Universitetlərin “Yaşıl universitet” modelinə transformasiyası bu gün əsas prioritetlərdən biridir. Azərbaycan Dövlət İqtisad Universiteti bütün dünya universitetləri üçün “Yaşıl universitet” modelinə keçidlə bağlı vahid metodologiyanın hazırlanması təşəbbüsünü irəli sürüb.
525.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.
“Bu yaxınlarda Çində olduğumuz zaman bu sahədə tanınmış təşkilatlardan birini ziyarət etdik və orada təklif irəli sürdük ki, bütün dünya universitetləri üçün “Yaşıl Universitet” modelinə keçidlə bağlı vahid metodologiya hazırlayaq”, - deyə rektor qeyd edib.
Ədalət Muradovun sözlərinə görə, bu təşəbbüslə bağlı “Grimmetrics” reytinq agentliyinin rəhbəri ilə də müzakirələr aparılıb və təşəbbüs müsbət qarşılanıb.
Rektor əlavə edib ki, bu istiqamətdə qlobal yanaşmaya ciddi ehtiyac var.
Sevinc Qarayeva