525.Az

Bakıda məşhur mərakeşli pianoçu konsert proqramı ilə çıxış edib


 

Bakıda məşhur mərakeşli pianoçu konsert proqramı ilə çıxış edib<b style="color:red"></b>

Bakıda Beynəlxalq Muğam Mərkəzində məşhur mərakeşli pianoçu Mahmud əl-Musauinin konserti keçirilib.

525.az xəbər verir ki, Mərakeşin Azərbaycandakı səfirliyinin təşkil etdiyi konsert proqramı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Gününə həsr edilib.

Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş çıxışında deyib ki, ölkəsi Kral VI Məhəmmədin rəhbərliyi altında, uzun müddətdir ki, birgəyaşayış, açıqlıq və mədəniyyətlərarası dialoq kimi dəyərləri özünün əsas prinsipləri olaraq qəbul edib. Əlahəzrət Kral sivilizasiyalararası dialoqu və mədəni-dini müxtəlifliyə hörməti Mərakeşin xarici siyasətinin və milli kimliyinin mərkəzinə yerləşdirib. Diplomatiya, təhsil və incəsənət vasitəsilə Mərakeş öz missiyasını – Afrika, Avropa və Ərəb dünyasının sülh və qarşılıqlı anlaşma şəraitində qovuşduğu bir körpü olmağı uğurla davam etdirir.

Diplomat bildirib ki, bu konsert məhz həmin ruhun təcəssümüdür: “Musiqi proqramının müxtəlifliyi – klassik ənənələrdən tutmuş müasir ifadə formalarına qədər – sözsüz, lakin emosiyalarla, yaradıcılıqla və dərin mənalarla zəngin bir dialoqun canlı nümunəsidir. Bu tədbirin gerçəkləşməsinə töhfə verən tərəfdaşlarımıza dərin minnətdarlığımı ifadə etmək istərdim. Xüsusi təşəkkürümü bizi qonaq edən Beynəlxalq Muğam Mərkəzinə, xüsusilə Mərkəzin direktoru Sahib Paşazadəyə və onun peşəkar, fədakar komandasına çatdırıram”.

Səfir əlavə edib ki, Mərakeşin Kenitra şəhərində doğulan Mahmud doqquz yaşından etibarən piano ifa etməyə başlayıb, o vaxtdan bəri özünü müstəsna bir istedad kimi təsdiqləyib. O, Şahzadə Lalla Meryem adına Beynəlxalq Piano Müsabiqəsində birinci mükafat da daxil olmaqla, bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

Mahmud bu günə qədər Mərakeşdə, Avropada və Yaxın Şərqdə bir çox səhnələrdə çıxış edərək, həm zəngin, həm də incəliklə seçilən müxtəlif bir repertuar təqdim edib. Eyni zamanda, Balıqçılıq və Akvakultura üzrə Dövlət Mühəndisi və Strasburq Biznes Məktəbinin məzunudur.

Daha sonra tanınmış pianoçu Mahmud əl- Musaui səhnəyə çıxıb.

Skarlattidən Benabdeljalilə qədər uzanan proqram çərçivəsində klassik musiqiyə həvəs göstərən azərbaycanlı və xarici tamaşaçılar XVII–XXI əsrləri əhatə edən klassik musiqi irsinin, o cümlədən azərbaycanlı və mərakeşli bəstəkarların məşhur əsərlərini yenidən və ya ilk dəfə kəşf etmək imkanı qazandılar.

Bu musiqi gecəsi, eyni zamanda, sivilizasiyalararası dialoqun təşəkkülündə mühüm rol oynamış, bu sahədə kral təşəbbüsləri və zəngin tarixi ilə seçilən Mərakeş Krallığının mövqeyini bir daha ön plana çıxarmağa xidmət etdi.

Unikal Mərakeş kimliyinin beşiyi olan bu ölkə, əsrlər boyu Amazix, Finikiya, Roma, Afrika, Şərq, Aralıq dənizi və Avropa sivilizasiyalarının qovuşma nöqtəsi olaraq mədəniyyətlərarası sinergiya və qarışıqlığın bənzərsiz modelini formalaşdırıb.

Bakı şəhərinin 2025-ci il mədəni gündəmini zənginləşdirən bu konsert Mərakeş irsinin bütün formalarının tanıdılmasına töhfə verir, eyni zamanda Mərakeş Krallığı ilə Azərbaycan arasında mədəni mübadilələrin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Tədbirdə Azərbaycan rəsmiləri, Milli Məclisin üzvləri, diplomatik korpusun nümayəndələri, eləcə də mədəniyyət və media təmsilçiləri iştirak ediblər.

Pərvanə Sultanova

 

 





12.06.2025    çap et  çap et