525.Az

"Sisyan - qovğalarda qovrulan torpaq" kitabı çap olunub


 

SİSYANIN QƏDİM ALBAN-TÜRK MƏSKƏNİ OLMASI FAKTI ERMƏNİLƏRİN DİLİ İLƏ TƏQDİM OLUNUR

"Sisyan - qovğalarda qovrulan torpaq" kitabı çap olunub<b style="color:red"></b>

Jurnalıst Vaqif Bayramovun "Sisyan - qovğalarda qovrulan torpaq" kitabı işqı üzü görüb. Kitaba müəllifin doğma yurdu - Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Sisyan rayonu və onun ən iri yaşayış məntəqələrindən biri olan Ağudi kəndi haqqında elmi-publisistik məqalələri, bədii fəlsəfi düşüncələri, eləcə də ayrı-ayrı nəşrlər haqqında qeydləri öz əksini tapıb. Müəllifin böyüyüb başa çatdığı doğma rayonu - ata ocağı haqqında olan bu kitab, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, tarixi faktların qorunub saxlanılması üçün əvəzsiz mənbə hesab olunur.

Kitabın redaktoru Etibar Etibarlı qeyd edib ki, 1988-ci ildə azərbaycanlıların doğma yurdlarından - Qərbi Azərbaycan torpaqlarından növbəti deportasiyası başlayandan bir çox bədii əsərləri, məqalələri, publisistik yazıları vərəqləsə də, ona çox təsir edən V.Bayramovun bundan əvvəlki iki kitabı olub: "Vaqifin "Bilməz idim ayrılıq var", "Yurd ağrısı" əsərlərini oxuyanda göyüm-göyüm göynəmişəm. Elə bilmişəm ki, mən də o kənddən - Ağudidənəm, mənim də yüzillik yurd-yuvam talan olub, dağılıb. Vaqifin yurd-yuva ilə bağlı yazdıqları sadəcə ağı deyil, sanki bir dərd, kədər simfoniyasıdır".

Onun sözlərinə görə, "Sisyan - qovğalarda qovrulan torpaq" kitabının əlyazmasını nəzərdən keçirəndə də o duyğuları yenidən yaşayıb: "Bir daha əmin oldum ki, talan olan, dağıdılan Ağudi hələ ölməyib, o kənd hələ də yaşayır".

Kitabdakı "Sisyan - qovğalarda qovrulan torpaq", "Ağudi - ... kimlər gəldi, kimlər getdi", "Qətliam", "Sağalmaz xəstəlik - erməni riyakarlığı", "Yurd ağrısı" başlıqlı yazıları oxuduqca türkün keçdiyi uzun bir yolun xəyali yolçusuna çevrilirsən, türk torpaqlarının - Zəngəzurun, Sisyanın odda-alovda necə alışıb yandığını təsəvvür edirsən.

Bu kitabda talelərində ailə qaçqınlığı, dədə-baba didərginliyi yaşanan, yurd, torpaq nisgili ömür sürən, əsli-köklü Zəngəzurun Sisyan bölgəsindən olan yazıçı və şairlərdən söhbət açılıb. Qeyd edək ki, Əyyub Abasov, Şamil Fərzəliyev, Məmməd Araz, Musa Urud və digər yaradıcı şəxslərin milli-mənəvi kökə bağlılıq, torpaq müqəddəsliyi, zaman, həyat barədə yaşantıları və düşüncələri müxtəlif başlıqlar altında kitabda ifadə olunub.

Müəllif kitabda Zəngəzurun ən qədim dövrünə diqqət çəkib, hadisələri tarixi mənbələr, məxəzlər əsasında gözdən keçirib, yeri gələndə isə baş vermiş hadisələrə özünəməxsus, orijinal münasibət bildirib. Eyni zamanda, kitabda "Kitabi-Dədə Qorqud"un Sisyanla bağlılığı da xatırladılıb.

Tarixi həqiqətlərin əks olunduğu, erməni yalanlarının növbəti dəfə ifşa olunduğu kitabda müəllif Qafqaz Albaniyası və Azərbaycanın eyni dil, etnik, antropoloji, milli mənşəyə bağlılığı, hayların isə Anadoluya və Cənubi Qafqaza miqrasiyası, Qafqaz albanları ilə hayların fərqli xalqlar olmaları, alban kilsələrinin ermənilər tərəfindən işğalı, özününküləşdirilməsi, tarixi ərazilərimizdə erməni dövlətinin çar Rusiyası tərəfindən süni yolla yaradılması və başqa məsələlər kitabda müxtəlif mənbələr əsasında nəzərdən keçirilib. Maraqlı məqamlardan biri də odur ki, V.Bayramov Sisyanın qədim alban-türk məskəni olması faktını bəzi hallarda elə ermənilərin öz dili ilə, onların apardıqları arxeoloji araşdırmalarla diqqətə çatdırıb.

Qeyd edək ki, 1987-ci ildən Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndində anadan olan V.Bayramov Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Filologiya fakültəsini bitirəndən sonra mətbuat sahəsində fəaliyyət göstərməyə başlayıb. "İnşaatçı", "Həyat" və "Respublika" qəzetlərində çalışan V.Bayramov hal-hazırda "Xalq" qəzetində jurnalist fəaliyyətini davam etdirir. Yazıçı-publisist kimi yaradıcı fəaliyyətini də davam etdirən müəllif oxucularının görüşünə buna qədər qələmə aldığı "Bilməz idim ayrılıq var" və "Yurd ağrısı" kitabları ilə gəlib.

V.Bayramovun növbəti qələm məhsulu olan "Sisyan - qovğalarda qovrulan torpaq" kitabı 6 bölmədən - "Dönərgəsi dönən Vətən", "Bu dərdi kim çəkər?!", "Bu kədəri kim yaşayıb sonacan?!", "Müsahibə", "Məktub", "Mənim taleyimə yazılan yazı" və müxtəlif başlıqlı məqalələrdən ibarət toplu halındadır.

Ceyhun ABASOV

 





23.12.2014    çap et  çap et