Türkdilli Dövlətlərin Parlament Assambleyası çox mühüm siyasi strukturdur. Qazaxıstan bu təşkilatı tam dəstəkləyir.
525.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələrin parlament sədrləri ilə görüşdə deyib.
“Mən on il Senatın sədri işləmişəm, parlamentlərarası əlaqələrin inkişafında fəal iştirak etmişəm və ümumiyyətlə, qanunvericilik orqanlarının fəaliyyətini yaxşı bilirəm. Parlament Assambleyasının birgə səyləri sayəsində türk həmrəyliyi ildən-ilə daha da güclənir. Bu, çox müsbət tendensiyadır, bütün türk dünyasının beynəlxalq nüfuzunun və təsirinin artmasına gətirib çıxarır. Ən əsası isə ölkələrimizi ümumi yaxınlaşma istəyi birləşdirir. Qazaxıstan türk xalqları arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır”, - Kasım-Jomart Tokayev bildirib.
Prezident bəyan edib ki, ölkə Parlament Assambleyasının təşəbbüslərini dəstəkləyir və türk inteqrasiyasına töhfə verməyə hazırdır: “Qazaxıstan Türk Dövlətləri Təşkilatının təsisçilərindən biridir. Hesab edirik ki, bu struktur ölkələrimizin iqtisadi, mədəni və humanitar inkişafına xüsusi təsir göstərir. Fikrimizcə, onun potensialından xalqlarımızın ümumi məqsədlərinə nail olmaq naminə istifadə edilməlidir. Ötən il Qazaxıstan Türk Dövlətləri Təşkilatına sədrlik edib. “TURKTIME” devizi altında bir sıra mühüm layihələr həyata keçirdik.
Türk inteqrasiyasının dərinləşməsinə təkan verən 100-ə yaxın tədbir təşkil olunub. Astanada dünyanı Böyük Çöl sivilizasiyası ilə tanış edən V Ümumdünya Köçəri Oyunları keçirilib.Türk əlifbasının vahid variantının təsdiqini tarixi hadisə adlandırmaq olar”.
O, Türk Dövlətləri Təşkilatına Daimi nümayəndələrin təyin edilməsi haqqında qərarın qəbul edildiyini, ticarət-iqtisadiyyat, enerji, maliyyə və investisiya sahələrində əlaqələrin genişləndirildiyini xatırladıb.
Əlavə edib ki, Türk İnvestisiya Fondu səmərəli fəaliyyət göstərir. Bütün bu mühüm addımlar türk inteqrasiyasını gücləndirəcək: “Biz Türk Dövlətləri Təşkilatının sammitlərinin nəticələrini yüksək qiymətləndirir və əldə olunmuş razılaşmaların yüksək keyfiyyətlə həyata keçirilməsinə böyük diqqət yetiririk. Bu yaxınlarda dövlət başçılarının Macarıstanda qeyri-rəsmi görüşü məhsuldar keçdi. Qazaxıstan bu müsbət tendensiyanın davam etdirilməsində daim maraqlıdır. Bununla əlaqədar mən növbəti Zirvə toplantısının müqəddəs Türküstanda keçirilməsini təklif etdim”.
Pərvanə Sultanova