağışlamışdı və elə həmin ilin sentyabrında şah nasist Almaniyasına qarşı müharibə elan etmişdi.
Şah əvvəllər hökumətin işinə az müdaxilə edirdi, çünki hökumət Məclisin tabeliyində idi. Həm də ki, təcrübəsiz və qətiyyətsiz adam hesab olunurdu.
1949-cu ildə ona sui-qəsd təşkil olundu, lakin o, yüngül yaralanmışdı. Bundan sonra onun fəallığı artdı, ölkədə hərbi vəziyyət elan olundu.
1950-ci illərin əvvəllərində ABŞ Böyük Britaniyanın İrandakı təsirini sıxışdırmağa və qüvvədən salmağa çalışırdı. İngilis - İran neft şirkətinin bölünməsi barədə danışıqlar gedəndə, neft sənayesini milliləşdirmək çağırışları meydana gəldi. Baş nazir məsciddə öldürüldükdə, 1951-cü ildə Məhəmməd Müsəddiq Baş nazir təyin edildi. O da milliləşdirmə tələbi ilə çıxış etdi və mayın 1-də milliləşdirmə barədə qanun qəbul edildi. Həm də Müsəddiq şaha təklif etdi ki, İranı tərk etsin, o deyirdi ki, monarx hökmranlıq etməlidir, idarə etməməlidir. Şah əslində gələcək Böyük Britaniya kraliçasına bənzəməli idi. Şah əvvəlcə Bağdadda, sonra isə Romada müvəqqəti sürgündə oldu, lakin 1953-cü ildə amerikanların köməyi ilə dövlət çevrilişi baş verdi. Bu vaxt bütün hakimiyyət şahın əlinə keçdi.
(Ardı var)