"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı" hazırlanacaq. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Sərəncama əsasən Nazirlər Kabineti nəzərdə tutulan layihələr hazırlanarkən 2027-2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əhatə olunmasını, qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını təmin etməlidir.
Həmçinin Sərəncamda qeyd edilib ki, sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənib, şaxələnməsi dərinləşib, iqtisadi artım davamlı və inklüziv xarakter alıb, əhalinin rifah səviyyəsi yüksəlib və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşıb.
Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynayəb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib.
Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
Politoloq İlyas Hüseynov deyir ki, Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycan dövləti indiyədək bir sıra uğurlu addımlar atıb. Bu addımlar həm daxili siyasətə, həm də xarici siyasətə təsir göstərir. Daxili siyasət ərazilərin minadan təmizlənməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı, onların məşğulluğunun təmin olunması, bölgədə infrastrukturun təminatı, yaşayış binalarının tikintisi ilə müşahidə olunur: "Bizim üçün əsas məsələ keçmiş məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunmasıdır. Eyni zamanda Böyük Qayıdışın xarici siyasətə də təsiri mövcuddur. Çünki Cənubi Qafqazla maraqlanan ekspertlər, iqtisadçılar və diplomatlar görürlər ki, Azərbaycan sürətli şəkildə bölgənin yenidən qurulmasında iştirak edir. Həmçinin bölgənin sahibi kimi davranır".
Politoloqa görə, alternativ və bərpa olunan enerji müstəvisində bu bölgənin iqtisadi potensialının Azərbaycan iqtisadiyyatına transferi, bununla yanaşı, bölgənin inkişafı turizmin inkişafı baxımdan önəmlidir. Ona görə də burada bütün proseslər paralel icra olunmaqdadır. Eyni zamanda "Böyük Qayıdış" proqramı çərçivəsində mühüm istiqamətlər yaranır. Bölgəyə investisiya cəlb olunur.
Politoloq Elçin Abdullayev bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkənin siyasi gündəliyində xüsusi yer tutan bir mərhələyə qədəm qoydu ki, bu mərhələnin adı Böyük Qayıdışdır: "Böyük Qayıdış təkcə humanitar, yaxud da sosial-iqtisadi mərhələdən ibarət deyil. Burada həm də milli birliklə yanaşı, milli təhlükəsizlik məsələsi də önəmli rol oynayır. Azad edilmiş ərazilərimizdə böyük iqtisadi canlanma var. Bu canlanma şəhərlərarası iqtisadi tarazlığın bərpasına xidmət edir. Azərbaycan insanının əksər hissəsi özünün dolanışığını Bakı üzərindən və digər böyük şəhərlər üzərindən təmin etməyə çalışır. Artıq azad olunmuş ərazilərdə həyata keçirilən iqtisadi layihələr, infrastruktur layihələri insanların həm də işlə təmin olunmasına, onların ailələrini dolandırmasına xidmət edir. Bu, məsələnin iqtisadi tərəfidir. Amma milli kimlik və ədalətin bərpası baxımından da çox böyük önəm var. 30 ilə yaxın müddət ərzində öz doğma yurd-yuvalarından qovulmuş insanların yenidən öz doğulduqları torpaqlarına qayıtması tarixin ən böyük ədalətinin bərpasıdır. Qarabağ torpağında Böyük Qayıdış proqramı çərçivəsində infrastrukturların yenidən formalaşdırılması və orada mülki həyatın bərpası həm ölkə daxilində, həm də regional təhlükəsizlik baxımından da xüsusi önəm daşımalıdır. Nəticədə Böyük Qayıdış proqramı mənə görə, Azərbaycanın siyasi gündəliyində sadəcə sosial layihə deyil. Bütövlükdə Qarabağa dönüş prosesi həm də tarixi ədalətin və ölkədaxili, regional təhlükəsizliyin nişanəsi kimi qəbul olunmalıdır".
Politoloq Tofiq Abbasovun sözlərinə görə, Böyük Qayıdış proqramı bizim milli səviyyədə qəbul olunmuş fəaliyyət proqramımızdır. Əsas mahiyyəti ondan ibarətdir ki, insanlar doğma yurd-yuvalarına qayıtsınlar. Çünki müharibə ucbatından Azərbaycanın bir neçə yüz min əhalisi həm öz torpağından didərgin düşdü, həm də öz ölkəmizdə məcburi köçkün statusu qazandı. Odur ki, insanlar doğma yurd-yuvalarında olandan sonra məcburən miqrasiya etdikdə həmişə böyük sarsıntılar, sıxıntılar yaşayırlar. Onların da əsas məqsədi ondan ibarətdir ki, yurdlarına qayıtsınlar. Bu prosesdə dövlət, ilk növbədə Prezident İlham Əliyev onlara ali dəstəkçidir. Bu, bizim milli qeyrət işimizə çevrilib. Bir yandan işğalçıları torpaqlarımızdan rədd etdik. Digər tərəfdən isə soydaşlarımızın qayıdışı bizə vacib məsələyə çevrilib. Bu bölgələrin bərpası, yenidən qurulması, infrastrukturun yaradılması, hamısı insanların gözləntilərinə cavab verən proseslərdir. Prezident İlham Əliyevin bilavasitə nəzarəti ilə həyata keçirilir. Çünki yüksək standartlara cavab vermək lazımdır. "Ağıllı şəhər" və "Ağıllı kənd" prinsipini realizə etmək vacibdir. Digər tərəfdən artıq müasir dönəmdə gələcəyin çağırışlarına cavab verməyə çalışmaq lazımdır. Bu baxımdan ən mütərəqqi üsullarla və innovativ həll yolları ilə Azərbaycan Respublikasının yaradıcı qüvvələri işləri bərqərar edirlər. Digər tərəfdən də Şərqi Zəngəzurda da, Qarabağda elə vəziyyət formalaşıb ki, xarici qonaqlar da gələndə valeh olurlar. Beş il deyil ki, qəsbkar ölkəni ərazilərimizdən çıxarmışıq. Buna baxmayaraq, yeni şəhərlər, qəsəbələr sürətlə ayağa qalxır. Biz uzun müddət əsirlikdə olan torpağımızı həm azad etmişik, həm də onun təbii görünüşünü ona qaytarırıq: "Bu o deməkdir ki, insanların yaşayış tərzi yaxşılaşacaq, yaşayış keyfiyyəti yüksələcək, iş yerləri açılmalıdır və açılır. Çünki şəhərləri tikmək hələ az məsələdir, gərək orada sosial zəmində olan mexanizmlər işə düşsün. İnsanlar işləməlidir ki, özlərini dolandıra bilsinlər. Uşaqlarını məktəbə, bağçaya göndərməlidirlər. Dövlət obyektləri, mədəni obyektlər, muzeylər yaradıcılıq studiyaları gərək öz yerlərini tutsun. İlk növbədə bizim üçün ən vacib olan insanları işlə təmin etməkdir. Görürük ki, Prezident İlham Əliyev Qarabağa, Şərqi Zəngəzura səfər etdikdə həmişə yeni obyektlərin təməlqoyma mərasimlərində iştirak edir. Özü bilavasitə bu proseslərə nəzarət edir. 2020-2021-ci ildən bəri tikilən obyektlərin istifadəyə verilməsinin şahidi oluruq. Bu həm simvolik göstəricidir, həm də gözləntilərimizə uyğundur. Çünki Prezident bizim həm hərbi qələbəmizin memarıdır, həm də əmək cəbhəsində əldə etdiyimiz bütün uğurların təminatçısıdır. Odur ki, bu proseslərdən yalnız məmnunuq. Həm bizi fərəhləndirir, həm də dünya qarşısında sözümüzü deyirik. Bir tərəfdən hərbi qələbə əldə etdik, digər tərəfdən də düşməni yerlə-yeksan etdik. O torpaqlara yenidən həyat gətiririk. Çiçəklənmiş şəhər, qəsəbələrimiz var idi, insanlar yaşayıb-yaratmışdılar. Torpaqlarımızı azad edəndə salamat bina yox idi. İndi biz fərəh hissi ilə yenidən qurulan şəhər, qəsəbələrimizin göz oxşayan görkəmini görürük. Bu, həm sevinc mənbəyidir, həm də fəaliyyətimizi yeni səviyyədə həyata keçirməyimiz üçün çağırışdır".
Sevinc QARAYEVA