525.Az

KİVDF jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələrini açıqlayıb


 

19 İSTİQAMƏT ÜZRƏ KEÇİRİLƏN MÜSABİQƏDƏ 114 NƏFƏR QALİB GƏLİB

KİVDF jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələrini açıqlayıb<b style="color:red"></b>

Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb. Fondun icraçı direktoru Vüqar Səfərli bu müsabiqəni ilin ən mötəbər tədbirlərindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, il ərzində Fond tərəfindən müxtəlif layihələr həyata keçirilib: "Bunlardan biri də jurnalistlər arasındakı fərdi yazı müsabiqəsidir. Təkcə 2014-cü ildə fond tərəfindən 10 müsabiqə təşkil edilib. Sonuncu müsabiqə isə 19 istiqamət üzrə olub. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar təşkil etdiyimiz bu müsabiqədə jurnalistlərə geniş seçim imkanları verilib".

Fond sədri qeyd edib ki, hər istiqamət üzrə 6 qalib jurnalist müəyyənləşdirilib. Ümumilikdə 114 qalibin olduğunu bildirən V.Səfərli həmin şəxslərin tutduqları müfaviq yerlərə uyğun olaraq diplom və pul mükafatları ilə təltif olunduqlarını deyib. Onun sözlərinə görə, müsabiqədə 58 KİV-dən 154 jurnalist iştirak edib.

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıxov deyib ki, Azərbaycandan fərqli olaraq, dünyanın heç bir ölkəsində mətbuat orqanları və onların nümayəndələrinə dövlət dəstəyi göstərən qurum olmayıb. Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan hökuməti media nümayəndələrinin məişət şəraitinin yaxşılaşdırılması üçün onları mənzillərlə də təmin edib: "Ancaq təəssüflər olsun ki, məlum səbəblərlə bağlı jurnalistlərin peşəkarlıq səviyyəsində geriləmələr müşahidə olunur. Bunun mahiyyətində jurnalistlərin peşə davranışları dayanır".

Millət vəkili qeyd edib ki, Fondun Müşahidə Şurasının üzvləri olaraq onlara obyektiv və peşəkarlıqla yazılmış məqalələr lazım idi. Təəssüflər olsun ki, keçirilən müsabiqələrdə plagiat məqalələrə də rast gəlinir. Sonuncu müsabiqədə isə müxtəlif istiqamətlər üzrə azad seçim imkanları təqdim olunub ki, jurnalistlər işə daha yaradıcı yanaşa bilsinlər. Çünki əsas məsələ də işə yaradıcı münasibətdir".

Tədbirə 150-yə yaxın jurnalistin toplaşdığını deyən Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, onlar Azərbaycan jurnalistikasının qaymaqlarındandır. O bildirib ki, jurnalistikaya dövlət dəstəyinin həyata keçirilməsi bu sahənin daha da inkişaf etməsinə yol açır: "Müsabiqə şərtlərini müəyyənləşdirərkən bizim konkret tələblərimiz də olub. Əsas tələbimiz məqaləyə daha peşəkar yanaşmanın ortaya qoyulmasıdır".

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bəzi istiqamətlər üzrə jurnalistlərin mövzuya yanaşmalarının təqdirəlayiq olduğunu bildirib. Onun sözlərinə görə, bunu "Azərbaycançılıq idealogiyası", "Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti" və başqa bir neçə istiqamətlərlə bağlı müəllif yazılarında görmək olar: "Müsabiqə üzrə bəzi hallarda məqaləyə ümumi və oxşar, eləcə də qeyri-ciddi yanaşmanın şahidi olduq. Belə yazılarda jurnalistin mövzuya yanaşması kölgədə qalır və yaxud ciddi münasibət görmək mümkün olmur. Bu halda biz də mövzuları dəyərləndirərkən çətinlik çəkirik. Əsas mövzunun hərtərəfli əhatə olunmasıdır. Yazı ədalətli, obyektiv və bol informasiyalı ola bilər. Əgər mövzunu əhatə etmirsə, deməli o yazını müsabiqəyə uyğun hesab etmək olmaz".

İctimai Televiziyanın Yayım Şurasının sədri  Cahangir Məmmədli mətbuatda dövlət sirrinin yayılması halları və onların qarşısının alınması məsələlərindən danışıb. Jurnalist məqalə hazırlayarkən dövlət əhəmiyyətli məlumatları ictimaiyyətə sızdırmamalı olduğunu deyən C. Məmmədli bunu media nümayəndələrinin ortaya problem qoymaq çətinliyi ilə əlaqələndirib: "Əsas məsələ məqaləyə fərdi yanaşma və üslub seçimidir. Jurnalist heç vaxt öz üslubundan kənara çıxmamalıdır. Nümunə olaraq qeyd edim ki, bu yaxınlarda jurnalistikanın canlı tarixi Şirməmməd Hüseynovla bağlı məqalələrlə tanış olarkən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin yazdığı "4 qoşa saat və bötüv ömür" başlıqlı məqaləsinin digərlərindən əhəmiyyətli dərəcədə fərqləndiyinin şahidi oldum. Bu jurnalist ustalığıdır".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid hesab edir ki, mövzuya yanaşma orijinal və fərqli olmalıdır. Əgər bu amil əsas kriteriya kimi müəyyənləşərsə, o zaman jurnalist məqaləyə tam fərqli aspektdən yanaşacaq. Müsabiqənin eksperti Cahangir Məmmədlini ustad müəllim adlandıran R.Məcid onun jurnalistlərin peşəkarlığı, məqaləyə fərdi yanaşmaq zərurəti ilə bağlı səsləndirdiyi fikirlərlə tam razı olduğunu, hətta Mətbuat Şurasının iclasında həmin məsələləri özü də qaldırdığını bildirib. Onun sözlərinə görə, müsabiqəyə təqdim olunan şablon yazıların dəqiq müəyyənləşdirilməsi üçün bir məqaləni bir neçə, hətta 5 ekspert nəzərdən keçirməlidir: "Eyni zamanda, istiqamətlər təyin edərkən də, jurnalistin fərdi bacarıqlarının, yaradıcı potensialının üzə çıxarılması üçün mövzu əhatəliyinə diqqət yetirmək vacibdir. Nümunə üçün qeyd edim ki, əgər istiqamət kimi ailə və gender bərabərliyi götürülürsə, o zaman jurnalist fərqli metodlardan istifadə etməyə çətinlik çəkir. Məsələnin mahiyyəti və problemləri məlumdur. Ancaq əsas meyar kimi fərqli və orijinal yanaşma nəzərdə tutulmadığından jurnalist yazıya yaradıcı yanaşmağa üstünlük vermir".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə qeyd edib ki, jurnalistikanın üzdə olan problemlərindən biri informasiyanın götürüldüyü mənbəyə istinad olunmamasıdır. O, bildirib ki, müsabiqə boyu köçürmə hallarına da rast gəliblər: "Bu hərəkətə yol verən jurnalistlərin xətaları dərhal aşkar olunur. Əsas kriteriya kimi  mövzu üzrə ciddi araşdırma aparılması götürülür.

Qeyd edək ki, müsabiqədə "525-ci qəzet"in şöbə müdiri İlqar Tağıyev, xüsusi müxbiri Sevinc Mürvətqızı və digər əməkdaşı Samirə Quliyeva üçüncü yerə layiq görülüblər. Birinci yerin sahibləri isə KİVDF-nin 24 dekabra təyin etdiyi xüsusi mərasimdə mükafatlandırılacaq.

Ceyhun ABASOV

 





23.12.2014    çap et  çap et